Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:35

Neftçinin bayramına necə soğan doğrandı


Neftin cəfasını çəkənlər neftçilər, səfasını görənlərsə bir qrupdur
Neftin cəfasını çəkənlər neftçilər, səfasını görənlərsə bir qrupdur
Dövlət Neft Şirkəti Neftçilər Günündə Namiq Kərimovu sevindirmək istəyib. Onun və ailəsinin canını kirayələrdən qurtarmağa çalışıb. Hələ ki, təxminən 5 min neftçi kimi mənzil gözləyən, maaşının 150 manatını kirayələrə verən Namiq Kərimova yataqxanada yer ayırıb. Amma bu xəbərə əməllicə sevinən Namiq Kərimov mənzilbaşına çatanda kefinə soğan doğranıb.

ARDNŞ rəhbəri Rövnəq Abdullayevə müraciətindən sonra dörd nəfərlik ailəsinə vur-tut 10 kvadratmetrlik bir otaq ayrılıb. Hə səhv oxumadız. 10 kvadratmetrlik bir otaq. Özünün dediyi kimi, iki siçan toqquşanda biri ocağa düşəcək qədər balaca bir otaq…

10 KVADRATMETRƏ 4 NƏFƏR…

- Mənə Sahil qəsəbəsində neftçilər yataqxanasında yer təklif ediblər. 10 kvadratmetr! Sizcə, on kvadrat yerdə neyləyəsən. Bu gün neftçilərin bayram günündə heç əhval-ruhiyyə də yaxşı olmadı. 10 kvadratmetr yerdə dörd nəfər necə yaşasın?...Elə yer təklif ediblər ki, qalmaqdan qalmamaq məsləhətdir.

- Yəni ora getməyəcəksiz?

- Mən olmayım başqası olsun. Necə getsin? Həm də təsəvvür edin ki, bir blokda 5 ailə yaşayır. Hər ailədə də heç olmasa 3-4 nəfər. Mətbəx, tualet, hamam da ümumi. Təsəvvür elə ki, iyirmi nəfərə bir tualet, bir hamam, bir mətbəx. Elə yerə də getməkdənsə getməmək daha yaxşı. 10 kvadratmetr yerdə də dörd nəfər
Bakı, 20-ci əsrin əvvəli
necə yerləşsin?

Namiq Kərimov deyir ki, əlacsızlıqdan ailəsini Neftçalaya anasının yanına göndərib. Böyük qızı da orda məktəbə gedir:

- Böyük qızım üçüncü sinfə gedir. Kiçiyin də 4-5 yaşı var. Bir otaqda normal ailə necə yaşasın? Uşaqlar da böyüyür. Gərək hamı bir-birinin üstünə yıxılıb yatsın. Özüm ev nöbəsindəyəm, 5 min neçənci adamam. Ev də Allah bilir nə vaxt verilər, necə verilər?

Namiq Kərimov keçmiş döyüşçüdür, Qarabağ müharibəsi veteranıdır, qardaşını isə döyüşlərdə itirib.

Özü 12 ildən çoxdur neft sahəsində işləyir. Neftqaz Trestinin 5 saylı təmir tikinti idarəsində quraşdırıcıdır. Ayda təxminən 400-450 manat maaş alır.

Amma bu pulla həm ayda 150 manat kirayə haqqı verməlidir, həm öz ailəsinin ehtiyaclarını ödəməli, hələ imkan tapanda tənha anasına və qardaşının ailəsinə də kömək etməlidir. Amma bu pulla bunu necə edəsən? Odur ki, istirahət günlərində əlavə iş götürür.

NEFTÇİNİN ƏLAVƏ İŞ CƏDVƏLİ

«Evlərdə santexnika işiylə, təmirlə məşğul oluram. O da olmasa lap çətin olar. O maaşla ancaq bu aydan o aya güclə çatdırırsan…».

Mirvari Qəhrəmanlı
Neftçilər Günündə ARDNŞ-də olan Namiq Kərimova deyilib ki, otaqdan imtina etsə, bir il onun şikayətinə baxılmayacaq. Odur ki, Neftçilər Günündə bayram ovqatından uzaq, götür-qoy etməkdədir…

«NEFTİN CƏFASINI ÇƏKƏN NEFTÇİ, SƏFASINI ÇƏKƏN BİR QRUPDUR»

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə deyir ki, bu ölkədə neftin cəfasını çəkənlər neftçilər, səfasını görənlərsə bir qrupdur. Amma onun qənaətincə, çoxlarına baxanda Namiq Kərimovun vəziyyəti toya getməlidir. Odur ki, neftçilər bayram gününü elə də həvəslə gözləmirlər:

- Neftçilər Günü deyəndə gözümün qarşısına işdən kütləvi qovulmuş təqaüdçülər, qanunsuz əmək müqaviləsi bağlanmış işçilər, ağır iş şəraitində ya şikəst olan, ya xəsarət alan, ya da ölənlər gəlir. İndi baxın görün kimin bayramıdır.

Sentyabrın 20-i Azərbaycanda Neftçilər Günü qeyd olunur. 16 il əvvəl bu gün Xəzərin neft ehtiyatlarının - Azəri-Çiraq-Günəşli yatağının istismarı məqsədilə xarici şirkətlərlə «Əsrin müqaviləsi» imzalanıb.

Prezident İlham Əliyev peşə bayramı ərəfəsində bir qrup neftçini orden-medalla təltif edib, altı nəfərəsə fərdi təqaüd ayırıb

ARDNŞ rəhbəri Rövnəq Abdullyaevsə neftçilərə təbrik məktubunda deyir ki, İlham Əliyev daim neftçilərin əməyini yüksək qiymətləndirir, hər il 20 sentyabr ərəfəsində neçə-neçə qabaqcıl neftçini yüksək dövlət mükafatları ilə təltif edir:

«Bu, ARDNŞ-in kollektivi üçün həm böyük şərəf, həm də ciddi məsuliyyətdir».

Ancaq bayram günü təltif edilənlər arasında Namiq Kərimovun adı yoxdur. Ev növbəsi siyahısında 5 min neçənci olan Namiq Kərimovun isə bircə arzusu var. Bayramı ailəsi ilə birgə öz evində keçirmək…
XS
SM
MD
LG