Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:20

Brayzanın Azərbaycana səfir olması yenə gecikəcək


Mübariz Əhmədoğlu
Mübariz Əhmədoğlu
Sentyabrın 21-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Metyu Brayzanın Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini təsdiq edib. Diplomatın Bakıda səfir kimi fəaliyyətə başlaması üçün qalır Senatın qərarı.

Amma komitənin iclasında senatorlar Barbara Bokser və Robert Menendez bu işin əleyhinə çıxıblar.

Brayzanın Bakıda səfir olmasını istəməyənlər onun Azərbaycan və Türkiyə ilə yaxın olduğunu iddia edib bundan əndişələndiklərini bildiriblər.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu hesab edir ki, Brayzanın Azərbaycanda səfir olması artıq komitədən keçib. Onun sözlərinə görə, bəzi senatorlarun buna mane olmaq cəhdləri nəticə verməyəcək.

M.Əhmədoğlunun fikrincə, indi Birləşmiş Ştatlar artıq təkcə orada yaşayan erməni azlığının yox, bütövlükdə amerikalıların dövləti olduğunu göstərməlidir:

ABŞ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ İRƏLİYƏ DOĞRU GEDƏCƏK

“Mənim belə bir əminliyim var ki, ABŞ-Azərbaycan münasibətləri irəliyə doğru gedəcək. Artıq Azərbaycan ABŞ-la (və digər dövlətlərlə) münasibətdə özünü kifayət qədər ciddi tərəfdaş kimi göstərib və üzərinə götürdüyü bütün öhdəlikləri, razılaşdırdığı bütün məsələləri həmişə yerinə yetirib. O baxımdan mən elə başa düşürəm ki, indiki dövrdə - həm Mərkəzi Asiyada, həm də Qafqazda gedən proseslərin fonunda ABŞ çalışacaq ki, Azərbaycana xüsusi önəm versin”.

Erməni Milli Komitəsi xəbər verir ki, Komitənin həmin qərarından dərhal sonra senator Bokser öz veto hüququndan istifadə edərək Brayzanın namizədliyinin Senata çıxarılmasını dayandırıb. Mübariz Əhmədoğlu deyir ki, bu vetonun prosesə təsir etmək imkanı var. Amma o əmindir ki, Dövlət Departamenti Bokseri öz inadından döndərəcək.

Mübariz Əhmədoğlu ABŞ və Azərbaycan prezidentlərinin sentyabrın 24-nə nəzərdə tutulan görüşünü Barayzanın məsələsindən çox-çox önəmli sayır. O hesab edir ki, prezidentlərin görüşü qat-qat mühüm məsələdir. Çünki bu görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik və enerji məsələləri müzakirə ediləcək. O bura xüsusi ilə də Dağlıq Qarabağ problemini daxil edir.

KOMİTƏNİN RƏYİ MÜSBƏTDİRSƏ, ONLARIN VETO HÜQUQU ƏHƏMİYYƏTSİZDİR


Rasim Musabəyov
Politoloq Rasim Musabəyov isə düşünür ki, senatorların müzakirəni uzatmaq imkanı var idi. Onun fikrincə, daxili ənənəyə görə, adətən kimsə nəyinsə özü üçün aydın olmadığını deyib məsələnin təxirə salınmasını istəyə bilir. Ancaq məsələ səsvermə səviyyəsinə gəlibsə və komitənin rəyi müsbətdirsə, onların veto hüququ əhəmiyyətsizdir:

“Bu, daha çox komitənin sədri və palatanın rəhbərliyindən asılı olan məsələdir. Yəni, palatanın rəhbərliyi istəsə məsələni təxirə də sala bilər, səsverməyə də çıxarda bilər. Ancaq palataya da Senatda sədrlik edən vitse-prezidentdir. Brayzanın namizədliyi isə prezidentin göndərdiyi təklifdir”.

Rasim Musabəyov deyir ki, Azərbaycan kimdənsə himayə, yardım tələb edən dövlət deyil. O Ermənistan və Gürcüstandan fərqli olaraq geniş imkanlara malikdir. Politoloqun fikrincə, bu kontekstdə Azərbaycan-ABŞ münasibətləri qurularsa, onun yaxşı perspektivləri olar. Onun sözlərinə görə, bunu artıq ABŞ-ın analitikləri də etiraf edirlər.

SƏFİRİN TƏYİNATI MƏSƏLƏSİNİN BİR İLDƏN ARTIQ UZANMASINDA CİDDI SİYASİ MAHİYYƏT VAR İDİ


«Turan» İnformasiya Agentliyinin şərhçisi Zəfər Quliyev isə Senatın Xarici Əlaqələr Komitəsində Metyu Brayzanın namizədliyinin müsbət həll olunmasının məhz prezidentlərin görüşü ərəfəsində baş verməsini təsadüfi saymır. Onun fikrincə, bu bir daha onu göstərir ki, səfirin təyinatı məsələsinin bir ildən artıq uzanmasında ciddi siyasi mahiyyət var idi. ABŞ bu məsələdən Azərbaycana siyasi təzyiq vasitəsi kimi istifadə edirdi.

Zəfər Quliyev düşünür ki, son aylar ABŞ-ın müdafiə naziri və dövlət katibinin Bakıya səfərlərindən sonra münasibətlərdə pozitiv dinamika müşahidə olunmağa başladı. Bunun nəticəsi kimi də ilk dəfə olaraq prezidentlər səviyyəsində görüş baş tutmalıdır:

“Faktiki olaraq bu görüş ərəfəsində Brayzanın məsələsinin Senatın Xarici Əlaqələr Komitəsində müsbət həll olunması Vaşinqton tərəfindən Azərbaycana qarşı xoşməramlı bir addımdır. Bunun nəticəsində Azərbaycandan hansı addımlar gözlənilir və növbəti gedişlər nədən ibarət olacaq, bunu hadisələrin inkişafı göstərəcək. Lakin hər halda bu bir il müddətində münasibətlərdə olan gərginlik bitməlidir”.

Zəfər Quliyev düşünür ki, Azərbaycanın Milli Məclisi kimi Senatda hər şeyi yüz faiz səslə həll etmək olmasa da hər halda Ağ Ev Brayzanın nəmizədliyini təsdiqlədə biləcək. Vəziyyətin indiyədək belə qalması isə görünür hamını qane edirmiş.

ƏFQANISTANA TRANZİT MƏSƏLƏSİ

Zəfər Quliyev
Zəfər Quliyev deyir ki, əgər məsələ həqiqətən də Brayzanın kimliyinə bağlı olsaydı, Obama çoxdan onun yerinə başqasının namizədliyini verərdi.

Rasim Musabəyova görə isə ABŞ-ın Azərbaycanla danışıqlarının mərkəzində ilk növbədə operativ həllini gözləyən Əfqanıstana tranzit məsələsi dayanır. Çünki hiss olunur ki, ABŞ-ın ağır yüklərin daşınmasını təmin etmək üçün Azərbaycan ərazisindən istifadəyə ciddi ehtiyacı var. Amma bununla belə, görüşdə İran, Avroatlantik məkana inteqrasiya, demokratiya, insan haqları və digər məsələlərdən də danışılacaq.

Metyu Brayza bu yaxınlaradək Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı, Qarabağ danışıqlarında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri vəzifəsində çalışıb. Ermənistan tərəfi onun Azərbaycana münasibətdə loyal olmadığını iddia edir.
XS
SM
MD
LG