Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:33

Müşfiqabad məscidinin ətrafında nə baş verir?


Müşfiqabad məscidi
Müşfiqabad məscidi
«Müşfiqabad məscidinin fəaliyyətində heç bir problem yoxdur». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov deyib.

Məscidin imamı Şeyx Mübariz Qaçayev isə bildirib ki, məsciddə cümə namazının qılınmaması üçün onlara əvvəlcədən xəbərdarlıq edilib. Onun sözlərinə görə, səbəb kimi dini icmanın qeydiyyatdan keçməməyi göstərilib. İmam bildirib ki, qeydiyyatdan keçmək üçün sənədlərini artıq təqdim ediblər. Onun sözlərinə görə, məscidə gələnlər arasında hər bir təriqətdən olsa da sələfilər çoxluq təşkil edir.

Dini məsələlər üzrə ekspert Elşad Miri isə deyib ki, məsciddə namaz qılınmasına qoyulan qadağanı hər hansı bir təriqətlə əlaqələndirmək düzgün deyil. Bu, Allahın evidir. Elşad Miri məscid üçün belə bir qərarın verilməsini absurd hesab edir. Onun sözlərinə görə, dini icmaların qeydiyyatını qəsdən ləngidirlər. Ola bilsin belə addımlar bir nəfərin dindarlar arasında nüfuzunun qaldırılmasına xidmət edir.
Elşad Miri
Din eksperti deyib ki, prezidentin «Fatimeyi-Zəhra» məscidi ilə bağlı göstərişi suları durultduğu bir vaxtda yenidən suları bulandırmaq nəyə lazımdır?

Bir icmanı dəfələrlə qeydiyyatdan keçirməkdə problem olduğunu deyən ekspert burda hansısa bir marağın olduğunu söyləyib.

«Cümə» məscidi dini icmasının rəhbəri İlqar İbrahimoğlu isə deyib ki, son illərdə Azərbaycanda bəzi bəhanələrlə məscidlərin bağlanması xoşagəlməz hallardı. Hacı İlqar ötən həftə «Fatimeyi-Zəhra» məscidi ətrafında cərəyan hadisələrdən sonra belə bir məsələnin yenidən gündəmə gəlməsini təəccübləndirici hal kimi qiymətləndirib. O, bunun dövlətçiliyə qarşı bir zərbə olduğunu diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov Müşfiqabaddakı məscidlə bağlı imam tərəfindən onlara müraciət olunduğunu bildirib. O, bu məsələni araşdıracaqlarını qeyd edib. Komitə rəsmisi hazırda məscidin fəaliyyəti ilə bağlı heç bir problem olmadığını nəzərə çatdırıb.



/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG