Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:29

«Bir soruşan varmı - ay Müsavat, sizə niyə 5 mandat verilib?»


İqbal Ağazadə
İqbal Ağazadə
«Yeni blok bütünlükdə Azərbaycan müxalifətinin bloku olacaq».

AzadlıqRadiosunun «İşdən sonra» proqramında yeni yaradılmış «Qarabağ» seçki blokunun təsisçilərindən biri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu belə deyib. Onun sözlərinə görə, blok açıqdır:

«Digər siyasi partiyalar bu bloka qoşula bilərlər. Biz müxalifətin ən geniş çərçivədə mübarizəsini bu blokda təşkil edə bilərik. Yəni, blok yalnız onun təsisçisi olan iki partiyanın yox, bütünlükdə Azərbaycan müxalifətinin mümkün bir bloku kimi nəzərdə tutulub».

«Ümid» Partiyasının sədri İqbal Ağazadə isə deyib ki, AXCP-Müsavat birliyinə, onların seçki blokunun gələcəyinə şübhə ilə yanaşsa da, heç vaxt müxalifətin birliyinin əleyhinə olmayıb:

MƏN HEÇ VAXT MÜXALİFƏTİN BİRLİYİNİN ƏLEYHİNƏ OLMAMIŞAM

«Mənim bu blokun gələcəyinə nikbin baxmamağımın səbəbləri var. AXCP və Müsavat blokunun orada olan insanların hamısını, iddialı namizədləri razı sala biləcək birlik olacağına şübhəm var. Çünki bilirsiniz ki, hələ də əsas yerlər müəyyənləşdirilməyib. Hətta deputat olan şəxslərin dairələrindən namizədlər müəyyənləşdirilməyib. Mən konkret faktın özünə - AXCP-Müsavat birliyinin nə dərəcədə effektli olacağı ilə bağlı mövqeyimi bildirmişəm. Mən heç vaxt müxalifətin birliyinin əleyhinə olmamışam».

İqbal Ağazadə deyib ki, ADP ilə «Ümid»in bu blokunu isə artıq baş tutmuş hesab etmək olar:

«Bizdə artıq alınıb. Biz artıq namizədlərimizi də müəyyənləşdirmişik. Artıq 91 dairədə namizədlər müəyyənləşib. Daha 20 dairənin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar gedir. Qarşı tərəfdə isə illər uzunu bir-birinə qarşı gedən qüvvələr olub».

ADP sədri Sərdar Cəlaloğlu isə deyib ki, müttəfiqlik elə bir-birindən bəhrələnmək deməkdir:

«Müttəfiqlik odur ki, bir-birindən bəhrələnəsən. O başqa məsələ ki, bu bəhrələnmə Azərbaycan xalqının əleyhinə olan nəticələrə gətirib çıxaracaq, ya xalqın lehinə. Əgər biz bir-birimizdən bəhrələnməyəcəyiksə, onda bu birlik nəyimizə lazımdır?».

BU O DEMƏKDİR Kİ, MƏN SİYASƏTÇİ DEYİLƏM

Sərdar Cəlaloğlu
İqtidarla dialoqun vacib olması fikrinin üstündə hələ də dayandığını deyən Sərdar Cəlaloğlu, bu fikri başqa cür yozanların düşüncəsi ilə siyasətdə iştirak etmədiyini bildirib:

«Azərbaycan cəmiyyətində dialoq vacibdir. Bunun vacibliyini məndən qabaq bizi bunda ittiham edən Müsavat Partiyası da, başqa partiyalar da dəfələrlə deyiblər ki, Qarabağ məsələsində gəlin dialoq edək. Bu yaxınlarda Qarabağ məsələsi aktuallaşanda bütün partiyalar, hətta AMİP qapı-qapı gəzib partiyaları dialoqa çağırdı. Necə olur ki, bu məsələni Müsavat deyəndə, bu, demokratiyaya bir yardım olur, bunu AMİP bir proqram kimi həyata keçirir – demokratiyaya yardımdır. Ancaq Sərdar Cəlaloğlu deyəndə ki, iqtidarla müxalifət arasında yalnız seçkidən-seçkiyə yox, gündəlik, Azərbaycanın milli problemləri ilə bağlı cari kontaktlar olmalıdır, dialoq getməlidir, hərə öz mövqelərini ortaya qoyub problemlərin həllində məsuliyyəti bölüşdürməlidir - bu olur mənfi bir imic. Mən əgər bu cür insanların düşüncəsi ilə siyasətdə iştirak edirəmsə, bu o deməkdir ki, mən siyasətçi deyiləm».

İQTİDARA YAXINIQ

Deputat İqbal Ağazadə isə mandat qazanmağı iqtidara yaxınlıq etmək kimi qələmə verənlərə mesaj göndərib. O deyib ki, meydanda yıxılıb ölsələr, deyəcəklər ki, qəsdən öldülər ki, hakimiyyətə xidmət etsinlər:

«Hamı hesab edir ki, niyə həbsxanadan çıxandan sonra İqbal Ağazadə mandat qazandı? Bəylər, həbsxanaya gedən Müsavat Partiyasına 5 mandat verildi. Heç bir soruşan varmı - ay Müsavat, sizə niyə 5 mandat verilib? Hərdən deyirlər ki, mandatı iqtidara yaxınlıq dərəcəsi ilə verirlər. Razıyam. İqtidara yaxınıq. Bizə bir mandat verdi. Bəs 5 mandat alan nə qədər yaxındır ki, ona birini yox, beşini verirlər?».

BURADAN DİNLƏYİN
:


XS
SM
MD
LG