Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:17

«Məni birdəfəlik azad edin»


Eynulla Fətullayev
Eynulla Fətullayev
Avqustun 26-da Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin şikayəti üzrə məhkəməyə hazırlıq iclası keçirilib. Prosesə hakim Mirpaşa Hüseynov sədrlik edirdi. Eynulla Fətullayev dəmir barmaqlıqlar arasında oturdulmuşdu. İclas başlayan kimi jurnalistin vəkili İsaxan Aşurov vəsatət qaldırdı ki, o, dəmir barmaqlıqlar arasından çıxarılaraq vəkillərinin yanında əyləşdirilsin.

«MƏNİ BİRDƏFƏLİK AZAD EDİN»

Vəkil İsaxan Aşurov:

- Möhtərəm hakim, Eynulla Fətullayevi qəfəsdən azad edin. Birinci məhkəmə instansiyasında ona qəfəsdə deyil, biz vəkillərinin yanında oturmasına şərait yaradılmışdı. Belə olmasa biz hər dəfə bu və ya digər məqamları dəqiqləşdirmək, mövqemizi aydınlaşdırmaq üçün məhkəməni dayandırıb məsləhətləşmə aparmalıyıq. Üstəlik Eynullanın qəfəsdə əyləşdirilməsi Konvensiya ilə təminat verilən təqsirsizlik prezumpsiyasına ziddir. Belə çıxır ki, Eynulla Fətullayevin günahı var və o, buna görə də qəfəsdə əyləşdirilib. Xahiş edirəm məhkəmə Eynulla Fətullayevin vəkillərinin yanında əyləşməsinə şərait yaratsın.

Hakim:

- Fətullayev, vəkillə razısız?

Eynulla Fətullayev:

- Əlbəttə, azadlığa hər bir insan çıxmaq istəyir. Hörmətli hakim, maraqlı bir kitab var, «Kruqi ada» («Cəhənnəm dairələri») adlanır, eynən həmin kitabdakı kimidir. Qaradağ məhkəməsində olanlar təkrarlanır. (Gülə-gülə) - məni birdəfəlik azad edin.

EYNULLA FƏTULLAYEV YENƏ VƏKİLLƏRİNİN YANINDA


Hakim dövlət ittihamçısı Məhərrəm Mustafayevin də fikrini öyrəndi. Prokuror vəsatətin təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdı.

Məhkəmə yerindəcə müşavirə keçirib Eynulla Fətullayevin vəkillərinin yanında əyləşdirilməsi barədə qərarını elan etdi.

Prosesdə həmçinin hakim qərar qəbul edib ki, jurnalistlər məhkəmə iclaslarından 4 dəqiqə video-çəkiliş apara bilərlər.

Sonra Eynulla Fətullayev dedi ki, apelyasiya şikayətinə əlavələri var. Prokurorsa müddətin ötməsini əsas gətirərək əlavələrin qəbul edilməməsini xahiş etdi. Eynulla Fətullayevin qanunlara istinad etməsindən sonra hakim əlavələri qəbul etmək barədə qərar qəbul etdi. Vəkil İsaxan Aşurovun növbəti vəsatəti Qaradağ Rayon Məhkəməsində Fətullayevin işi üzrə keçirilən prosesin protokolları ilə tanış olmağa şərait yaradılması ilə bağlı oldu:

- Qanunda təqsirləndirilən şəxsin protokollarla tanış olmaq hüququ qeyd edilib. Eynulla Fətullayevə belə bir şərait yaradılmayıb. Biz protokollara, məhkəmə stenoqramlarına baxıb tanış olmaqla qeydlərimizi aparmalıyıq. Buna görə bizə vaxt verin.

30 SƏHİFƏLİK PROTOKOL VƏ 5 GÜN

Eynulla Fətullayev də məhkəmədən xahiş etdi ki, 30 səhifəlik protokolla tanış olmasına şərait yaradılsın.

Hakim protokollarla tanış olmaq üçün Eynulla Fətullayevə sentyabrın 1-dək vaxt verdi:

- Şənbə və bazar günləri istisna olmaqla hər gün Bakı İstintaq Təcridxanasından Bakı Apellyasiya Məhkəməsinin binasına gətirilərək protokollarla 5 gün ərzində tanış ola və qeydlərinizi apara bilərsiniz.

Hakimin sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsi həmin qeydləri Qaradağ rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilova göndərəcək və izahat istəniləcək. İsmayıl Xəlilovun izahatları Bakı Apelyasiya Məhkəməsində keçiriləcək iclaslarda araşdırılandan sonra Eynulla Fətullayevin apelyasiya şikayəti ilə bağlı qərar qəbul ediləcək. Eynulla Fətullayev dedi ki, protokollarla Bakı İstintaq Təcridxanasında tanış olmaq istəyir. Ancaq hakim razı olmadı.

«MƏN HƏR GÜN KİV-DƏ TƏHQİR OLUNURAM»

Sonra Eynulla Fətullayev son vaxtlar qəzetlərdə və telekanallarda onun barəsində yazılanlardan, göstərilənlərdən danışdı:

«Mən hər gün KİV-lərdə təhqir olunuram, çox ağır ittihamlarla üzləşirəm, bunu bütün dövlət telekanalları, rəsmi qəzetlər gündəlik olaraq həyata keçirirlər. Statistika aparılıb, son 10 gün ərzində mənim barəmdə 300-dən artıq məqalə dərc olunub. Fürsətdən istifadə edərək mən öz etirazımı bildirirəm».

Hakim:

- Biz KİV-lərə deyə bilmərik ki, bunu yaz və ya yazma. Biz onlara göstəriş verə bilmərik.

Eynulla Fətullayev:

- Sizin göstərişiniz lazım deyil, onlara yuxarıdan göstəriş veriblər. Mən əminəm ki, bu prosesin arxasında İlham Əliyev dayanır. Çünki məhz onun 22 iyul tarixli çıxışından sonra bu kampaniyaya start verildi. Hesab edirəm ki, Azərbaycan hökuməti hər vəchlə məni həbsdə saxlamaq istəyir. Mənim həbsdən çıxmağımdan qorxurlar. Bu, açıq qorxaqlıqdır. Çünki bilirlər ki, mən azadlığa çıxandan sonra azad mətbuat yaradacağam, ciddi siyasi-ictimai fəaliyyətlə məşğul olacağam. Bunu bilirlər və qorxurlar. Mən narkomanam?

Hakim:

- Fətullayev, fikirlərinizi proses zamanı deyərsiniz. Hazırlıq iclası başa çatıb.

Eynulla Fətullayev:

-Hörmətli məhkəmə, bilirsiniz ki, mən öz konstitusion hüquqlarımdan istifadə edərək və bu gün Azərbaycan qanunvericiliyi də buna tam imkan yaradır, mən Milli Məclisə keçiriləcək seçkilərdə öz namizədliyimi irəli sürmüşəm. Burda bir texniki məsələ var, mənim şəxsiyyət vəsiqəm, yaxud onu əvəz edə biləcək sənəd MSK-ya sənəd təqdim edəndə vacibdir. Xahiş edirəm mənim şəxsiyyət vəsiqəm, yaxud onu əvəz edən sənədin mənə verilməsi ilə bağlı qərar çıxarasınız.

«ŞƏXSİYYƏT VƏSİQƏMİ KİMDƏN İSTƏYİM?»

Sonra Eynulla Fətullayev məhkəmənin nəzərinə çatdırıb ki, bu ilin noyabr ayında Milli Məclisə keçiriləcək deputat seçkiləri ilə əlaqədar millət vəkilliyinə namizədliyini irəli sürəcək. Lakin şəxsiyyət vəsiqəsinin olmaması ona bu məsələdə problemlər yaradır:

- Bilirsiniz ki, mən öz konstitusion hüquqlarımdan istifadə edərək və bu gün Azərbaycan qanunvericiliyi də buna tam imkan yaradır, mən Milli Məclisə keçiriləcək seçkilərdə öz namizədliyimi irəli sürmüşəm. Burda bir texniki məsələ var, mənim şəxsiyyət vəsiqəm, yaxud onu əvəz edə biləcək sənəd MSK-ya sənəd təqdim edəndə vacibdir. Xahiş edirəm mənim şəxsiyyət vəsiqəm, yaxud onu əvəz edən sənədin mənə verilməsi ilə bağlı qərar çıxarasınız.

Hakim:

- Məhkəmə bu məsələyə baxmır.

Eynulla Fətullayev (əsəbi şəkildə):

- Bu mənim hüququmdur, mən öz şəxsiyyət vəsiqəmi istəyirəm. Bəs mən şəxsiyyət vəsiqəmi kimdən istəyim onda? Sual verirəm.

Hakim:

- Məhkəmə hansı qərarı qəbul edəcəksə ondan sonra bu məsələyə baxıla bilər.

Eynulla Fətullayev:

- Müddət bitir axı.

SENTYABRIN 2-DƏ MƏHKƏMƏ BAXIŞIDIR

Hakim Eynulla Fətullayevin son sözlərinə reaksiya vermədən məhkəmə baxışını sentyabrın 2-nə təyin etdiyini və hazırlıq iclasının başa çatdığını elan etdi.

Xatırladaq ki, E.Fətullayev 2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi başlanıb. Bu iş üzrə məhkəmə araşdırmaları başlamazdan əvvəl isə Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin barəsində çıxarılmış əvvəlki hökmləri qanunsuz elan edərək dərhal azadlığa buraxılması və dəymiş ziyana görə məhbus baş redaktora 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib. Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarından Böyük Palataya şikayət edib.
XS
SM
MD
LG