Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:48

Fəhlə, özünü sən də bir insanmı sanırsan?


Bakıda «qul bazarı»
Bakıda «qul bazarı»
Sabir təxminən yüz il əvvəl yazırdı ki, fəhlə sən də özünü insanmı sanırsan?

Deyəsən, fəhləyə münasibət Azərbaycanda dəyişməz qalır.

Hər halda, beynəlxalq insan haqlarını müdafiə - Freedom House təşkilatının fəhlə haqları haqqındakı hesabatında deyilir ki, Azərbaycanda işçilərə münasibət repressivdir.

Azərbaycanla yanaşı siyahıda Əfqanıstan, İran, İraq, Qazaxıstan və Tacikistanın da adı da var. «Reprresiv münasibət» deyəndə təşkilat nəyi nəzərdə tutur, bəlli deyil. Hesabat tam açıqlanmadığı üçün bu qaranlıqdır. Amma bu fikri qəbul edənlər də var, etməyənlər də.

«BUNU DEMƏK MƏNTİQSİZLİKDİR»

«Bunu nəyə əsaslanıb deyirlər?» Bu sualı verənsə Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlüdür.

- Hara münasibət bildirib, nəyə əsaslanıb münasibət bildirib, oxumamışam bilmirəm. Ancaq Azərbaycanda fəhlələrə münasibət ögeydir deyirlərsə, bu sahəyə nəzarət edən orqanın adından deyirəm ki, mən bunu ağlasığmaz, məntiqsiz sayıram. Ola bilər ki, hardasa qanun pozuntusu olsun, əmək müqavilələrinin bağlanmasında, əmək münasibətlərinin pozulmasında. Ancaq orda necə deyilir?

- Repressiv münasibət…

- O söz uyğun gəlmir axı…

Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı isə bu fikirdədir ki, ifadə lap yerində seçilib.

BİR FƏHLƏNİN HEKAYƏTİ

Bu mübahisələrə ara verək və bir işçinin hekayətini danışaq sizə. Sahib Şahmarov 37 yaşındadır. Bir il əvvələ kimi qolunda qüvvəti, əlində işi, evində iki övladı… Bir sözlə özünü xoşbəxtlər sırasında görürdü. Təxminən bir il əvvələ kimi Azərbaycandakı xarici neft şirkətlərindən birində quraşdırıcı işləyirmiş. İndisə məhkəmə qapılarında qalıb. Gümanı isə məhkəmədən də çox Allaha qalıb.:

«2009-cu il fevralın 16-da işdəydim. Bizim də işimiz çox ağırdı. Fiziki baxımdan həddən artıq ağırdı. Bizdə bir material var, 90 kq ağırlıqda, onu hündürlüyə qaldırırsan, 6-7 metrlik boruları daşımaq lazımdır… Birdən başımda, qolumda keyimə, ağrılar hiss etdim. Uşaqlar kömək eləyib aşağı düşürtdülər. Həkimə getdim, dedilər ki, boynunda fəqərə yırtığı var. Birindən əməliyyat olundum, biri qalıb. Əməliyyatdan sonra məni dərhal işdən çıxartdılar. Məhkəməyə müraciət elədim. İkinci qrup əlil verdilər… Bir qolumda güc yoxdur ki, işləyim. Təqaüd də vermirlər. Ona görə də məhkəməyə vermişəm».

QIZIL QAZANDIRANLARA QARA MÜNASİBƏT

Sahib Şahmarov kimi neft sahəsində zədə alıb, sonradan təqaüdsüz və ya işsiz qalanlar az deyil. Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı belə deyir. Onun sözlərinə görə, təkcə ötən il Sahib Şahmarov kimi 15 adama hüquqi yardım göstəriblər:

«Azərbaycan Konstitusiyası sağlam iş yeri tələb edir. Ötən il ARDNŞ-in hesabatına görə, 8 nəfər işdə xəsarət alaraq ölüb. Biz özümüz 15 nəfərə hüquqi yardım göstərmişik. Bu adamlar işdə xəsarət alıb, amma adları gizlədilib. Bu cəsarətli adamların siyahısıdır. Minlərlə adam var ki, işdə xəsarət alır, sonradan işdən atılır… »

KOLLEKTİV ŞƏKİLDƏ MÜVƏQQƏTİ MÜQAVİLƏ


Mirvari Qəhrəmanlının qənaətincə, ən böyük qanun pozuntularından biri də əmək qanunvericiliyinin ciddi şəkildə pozulmasıdır:

«Ən böyük problem odur ki, işçiylə işəgötürən arasındakı müqavilə qanunsuz hazırlanır. İzah edim. Əmək Məcəlləsinin 43-cü maddəsində deyilir ki, işçiylə məcburi müqavilə bağlamaq olmaz. 47-ci maddənin başqa bəndində deyilir ki, iki tərəf razıdırsa, müvəqqəti müqavilə bağlanır, bu da işçinin belini qırır. 45-ci maddədə deyilir ki, iş daimi olanda müvəqqəti müqavilə bağlamaq qadağandır. Bu maddələrə baxmayaraq işçilərlə müvəqqəti müqavilə bağlanır. Çox təəccüblüdür, hansı işçi istəyər ki, onunla müvəqqəti müqavilə bağlansın? Yenə də çox təəccüblüdür ki, bu qərar kollektiv şəkildə bağlanır».

«BU, ALLAHSIZLIQ OLARDI»

Mirvari Qəhrəmanlı bu hallarla bağlı Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlüyə məlumat da verib. Cənab Şükürlü isə bu halları inkar etməyin mümkünsüzlüyünü özü də etiraf edir:

«Yəni problemlər var. Biz demirik hər şey yüksək səviyyədədir. Amma bizi bərbad ölkələrlə müqayisə etmək də Allahsızlıq olardı…»

HİK: «SÜBUT ETSİNLƏR!»


Azərbaycanda fəhləyə repressiv münasibət varmı? Həmkarlar İttifaqları Konfederasiyasında zəhmətkeşlərin sosial iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbə müdiri Çingiz Tağıyev sualımıza birbaşa cavab vermədi. Bir onu dedi ki, repressiv münasibətin olduğunu deyənlər bunu sübut etməlidirlər:

«Üstəlik də ölkədə ombudsman var, həmkarlar ittifaqları var».

«QARIŞQANI DA İNCİTMƏYƏK»

İndi də qayıdaq sentyabrın 1-də məhkəmə qərarından apelyasiya şikayəti verən Sahib Şahmarova. Bu günlərdə elektrik borcuna görə, qaranlıqda qalıb. Yalnız dost-tanışın köməyi ilə evində işıq yanıb. İndi o Allaha dua edir:

«İstəyirəm balalarım elmli olsun, evim ruzili olsun, heç kimə borcum olmasın, camaatın haqqını vaxtında ödəyək, qarışqanı belə incitməyək…»
XS
SM
MD
LG