Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:12

Bələdiyyə ilə qaçqınlar üz-üzə...


1992-ci ildən Qazax Kənd Təsərrüfatı Texnikumunun yataqxanasında məskunlaşan məcburi köçkünlər bələdiyyəni təhsil müəssisəsinin torpağını qeyri-qanuni satmaqda ittiham edirlər.

«Uşaqlarımızın oynamağa da yeri yoxdur. Biz burada bağ salmışıq, ağaclar əkmişik, yayda onun kölgəsində dincəlirik. Kimisə cibi üçün, pulu üçün bu torpaq sahəsini satırlar».

«Gəlib hər gün üstümüzə torpağı boşaltmağı tələb edirlər. Deyirlər ki, bu torpağı satmışıq, mağazamı, mebel seximi tikəcəklər. Biz burada 20 ildir yaşamışıq, daşını əllərimizlə təmizləmişik, ağaclar əkmişik. Buna məhəl qoymurlar, deyirlər torpaq bələdiyyənin balansındadır qurtardı. Bu torpaqları ancaq əlimizdən bu yolla alırlar».

5 BALLIQ ZƏLZƏLƏ OLSA, BİNA ÇÖKƏCƏK

«Heç bir icra hakimiyyəti bir dəfə maraqlanmayıb ki, görüm bu qaçqınlar nə yeyib, nə içir nə ilə dolanır. Suyu varmı, şəraiti necədir?»

«Suyu yox, şəraiti yox. Camaat əli ilə beş mərtəbəyə su çıxarırlar. Bina bərbad gündə beş ballıq zəlzələ olsa bina çökəsidir. Bizim şəraitlə maraqlanmırlar, amma üstümüzə gələndə polislə gəlirlər. Ağac əkmişik, yaşıllıq salmışıq sağlamlığımız üçün bu sağlamlığı da əlimizdən alandan sonra nə edək. Məktəbin nəzdində olan torpaq sahəsini bələdiyyənin satmağa ixtiyarı varmı?»

Qazax şəhər Bələdiyyəsinin sədri Oqtay Hüseynov deyir ki, həmin torpaq sahəsi 2006-cı ildə, keçmiş bələdiyyənin vaxtında satılıb. İndi də torpağı alan şəxs mülkünü tələb edir:

«Ora 2006-cı ildə bir vətəndaşa satılıb 400 kvadrat metr torpaq sahəsi, amma bura texnikumun həyəti deyil, bələdiyyənin balansında olan torpaq sahəsidir. Sadəcə olaraq məcburi köçkünlər həmin torpaq sahəsini uzun ildir zəbt edib. Hərəsi 11 sota yaxın torpaq sahəsini öz arasında 2-3 metr bölüb əkin aparıblar. Biz onlarla dəfələrlə söhbət aparmışıq, amma polis olmayıb».
Rövşən Ağayev bu cür problemlərin həllində kompromisə getməyin daha real çıxış yolu olduğu qənaətindədir

KÖÇKÜNLƏR QEYRİ-QANUNİ ZƏBT EDİB


Kənd Təsərrüfatı Texnikumunun müdiri Rəşad Quliyev isə məcburi köçkünləri torpaqları qanunsuz zəbt etməkdə ittiham etdi. Onun sözlərinə görə, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir, amma məcburi köçkünlər qanunsuz olaraq bütün ətraf əraziləri zəbt ediblər:

«Kollecin yataqxanası 5 mərtəbəli binadır, həyətyanı sahəsi də 100 kvadrat metr olar. Mən özüm 90-cı ildən bu Kollecdə işləyirəm. Elə o vaxtlar kollecdə təlim tərbiyə işləri üzrə müavin olmuşam, ona görə də yataqxanaya yaxşı bələdəm. Həyətyanı sahəsi olduğu kimi durur, bələdiyyə də öz torpağını satıb. Amma məcburi köçkünlər özü yataqxananın bütün ətrafındakı, arxın üzərini hər yeri zəbt ediblər. Şəhərin ortasında dam tikiblər, ferma tikiblər».

BİR TƏRƏFDƏ HÜQUQ, BİR TƏRƏFDƏ HAQQI POZULANLAR


Bələdiyyə üzrə ekspert Rövşən Ağayev deyir ki, bu, məcburi köçkünlərlə yaranmış ilk problem deyil.

«Qaçqınların vəziyyəti bütün hüquqi normalardan üstün durur. Dövlətin dövlət kimi borcu vətəndaşların normal, öz yerində yaşayışını təmin etmək borcudur. Təbii ki, dövlətin vətəndaşı yanında gözü bu baxımdan kölgəlidir. Amma bu torpaq bələdiyyəyə aiddir indi onlara ora ağac əkiblərsə, torpaq da bələdiyyənin mülkiyyətidir - başqasına satıb büdcəsinə pul alıb, işini görür. Problem bu şəkildə çözülməməlidir. Bu cür məsələlər çox çətindir - bir tərəfdə hüquq dayanır, bir tərəfdə haqqı əlindən alınmış vətəndaşlar dayanır. Bu problemin həllində kompromisə getmək lazımdır. Təbii ki, hüquqi baxımdan bələdiyyə haqlıdır».

Rövşən Ağayev deyir ki, bir tərəfdə oyun meydançalarını itirəcək uşaqlar, istirahət etməyə yeri olmayacaq qocalar, digər tərəfdə də həmin torpağı alan şəxsin hüquqları duran bir məsələnin həlli çətindir. Amma o, bu cür problemlərin həllində kompromisə getməyin daha real çıxış yolu olduğu qənaətindədir.
XS
SM
MD
LG