Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:40

«Gürcüstan artıq saxta çaxır buraxmır»


Bu dəfə yoxlamanın hədəfində süd məhsulları olub
Bu dəfə yoxlamanın hədəfində süd məhsulları olub
İlin fəslindən asılı olaraq Gürcüstanın Milli Ərzaq Təhlükəsizliyi Xidmətinin maraqları dəyişir. Yay vaxtı tez xarab olan və yüksək risk faktoru daşıyan məhsullara xüsusi diqqət yetirilir. Milli Ərzaq Təhlükəsizliyi Xidməti sonuncu dəfə iki ay əvvəl bazarın ətraflı tədqiqini aparıb. Bu dəfə yoxlamanın hədəfində süd məhsulları olub. Xidmətin nümayəndəsi Veriko Qulua danışır ki, bu il pozuntulara bir o qədər rast gəlinməyib.

Bu il süd və süd məhsullarına xüsusi diqqət ayrılıb. Səbəb yazda etiketləşdirmə haqda qanuna edilən dəyişikliklərdir. Qanuna əsasən, istehsalçılar etiketin dörddə bir hissəsinə aydın, oxunan informasiya yerləşdirməlidir: məhsul təbii süddən yoxsa süd tozundan hazırlanıb.

BU İL SÜD MƏHSULLARINA XÜSUSİ DİQQƏT VAR

Qanun ötən ilin iyun ayında qəbul olunsa da, bu ilin yanvarından qüvvəyə minib.

Veriko Qulua: «Bu il süd məhsullarına xüsusi diqqət var. Elə hallar vardı ki, məhsul təbii süddən hazırlanmasa da, bu barədə heç bir yerdə qeyd olunmurdu, yəni istehlakçılar aldadılırdı. Biz istehsalçıları və əhalini araşdırmanın nəticələri ilə tanış edirik… Bazarın durumunu qiymətləndirərək demək olar ki, vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb».

Veriko Qulua
Süd məhsulları ilə yanaşı, tez xarab olan məhsullar da yoxlanacaq. O cümlədən ət və ət məhsulları, çörək-bulka məmulatları. Bu yoxlamalar dükan və supermarketlər, bazar və ticarət mərkəzlərində, yəni küçə ticarəti səviyyəsində deyil, qapalı satış məntəqələrində aparılacaq.

KÜÇƏ TİCARƏTİ GÜRCÜSTAN ÜÇÜN «AXİLLES DABANI»DIR

Küçədə ticarət edənlər yoxlanmırlar, çünki küçə ticarəti özü-özlüyündə elə qanun pozuntusudur.

Məhz bu, İstehlakçılar Federasiyasının sədri Madonna Koidzeni qane etmir:

«Küçə ticarəti Gürcüstan üçün «Axilles dabanı»dır və mənə aydın deyil ki, niyə bu sahəyə nəzarət yoxdur. Axı daha çox çirklənmiş və həyat üçün təhlükəli məhsullar məhz orada satılır».

Veriko Qulua deyir ki, məhsulların saxtalaşdırılması baxımından vəziyyət xeyli yaxşılaşıb. 2007-ci ildə Gürcüstanda istehsal edilən çaxırın 80 faizi saxta idi. 2008-ci il çaxırın saxtalaşdırılması ilə mübarizi ili elan olundu, indi bazarda saxtalaşdırılmış çaxır demək olar ki, yoxdur.

Çaxır problemi həll olunsa da, başqa məhsulların, o cümlədən yağın saxtalaşdırılması problemi qalmaqdadır.
İndi bazarda saxtalaşdırılmış çaxır demək olar ki, yoxdur
Məsələn, kərə yağının tərkibində heyvan yağının əvəzinə 80 faiz bitki yağı var.

NƏZARƏT ORQANLARININ BÜDCƏSİ AZALDILIR

Hüquq müdafiəçilərini narahat edən daha bir məsələ nəzarət orqanlarının büdcəsinin azaldılmasıdır. Ötən il Kənd Təsərrüfatı Nazirliyi qida məhsullarına nəzarət üçün 600 min lari ayırsa da, bu il məbləğ 3 dəfə azaldılıb – 200 min lari olub.

«Birlik - 21-ci əsr» qeyri-hökumət təşkilatının koordinatoru Şalva Melkadze hesab edir ki, bu pulla bazarı hərtərəfli araşdırmaq mümkün deyil:

«Diqqət yetirin, belə çıxır ki, ötən illə müqayisədə 3 dəfə az məhsul alıb yoxlayacaqlar. Bu isə kifayət deyil».

Buna cavabında Veriko Qulua deyir ki, keçən il və bu il müxtəlif məhsullar yoxlanıb. Keçən il əsas diqqət alkoqol məhsullarına verilirdisə, bu il o, yoxlanılmır. Bu da daha az vəsaitin ayrılmasına səbəb olub.

Daha bir xəbər var. Gözlənilir ki, sentyabr ayında nəzarət orqanları birbaşa istehsalat yerində laboratoriya yoxlamaları aparacaqlar. Bu isə xarici istehlakçılara etibarlı məhsul satılmasının qarantı olacaq.
XS
SM
MD
LG