Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:19

Gənclər seçkiyə necə gedir?


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
«Hakim partiyanın namizədləri açıqlandıqdan sonra bizim bloka bir neçə gənc də qoşulacaq».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında bitərəf gənclərdən ibarət «Gənc Azərbaycan» seçki blokunun təsisçisi Bəxtiyar Hacıyev deyib. Onun sözlərinə görə, həmin şəxslər müəyyən səbəblərdən özlərini seçkiyə tam hazır hesab etmirlər və əgər hakim partiyadan çox güclü rəqib olacağı təqdirdə onlar bizə qoşulmayacaqlar.

İSTƏNİLƏN RƏQİBƏ HAZIRIQ

«Əgər hakim partiya yaxın günlərdə öz namizədlərini açıqlasa onlara uyğun olaraq seçki blokuna bir neçə gənc də qoşula bilər. Hazırda bəzi dairələrdə namizədliklərini açıqlayan şəxslər özümüzə inanırıq. Yəni özümüzü istənilən rəqib qarşısına çıxmağa hazır hesab edirik. Amma həmin şəxslər müəyyən səbəblərdən özlərini hazır hesab etmirlər və əgər çox güclü rəqib olacağı təqdirdə onlar bizə qoşulmaq istəmirlər. Amma hakim partiyanın namizədi onlar tərəfindən məğlub ediləcək səviyyədədirsə, onlar da qoşulacaq. Müxalifət partiyalarının resursları hələlik o səviyyədə deyil ki, həm hakim partiyanın namizədləri ilə mübarizə aparsın, həm də müstəqil namizədlərlə».

CƏBHƏÇİ FƏAL GƏNCLƏR SEÇKİDƏ NİYƏ İŞTİRAK ETMİR?

Əbülfəz Qurbanlı
AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı isə özünün və bir neçə gənc fəalın seçkilərdə iştirak etməməsinə aydınlıq gətirib. Onun sözlərinə görə, bu seçkilərdə daha çox aktivist kimi iştirak etmək, partiyalarına yardım etmək niyyətindədirlər.

«Ölkədə real seçki vəziyyəti çox ağırdır. Bizim partiyanın uzun illərdir ki, qərargahı yoxdur. Seçki üçün bizim fəaliyyət göstərmək imkanlarımız xeyli dərəcədə məhdudlaşıb. Ona görə biz fikirləşdik ki, bu mərhələdə daha çox partiya üçün işləmək lazımdır. Ümumiyyətlə, müxalifət üçün, cəmiyyətin aktivləşməsi üçün bu seçkidən bir fürsət kimi istifadə etmək lazımdır. Ona görə seçkidə namizəd kimi iştirak etməklə müqayisədə partiyanın bir funksioneri kimi, aktivisti kimi iştirak etmək mənim üçün daha cəlbedici göründü. Ona görə belə qərara gəlindi ki, biz partiyanın Bakı şəhərində və ölkənin digər ərazilərində namizədlərin seçki dairələrində, seçki qərargahlarında aktiv şəkildə işləyək, həmçinin bizim gənclər komitəsinin üzvləri ilə birlikdə daha çox gənci seçici kimi seçkiyə cəlb edək. Seçkilərin müşahidəsini həyata keçirək. Ümumilikdə vətəndaşların aktivləşməsi prosesini həyata keçirək».

YAP-ÇI GƏNCLƏR DAHA ÇOX MÜŞAHİDƏÇİ OLACAQ

Verilişə Yeni Azərbaycan Partiyası «Gənclərin Töhfəsi» İctimai Birliyinin nümayəndəsi kimi Bəhlul İsmayılov qatılıb. O bildirib ki, Yeni Azərbaycan Partiyasında gənclər daha yaşlı partiya üzvlərinin verdiyi qərarlara hörmət edir, çünki hələ onlardan öyrənməlidirlər.

«Partiyamızda gəncləri dinləyirlər. Gənclər daha çox bu seçkidə müşahidəçi qismində iştirak edəcək. Ümumi proses haqqında mənim məlumatım yoxdur. Yəqin ki, müzakirələr yaxın günlərdə olacaq, namizədlərin siyahısı açıqlanacaq».
Bəhlul İsmayılov

ONUN YAP-IN ADINDAN DANIŞMAQ İXTİYARI YOXDUR?

Bəhlul İsmayılov verilişdə dəfələrlə Yeni Azərbaycan Partiyasının Gənclərin Töhfəsi İctimai Birliyinin üzvü olduğunu desə də, onun verilişdəki çıxışından narazı qalan partiya rəhbərliyi sonra AzadlıqRadiosuna zəng edib, həmin şəxsin Yeni Azərbaycan Partiyası ilə heç bir əlaqəsinin olmadığını deyib.

Radio əlaqə saxlayan YAP İcra katibinin müavini Siyavuş Novruzova bildirilib ki, «Yeni Azərbaycan Partiyasında gənclərin seçkilərdə iştirakı ilə bağlı debatda çıxış etmək üçün» partiyanın gənclər təşkilatının üzvü Asim Vəliyevə müraciət edilib (YAP Gənclər Birliyinin rəhbəri Ramil Həsənova təkrar zənglər cavabsız qalandan sonra). Asim Vəliyev isə Bəhlul İsmayılovun iştirakını tövsiyə edib.

Siyavuş Novruzovun müraciətindən sonra daha bir araşdırma apardıq. Asim Vəliyev YAP-ın «Gənclərin Töhfəsi» ilk partiya təşkilatının sədri, Bəhlul İsmayılov isə YAP üzvü olmaqla yanaşı, eyni adlı ictimai birlikdə onun müavinidir. İlk partiya təşkilatının yaranması, sədr və müavinlərin seçilməsi barədə hətta rəsmi xəbər agentliyi «AzərTAc» da məlumat da yayıb.

Siyavuş Novruzov Asim Vəliyevin həqiqətən partiya üzvü olduğunu deyir, amma bildirir ki, Bəhlul İsmayılovun «YAP-ın adından danışmağa ixtiyarı yoxdur».

Siyavuş Novruzovun təhqiqatından sonra Asim Vəliyev və Bəhlul İsmayılov da AzadlıqRadiosu ilə əlaqə saxlayıb, sonuncunu YAP təmsilçisi kimi deyil, həmin İctimai Birliyin sədr müavini kimi təqdim etməyimizi xahiş edib.

XS
SM
MD
LG