Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:41

Bakı necə paytaxt oldu?


Rejissor Sain Qəhrəmanoğlu, baş redaktor Sədi Məmmədov və ssenarist Ramin Vəkilov
Rejissor Sain Qəhrəmanoğlu, baş redaktor Sədi Məmmədov və ssenarist Ramin Vəkilov
«Mən istəyirəm ki, bütün azərbaycanlılar 15 Sentyabrı 28 May qədər sevsinlər və əziz tutsunlar».

AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan Oskar Film Şirkətinin baş redaktoru Sədi Məmmədov belə deyib.

Bu şirkət Qafqaz İslam Ordusunun Bakını azad, həm də paytaxt etməsi ilə bağlı «Qəzan mübarək, paşam!» adlı yeni film çəkib.

DÖYÜŞÜ BİR QƏHRƏMAN UDMADI?!

Sədi Məmmədovun sözlərinə görə, Qafqaz İslam Ordusunun Bakıya gəlişi ilə bağlı çoxlu araşdırmalar, kitablar, filmlər var. Amma heç kim bu ordunun Bakıya daxil olması ilə bağlı fundamental film çəkmək niyyətində olmayıb:

«Biz həmişə Bakının azad olunmasını bir qəhrəmanın adı ilə bağlamışıq. Əlbəttə, mənim Nuru Paşanın qəhrəmanlığına, sərkərdəliyinə, tariximizdəki roluna kölgə salmaq niyyətim yoxdur. Bizim filmdə o xüsusi qeyd olunub. Amma bu qələbə həm də Qafqaz İslam Ordusunun gücü idi. Osmanlı ordusunun burda təmsil olunan hissələrinin, yerli könüllülərin, əlahiddə müsəlman korpusunun döyüşçülərinin əməyi idi».

QAFQAZ İSLAM ORDUSU OLMASAYDI...


O illərdə Bakı əhalisinin yalnız 30 faizinin müsəlman olduğunu diqqətə çatdıran müsahibimiz belə bir durumda Qafqaz İslam Ordusunun Bakıya daxil olmasının, onu azad etməsinin nə qədər çətin olduğunu da vurğuladı:

«Biz müstəqil Azərbaycan Respublikasının vətəndaşı ola bilməzdik. Əgər bu ordu, Nuru Paşa, Əlağa Şıxlinski və başqaları olmasaydı...Bu mənada 15 Sentyabr bizə çox əzizdir. Biz bu əhvalı filmə gətirməyə çalışdıq».

«QƏZAN MÜBARƏK, PAŞAM!» FİLMİNİN FƏRQLİLİYİ NƏDƏDİR?

Filmin indiyə qədər tarix kitablarında oxuduqlarımızdan fərqli olduğunu iddia edən Sədi Məmmədov bu üzdən anlaşılmazlıqla qarşılandıqlarını dedi:

«Heç kim Azərbaycan tarixçilərinin - indiyə qədər sevə-sevə oxuduğumuz Cəmil Həsənlinin, Nasiman Yaqublunun, Anar İskəndərlinin münasibətindən fərqli film görmək istəmir. Mütləq orijinal yanaşmaya ehtiyac vardı. Onda Bakı ilə, onun azad olunmasıyla bağlı çətinliklər aydınlığa çıxacaqdı».

Osmanlı ordusu Bakıda, 1918
Qonağımız indiyə qədər bu yolda can verənlərin sayının da dəqiq bilinmədiyini dedi: «Bu ordu mayın 25-dən sentyabrın 15-nə qədər minlərlə şəhid verib. Təkcə Bakının alınmasında 1300 türk əsgəri şəhid olub».

Sədi Məmmədov bizdə indiyə qədər filmlərin sıralama üsulu ilə çəkildiyini söylədi:

«Burda isə əsas iş hərbi arxivlərin araşdırılmasıdır. Azərbaycan Hərb Tarixi kitabının müəlliflərindən biri olan Yusif Ağayev filmin məsləhətçilərindən biridir».

Müsahibimiz filmdə ilk dəfə Sankt-Peterburq arxivindən götürülmüş kadrların nümayiş olunduğunu da söylədi. Və belə ilklərin filmdə bolluğunu vurğuladı.

BU TARİX YETƏRİNCƏ ÖYRƏNİLMƏYİB!

Filmin ssenari müəllifi Ramin Vəkilov zaman-zaman mövsümü söhbətlər, kitablar, araşdırmalar olsa da, bu ordunun gəlişinin hələ də yetərincə öyrənilmədiyinə diqqəti çəkdi:

«Məsələn, «Vəhşi diviziya» ilə bağlı boşluqlar var. Biz çox çətinlik çəkdik. Onların sonrakı taleyi ilə maraqlandıq. İnsanların yaddaşında xeyli epizodlar qalıb. Xatırlayırlar ki, bu ordu hansısa bir kənddə qan davasını aradan qaldırıb və s. Bunlar öyrənilməlidir».

AĞIR BİR YÜKÜN ALTINA GİRDİK...


Filmin rejissorlarından biri Sain Qəhrəmanoğlu bu dövrdə baş verən olayları bir filmə yerləşdirməyin çox çətin olduğunu dedi:

«Müzakirələr vaxtı ağır bir yükün altına girdiyimiz bəlli oldu. Anladıq ki, bu dövrdə bir çox olaylar olub ki, hərəsi bir filmə mövzu ola bilər».

- Film hansı bölgələrdə çəkildi.?
- Nuru Paşanın obrazını kim canlandırdı?
- Hansı çətinliklər yaşandı?
- Bu dövrlə bağlı arxiv materialları hansı ölkədədir?
- Doğrudanmı Bakıya gələn ingilis ordusu komandanlığının operatoru olub?
- Doğrudanmı Nuru Paşanın Azərbaycan mətbuatında, İnternet məkanında yayılan şəkillərinin çoxu özünə aid deyil?
- Qonaqlarımız 15 Sentyabrın gerçəkləşdirilməsində böyük rolu olan Nağı bəy Şeyxzamanlıdan nələr danışdılar?
- Bakıya hücum niyə əsas yoldan - Qurd Qapısından gerçəkləşdi? Bunu Nuru Paşaya kim təklif etdi?
- «Türklər mümkün olmayanı elədilər!» - fikrini hansı ingilis generalı səsləndirdi?
- Qonaqlarımız ərazisində bu qədər ordu, sursat olan şəhəri əslində hansı dəyərlərin xilas etdiyini, azad etdiyini söylədilər?
- Nuru Paşanın Bakının alınmasıyla bağlı əsgərlərə məşhur müraciətini filmdə kim səsləndirib?

Bax, bütün bunları «Can Bakı»nı dinləməklə öyrənə biləcəksiniz.

XS
SM
MD
LG