Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:24

İnformasiya istədi, qapısına polis gəldi...


Ya dolayı cavablar verirlər, ya da cavab işə yaramır
Dövlət qurumlarından informasiya almaq Azərbaycan vətəndaşları üçün həmişə çətin olub. İlqar Mirzəyev deyir ki, əvvəlki illərə baxanda indi göndərdiyi sorğulara cavab ala bilir. Ancaq həmin cavabın mahiyyətinə gəldikdə, İlqar deyir ki, bu sorğuya cavab verməmək kimi bir şeydir:

«Adətən dövlət qurumlarına sorğu göndərəndə, ya da hər hansı məsələ ilə bağlı müraciət edəndə cavab verilir. Ancaq cavabın dolğunluğu, sualın məğzi açılmır. Ya dolayı cavablar verirlər, ya da cavab işə yaramır. Nazirliklərdən birinə müraciət etmişdim. Mənə cavab kimi qanundan çıxarış göndərmişdilər. Həmin çıxarışı özüm də tapa bilərdim. Demək olar ki, cavab almamışdım, ancaq adı oldu ki, cavab veriblər».

Media Hüquqları İnstitutu isə informasiya əldə etməklə bağlı 2009-cu ilin sentyabrından 2010-cu ilin mayına qədər dövlət qurumlarına 350 sorğu göndərib. Onlardan 188-nə cavab verilib. İnstitutun koordinatoru Xalid Ağəliyev deyir ki, cavab istənilən sorğular çətin olmayıb:

YALNIZ 40 SORĞUYA 7 GÜN ƏRZİNDƏ CAVAB VERİLİB

«Sorğular 7 iş günü ərzində cavablandırılmalıdır. Araşdırmalarımızın məqsədi informasiya əldə etmək haqqında qanunun necə işləməsini araşdırmaq olduğundan daha çətin əldə olunan məlumatları istəməmişik. Daha çox hər bir qurumun stolunun üstündə olan, daha asan əldə olunan informasiyaları istəmişik. Hansı ki, həmin informasiyalar ən uzağı 7 gün ərzində təqdim olunmalıdır. Ancaq yalnız 40 sorğuya 7 gün ərzində cavab verilib. Həmin cavablardan isə 11-i dolğun olub».

Araşdırmalardan aydın olub ki, dövlət qurumları ən çox dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinin hesabatını sirr kimi saxlayıb. İnternet saytlarının monitorinqinə gəldikdə, 45 icra və qanunverici qurumun, məhkəmənin internet saytı yaradılıb. Onların çoxunda informasiyalar yenilənmir.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, dövlət qurumlarının saytlarında xəbərlərin operativ yerləşdirilməsi əsas problemlərdəndir:

ŞƏNBƏ-BAZAR GÜNÜ BU SAYT BAĞLIDIR

Ələsgər Məmmədli
«Qanunvericilik aktında olan istənilən dəyişiklik 24 saat sonra Ədliyyə Nazirliyinin qanun.az portalında olmalıdır. Şənbə-bazar günü bu sayt bağlıdır, necə ki, dövlət orqanları həmin gün işləmir, həmin sayt da bağlı olur. Saat 6-dan sonra da sayt işləmir. Əslində isə saytlar 24 saat 7 gün dayanmadan işləməlidir. Qanun qüvvəyə minir, insanların xəbəri olmur».

İnformasiya əldə etməkdə çətinlik olub-olmadığını bir neçə Bakı sakinindən də soruşdum. Cavabları belə oldu:

MƏNƏ HEÇ NƏYƏ YARAMAYAN CAVAB VERDİLƏR

- Elə rayon məhkəmələri var ki, informasiya almaq istəmişəm, verməyiblər.

- 50-yə yaxın dövlət orqanlarına müraciət etmişdin. Sorğuların birindən sonra isə qapımı polis döymüşdü...

- Bu, çox ciddi problemdir.

- Mən Azərbaycan gəncliyinin cinayətkar aləmlə əlaqələrinin olub-olmaması ilə bağlı statistikanı əldə etmək istəyirdim. Mənə heç nəyə yaramayan cavab verdilər ki, belə statistika yoxdur.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın informasiya texnologiyası və proqram təminatı sektorunun müdiri Əli Kərim isə deyir ki, bir dövlət qurumu olaraq onlar informasiya əldə etmək məsələsinə çox ciddi yanaşırlar:

SAYTIMIZDA İNFORMASİYA KİFAYƏT QƏDƏRDİR

«Biz veb-sayt quranda informasiya əldə etməklə bağlı qanunu götürdük, onun tələblərinə uyğun da işimizi qurmağa çalışdıq. Saytımızda informasiya kifayət qədərdir. Vətəndaşların informasiya təminatı isə tək saytla aparılmır. Digər xidmətlər də var. Məsələn, bir ilə yaxındır sms xidməti tətbiq etmişik. Həm elektron poçt, həm mobil telefonla məlumatlar göndəririk. Bu da kifayət qədər effektli olur».

Media Hüquqları İnstitutu informasiya əldə etməklə bağlı hökumətə tövsiyələr də verib. Tövsiyələrə görə, hökumət informasiya azadlığı ilə bağlı Avropa Konvensiyasını imzalamaq və ratifikasiya etmək yolunda zəruri addımlar atmalı, hüquqi konsepsiyaları inkişaf etdirməli, informasiya məsələləri üzrə müvəkkil institutu yaradılmalı, əhalinin internetə çıxış imkanlarının genişləndirilməsinə şərait yaratmalıdır.
XS
SM
MD
LG