Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:31

Azərbaycan «Eurovision» finalında birinci olacaq


Axır ki, mayın 27-si axşam Azərbaycanın təmsilçisi Səfurə «Eurovision»da yarımfinalda çıxış etdi və finala vəsiqə qazandı.



SƏFURƏNİ BƏYƏNƏN DƏ VAR, BƏYƏNMƏYƏN DƏ

Amma Səfurə çıxışıyla gözləntiləri doğrultdumu? Azərbaycan təmsilçisinin «Youtube»da yerləşdirilən çıxışını şərh edənlərin heç də hamısı Səfurəni bəyənməyib. Bəyənməyənlərin əksəriyyəti elə Azərbaycandan olanlardır. Əsas iradları da odur ki, bu yarışa məktəbli qızı yollamaq lazım deyilmiş, peşəkar olmadığı üçün Səfurə çoxlu səhvə yol verib və s.

Avropada yetərincə populyar, ildə 100 milyondan çox ziyarətçisi olan «Oikotimes» portalının Oslodakı müxbiri isə yazır ki, «iki aydır bukmekerlərin favorit hesab etdiyi Səfurənin çıxışı təriflənən səviyyədə deyildi».

1-Cİ VƏ 11-Cİ YERİ TUTANLARI 5 XAL AYIRIB

Avropa Yayım Birliyinin «Eurovision» mahnı müsabiqəsi bölməsinin rəhbəri Svante Stokselius deyir ki, yarımfinallarda mübarizə gözlənildiyindən daha gərgin keçib:

«Dünən (mayın 27-də) 11-ci yeri tutub finala çıxa bilməyən ölkəni ilk yeri tutan iştirakçıdan cəmi 5 xal ayırıb. İlk yarımfinalda isə birinci və 11-ci yer arasında 3 xal fərq var idi. Üstəlik, mayın 27-də ilk yarımfinaldan iki dəfə çox adam səs verib».

SƏFURƏ ARTIQ 1-CİDİR

Azərbaycan təmsilçisinin çıxışı zalda müsbət qarşılanıb
Finalda necə iştirak edəcəyindən asılı olmayaraq, Səfurə artıq birinciliyi təmin edib. Birincidir, yəni, püşkatma nəticəsində finalda ilk olaraq səhnəyə çıxacaq.

Səfurə deyib ki, «Finalı açmaq çox məsuliyyətli və həyəcanvericidir».

Mayın 28-də iştirakçılar final öncəsi məşqə çıxıblar, hamıdan əvvəl səhnəyə çıxan Azərbaycan təmsilçisinin çıxışı zalda müsbət qarşılanıb.

SƏFURƏ ARTIQ MƏQSƏDİNƏ ÇATIB?

Səfurənin rəsmi saytı bildirib ki, artıq 1 milyon istifadəçi onun internet saytını ziyarət edib. Azərbaycan nümayəndə heyətinin yerləşdirdiyi məqalədə o da qeyd olunur ki, «Drip-drop» mahnısı artıq 20 ölkədə ən populyar mahnılar arasındadır.

ƏSAS RƏQİB FİNALDA GƏLİR…

Mayın 29-da keçiriləcək finalda ümumilikdə, 25 ölkə yarışacaq. İki yarımfinaldan finala çıxan 20 iştirakçıdan əlavə 5 ölkə də finala birbaşa çıxıb. Bunlar Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və təşkilatçı olan Norveçdir.

Səfurənin əsas rəqibi kimi göstərilən almaniyalı Lena da ilk dəfə finalda səhnəyə çıxacaq.

Bu arada, yarımfinallardan sonra da Avropa bukmekerləri Azərbaycan təmsilçisinin qələbə şanslarını çox yüksək qiymətləndirir...
XS
SM
MD
LG