Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:38

«Bizdə «qara piar» yox, qara-yaxmadır»


Əflatun Amaşov
Parlament seçkiləri yaxınlaşdıqca, qəzet səhifələrində «qara piar» vüsət alır. 2010-cu ilin ilk aylarında «qara piar» xarakterli yazılar az idisə, avqustun artıq ilk yarısında 63 bu xarakterli yazı qeydə alınıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov belə bir açıqlamanı verib, ancaq «qara piar»ı aparan qəzetlərin adlarını sadalamayıb. O, bunu belə əsaslandırıb ki, qəzet rəhbərləri ilə aparılan danışıqlar bu xarakterli yazıların azalması ilə nəticələnəcək.

«QARA PİAR» HÖKUMƏTDƏN QAYNAQLANIR

Azərbaycanda hər seçkidən əvvəl siyasi xadimlərin, ictimai fəal insanların əleyhinə «qara piar» xarakterli materialların yazılması müşahidə olunur. Hər dəfə də müxalifət iqtidarı, iqtidar isə qarşı tərəfi ittiham edir.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid:

«Hökumət yönlü medianın və televiziyanın rolunu qeyd edərdim. «Qara piar» birmənalı demək olar ki, həmin sektordan
Bəxtiyar Sadıqov
qaynaqlanır».

KİMİNSƏ AYI YEMƏSİ ƏSL QARA-YAXMADIR

«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun fikri isə belədir:

«Bizdə «qara piar» yox, qara-yaxmadır, müxalifət mətbuatı daim şərdir, böhtandır, faktların şişirdilməsidir. Anar Məmmədovun ayı yemək məsələsi aylardır qəzet səhifələrindədir. Məqsəd tamam başqa şeydir. Cavan bir adamı niyə hədəf edirsən? Atası nazirdirsə, onu tənqid edirsinizsə, övladı bu məsələyə qatmağı heç düzgün saymıram. Qara-yaxmanın ən böyük faktı kimi bax bunu hesab edirəm».

«Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı da Bəxtiyar Sadıqovun Azərbaycanda əsl «qara piar» olmaması fikri ilə razılaşır. Xaricdə bu təcrübə Azərbaycandan fərqlənir, siyasətçiləri nüfuzdan salmaq məqsədi daşıyır. Elçin Şıxlının fikrincə, Azərbaycan mətbuatında daha çox böhtan, siyasi dartışmalar
Elçin Şıxlı
var:

«Ayrı-ayrı yazıları çıxmaq şərti ilə. Çünki kimsə deyə bilər ki, bu, yalandır, böhtandır. Amma bunu yazan tərəf ortalığa sübut qoya bilərsə, məlum olar ki, bu, böhtan deyil. Yalan böhtan deyilsə, mən ona «qara piar» deyə bilərəm».

MÜXALİFƏT QƏZETLƏRİ «QARA PİAR»I İSTİSNA EDİR

Yaxınlarda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov da KİV-də qara-yaxma kampaniyası barədə danışıb. O, müxalifət qəzetlərində Anar Məmmədovun Qəbələdə qəfəsdə saxlanan ayını kəsdirib kabab bişirtdirməsi barədə yazılanları pisləyib.

Rauf Arifoğlu
Ancaq «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, Ziya Məmmədov heç bir vaxt siyasi müxalifətin, «qara piar»ın hədəfində olmayıb. O, qəzetlərində «qara piar» xarakterli yazıların da getdiyini istisna edir:

«Sadəcə, son zamanlar onun sahəsində, eyni zamanda oğlu ilə bağlı baş verən hadisələr onu istər-istəməz mətbuatın hədəfinə çıxarıb. Lakin hakimiyyət düşərgəsində məsələ çox kəskin qoyulur. Kiminsə ayı yeməsindən yox, kiminsə Azərbaycanın düşməni olub, vətənə xəyanət etməsindən yazırlar».

Noyabr seçkilərinə qədər isə nəinki qəzet səhifələrində, eləcə də sosial şəbəkə və bloqlarda həm iqtidar, həm də müxalifət nümayəndələri hədəf obyekti olur. Hələ aprel ayında AXCP sədri Əli Kərimlinin şəxsi bloqu haker hücumuna məruz qalmış və onu təhqir edən fotokollajlar yerləşdirilmişdi. Partiya lideri bu kampaniyanı hakimiyyətin sifarişi hesab edirdi.
XS
SM
MD
LG