Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:43

Vəkil: «Məhkəmə 50 faiz inandı ki, işgəncə verilib»


Məhkəmə davam edir
Məhkəmə davam edir
Dövlət Neft Akademiyasındakı qətliama görə təqsirləndirilən dörd nəfərdən biri - Cavidan Əmirovun vəkili Hüseynxan Mustafayev «İşdən sonra» proqramına müsahibə verib.

- Hüseynxan müəllim, müdafiə etdiyiniz şəxs və digər üç nəfər məhkəmədə dəfələrlə bəyan ediblər ki, işgəncələrə məruz qalıblar. Nəhayət dünən bu iş araşdırılmaq üçün məhkəmə ekspertizasına göndərildi. Sizdə Cavidan Əmirova işgəncə verilməsiylə bağlı faktlar varmı?

- Cavidan məhkəmə başlanandan bu günə kimi işgəncələrə məruz qalmasıyla bağlı dəfələrlə danışıb. Hər halda, məhkəmədə 50 faiz inam yarandı ki, bunlara işgəncə verilib. Ona görə də ekspertiza təyin etdi.

- Sizcə, bir il sonra işgəncə izlərini müəyyən etmək mümkün olacaqmı?

- Bəli, elə xəsarətlər var ki, məsələn, çapıq izləridir, yara izləridir, tikiş izləridir, onlar uzun müddət qalır. Belə izlərlə işgəncəni müəyyənləşdirmək olar. Məsələn, təqsirləndirilən şəxslərdən biri Nadir Əliyev əlində, ayağında, belində olan xəsarət izlərini, çapıqları açıq-aşkar məhkəmədə nümayiş etdirdi.

- Bəs sizin müdafiə etdiyiniz şəxsdə işgəncə izləri qalıbmı?

- O iddia edir ki, bədənində izlər qalır. Ona görə vəsatəti müdafiə etdik.

- Bəs siz özünüz onun üzündə, bədənində çapıq və ya iz görmüsüz?

- Yox, onda görməmişəm. Amma Nadirdə görmüşəm.

MÜSTƏQİL EKSPERTİZA OLA BİLƏR…

- Siz müstəqil ekspertizanın keçirilməsini də istəyəcəksizmi?

- Məhkəmə ekspertiza təyin edib. İşin gedişatından asılı olaraq qərar verəcəyik.

- Bəzən kənar müşahidəçilər məhkəmə ekspertizalarının müstəqil olmadığını deyir, onların rəyini şübhə altına salırlar. Sizin fikriniz nədir?

- Ekspertiza təyin olunub, amma hələ keçirilməyib. Bəri başdan necə deyək ki, ekspertiza obyektiv və ya qeyri-obyektiv olacaq? Qeyri-obyektiv olduğunu desək səhvə yol verərik. Bəlkə lap obyektiv olacaq? Ona görə də əvvəlcədən heç nə deyə bilmərik.

- Bununla belə, rəy sizi qane etməzsə, müstəqil ekspertizanın keçirilməsini istəyəcəksizmi?

- Bəli…

«İSTİNTAQ BİRTƏRƏFLİ APARILIB»

- Sizdə vəkil kimi məhkəmənin gedişiylə, bir az da əvvələ getsək istintaqın aparılmasıyla bağlı hansı təəssürat yaranıb? Hər halda, məhkəmədə diqqətə çarpan odur ki, əksər şahidlər ya atəş açanı görmədiklərini, ya da onun televiziyalarda göstərilən Fərda Qədirovun olmadığını deyirlər.

- Məhkəmənin gedişatı hələlik çox obyektivdir. Hakim vəsatətlərin hamısını müzakirə edir. Amma işin istintaqı birtərəfli aparılıb. ADNA-da işləyən Zemfira müəllimə ifadəsində dedi ki, o atəş açanla 70-80 santimetr məsafədə dayanıb söhbət edib. Qatil ona da güllə açıb, güllə də qulağının dibindən dəyib ağzından çıxıb, bütün dişləri tökülüb. Müəllimə deyir ki, mənə göstərilən meyit və şəkillər heç də o adama aid deyildi, mənə atəş açan başqasıydı. Bunu başqa şahidlər də deyib.

QUMAŞYANLA BAĞLI…

- Qumaşyan məsələsinə də toxunaq. Məhkəmə zamanı ittiham tərəf bəyan etdi ki, Qumaşyan axtarışdadır. Təqsirləndirilənlərsə bununla bağlı sual verdilər ki, necə olur Qumaşyan ibtidai istintaqa ifadə verir və sonra da axtarışa verilir. Yeri gəlmişkən, Qumaşyan özü də mətbuata açıqlama verdi ki, axtarışa ehtiyac yoxdur, o öz evindədir, cinayətlə də əlaqəsi yoxdur. Buna münasibətiniz.

- Qumaşyan ötən il iyunun 10-da ifadə verib, Gürcüstan hüquq-mühafizə orqanları bizim Baş Prokurorluğun müraciəti əsasında onu və ailə üzvlərini dindiriblər. O da deyib ki, təqsirləndirilənlərdən heç birini tanımır. Bir Ceyhun Əsgərovdan başqa. O da şahid kimi dindirilib. Ceyhun Əsgərov Qumaşyanın həyətində fəhlə kimi işləyib. Qumaşyan deyir ki, təqsirləndirilənlərin heç birini tanımır, onlara sifariş də, pul da verməyib ki, Bakıda qanlı hadisə törətsinlər. Onun barəsində axtarış elan olunması ittiham aktında bircə sətirlə qeyd olunub. Qalan heç yerdə məlumat yoxdur. Mən bununla bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət etmişəm ki, mənə hüquq-mühafizə orqanlarından bəzi məlumatları versinlər. Hələ cavab göndərilməyib. Bizim hüquq-mühafizə orqanları da sorğularıma cavab verməyiblər. Cavabları alandan sonra yeni vəsatət qaldıracam. Hər şey cavabdan asılı olacaq.

QƏTLİAMI KİM TÖRƏDİB? VƏ YA İSTİNTAQA BƏLLİ OLMAYAN DİGƏR ŞƏXSLƏR KİMDİR?

- Dinləyici soruşur ki, sizcə qətliamı o zaman kim törədib?

- Məhkəmə bitməmiş fikir deyə bilmərik. Bir onu deyə bilərəm ki, təqsirləndirilən dörd nəfərin bu işdə heç bir günahı, bu cinayətə heç bir aidiyyəti yoxdur. Onlar sadəcə, Bakıda müxtəlif tikinti şirkətlərində fəhlə işləyiblər. Bir-biriylə sadəcə, həmkəndli, fəhlə kimi telefonla əlaqə saxlayıblar. Cinayət materialı ilə tanış olmuşam, bir dənə məlumat yoxdur ki, bunlar telefonda cinayətlə bağlı söhbət ediblər.

- Siz deyirsiz ki, təqsirləndirilənlərin günahı yoxdur. Sizcə, cinayəti törədən şəxs və ya şəxslər qıraqda qalıb?

- Bir də deyirəm, onlar sadəcə, həmkəndlidirlər. Bir də Fərda Qədirovun telefonunda nömrələri qeyd olunubmuş. Buna görə də istintaqa cəlb olunublar. Başqa sübut yoxdur ki, bunlar Fərda Qərdirovla cinayətdə iştirak ediblər.

- Sizcə, istintaq əsl cinayətkarları tapmayıb?


- Bəli, tapmayıb. İttiham aktında da yazılıb ki, Əmirov Cavidan, Əliyev Nadir, Qabulov Arif, Süleymanov Nəcəf Qədirov Fərda ilə və digər istintaqa məlum olmayan şəxslərlə cinayət əlaqəsinə girərək cinayət törədiblər. Amma istintaqa məlum olmayan digər şəxslərlə bağlı ortada heç bir məlumat yoxdur. Yəni onlar axtarılır, axtarılmır, onların barəsində hansı tədbir görülüb. Bu haqda məlumat yoxdur.

- Cinayətin motivi bəllidirmi?

- Motiv hələ bəlli deyil. İstintaqla motiv müəyyən edilməyib. Məhkəmədə müəyyənləşərsə, açıqlama verilər.
XS
SM
MD
LG