Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:31

300 milyon manatdan fəlakət qurbanlarına nə çatacaq?


Narazılıqlar daha çox Sabirabad rayonunun sel-su basmış kəndlərinin əhalisindən eşidilir
Narazılıqlar daha çox Sabirabad rayonunun sel-su basmış kəndlərinin əhalisindən eşidilir
Selin fəlakət gətirdiyi ərazilərdə kompensasiyaların verilməsinə başlansa da, bu, evləri, həyət-bacaları, əkin sahələri su altında qalan insanlara sevinc gətirmədi.

Əksinə, həm kompensasiyaların məbləği, həm də onun verilməsi zamanı üzə çıxan süründürməçilik fəlakətdən ziyan çəkən bir çox insanlarda əlavə narazılıq yaradıb.

Narazılıqlar daha çox Sabirabad rayonunun sel-su basmış kəndlərinin əhalisindən eşidilir.

Rayonun Mürsəlli kənd sakini Hacı Asəf Zeynalov deyir ki, evinin divarları, içindəki bütün avadanlıqlar dağılsa da ona da evi az ziyan çəkən insanlar kimi təmir üçün cəmi 1000 manat kompensasiya veriblər. Üstəlik həyətində «yer evi» deyilən 7 metr uzunluğundakı bir mərtəbəli tikilisi də tamamilə dağılıb. Bundan başqa həyətindəki toyuq-cücələr, ağaclar, əkin sahələri məhv olub:

MİN MANATA NƏ ETMƏK OLAR?

- Sual verirəm, min manata ev tikmək, onu təmir etmək olar? Nə olar rayon yeri olanda? Bu min manat heç onun materiallarına çatmaz. Adam var ki, heç evi ciddi ziyan çəkməyib, yalnız həyətinə su dolub. Ona da min manat verilir, evi uçana da bunu necə qarşılamaq olar?

Kəndin başqa bir sakini deyir ki, evinin yarısı su altında qalan Hacı İbrahim də min manat kompensasiya alıb. Üstəlik, onun da əkin sahələrini su basıb. O isə verilən kompensasiyanın bütün ehtiyaclarını ödəməyəcəyini düşünsə də, narazılıq etməyə ehtiyac görmür:

- Mənə sərf edir. Çünki az ziyan çəkmişəm. Ancaq çox ziyan çəkənlərə sərf etmir. Əslində mən heç 3 manat tapmırdım ki, evə ət alım. İndi bu min manat elə bil göydən düşmədir. Ancaq əlbəttə mənim də ziyanmı ödəmir. Həyətimdə xiyar-pomidor əkmişdim. Oradan 10 min manat pul götürə bilərdim, hamısı xarab oldu getdi…

Evləri tamamilə dağılan insanlara hökumət yenidən ev tikməlidir
Fəlakətdən ziyan çəkən insanların deməsinə görə, min manat onlara evlərinin təmir edilməsi məqsədiylə verilib. Evləri tamamilə dağılan insanlara isə hökumət yenidən ev tikməlidir. Bundan başqa adambaşına 300 manat kompensasiyanın veriləcəyi də gözlənilir.

Ancaq fəlakətdən ziyan çəkən bəzi insanlar isə indiyə qədər hər hansı kompensasiya almayıblar.

- Mən məcburam ki, ailəmi-uşaqlarımı yığıb prezident aparatının qarşısına tökəm.

Üstəlik, onların deməsinə görə, kompensasiyaların verilməsi başlandıqdan sonra ərzaq yardımını da dayandırıblar. Hələ də kompensasiya ala bilməyənlərdən Xankeçən kəndinin sakini Mətləb Hacıyev deyir ki, evi tamamilə dağıldığından uşaqlarını harada saxlayacağını bilmir. Üstəlik əkin sahələri də su altında qaldığından necə dolanacağını bilmir:

-Mən məcburam ki, ailəmi-uşaqlarımı yığıb töküm prezident aparatının qarşısına. Ya da bu ölkənin vətəndaşlığından birdəfəlik imtina edək. Bu dolanışıq deyil. Heç Afrikada da belə yaşayan xalqlar yoxdur. Neft Azərbaycanda, qaz Azərbaycanda, bəs belə dolanışıq olar?

Sabirabad rayon rəsmiləri isə hələ ki, bütün bu məsələlərə aydınlıq gətirməkdə maraqlı görünmürlər. Hər halda icra başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəfadar Bağırov əvvəlcə bu məsələlərlə bağlı suallarımıza cavab verəcəyinə razılıq versə də, sonradan bütün zənglərimizi cavabsız qoydu.

300 MİLYON MANAT NECƏ XƏRCLƏNİR

Hökumətin fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı ayırdığı 300 milyon manatın indi necə xərcləndiyi isə çoxlarını maraqlandırır.

Oktay Güləliyev
Prezident İlham Əliyev hökumətin son toplantısında bildirmişdi ki, sel və daşqınlar nəticəsində hər bir ailəyə dəyən ziyan dəqiq hesablanaraq ödəniləcək. Prezident həmçinin sel suları altında qalan evlərin sığorta edilmədiyini də yada salaraq, hökumətin vətəndaşlar qarşısında hər cür fədakarlığa hazır olduğunu söyləmişdi.

Kür Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Oktay Güləliyev isə deyir ki, hökumət komissiyası indiyə qədər istər su altında qalan kəndlərin dəqiq sayı, istər ümumilikdə vətəndaşlara dəyən ziyanın məbləği, istərsə də ayrılan kompensasiyanın verilmə mexanizmi ilə bağlı məlumatları qapalı saxlamağa üstünlük verir:

-Təəssüf doğuran haldır ki, hətta bu cüzi kompensasiyaların verilməsi ilə bağlı korrupsiya halları üzə çıxır. Yadınızdadırsa hökumət komissiyasının sədri Abid Şərifov demişdi ki, kompensasiyalar plastik kartlarla veriləcək. İndi bu pulların verilməsində konkret kimlər məsuliyyət daşıyır, bu məsələlərlə də bağlı dəqiq məlumatlar verilmir.

Qarşıdan isə yeni dərs ili gəlir. Evləri, əkin sahələri su altında qalan və hökumətdən lazım olan qayğını görə bilməyən insanları indi bir sual da düşündürür. Uşaqları yeni dərs ilinə necə hazırlayacaqlar?
XS
SM
MD
LG