Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:31

Tanınmışlar seçkiyə gedirmi? Gedirsə hansı dairədən?


Bələdiyyə seçkiləri, 23 dekabr 2009
Bələdiyyə seçkiləri, 23 dekabr 2009
ƏBƏS YERƏ HƏYAN, ABIRIN GEDİR…

Akif İslamzadə, ziyalı:

- Namizədliyimi verməyəcəyəm. Mənasız şeydi. Əbəs yerə vaxtın gedir, həyan, abırın gedir. İndidən bilinir ki, parlamentə kimlər düşəcək…

Mehriban Vəzir, ziyalı:

Əli Kərimli
- Seçkilərdə yalnız vəkil kimi iştirak edəcəm. Özüm namizədliyimi verməyəcəm. İndiki şəraitdə seçiləcək parlament mövcud parlamentdən heç nə ilə fərqlənməyəcək. Belə bir parlament isə çox gedə bilməz…

AXCP sədri Əli Kərimli isə seçkilərə qatılmaq fikrindədir. Bu partiyadan verilən məlumata görə, onun 31 saylı Suraxanı Seçki Dairəsindən namizədliyini irəli sürəcəyi gözlənilir. Ancaq bu hələ tam dəqiqləşməyib. AXCP-nin də daxil olduğu «Azadlıq» blokunda ümumilikdə seçki siyahısı ilə bağlı məsləhətləşmələr davam edir.

LALƏ ŞÖVKƏT ÜÇÜN PARLAMENT KEÇMİŞDƏ QALIB


Azərbaycan Liberal Partiyanın lideri Lalə Şövkət isə hələ bir müddət əvvəl seçkiyə qatılmayacağını bəyan edib. Bu partiyanın sədr əvəzi Əvəz Temirxan deyir ki, Lalə Şövkət üçün parlament keçmişdə qalıb. Lalə Şövkət 2005-ci ildə keçirilən parlament seçkilərində qələbə çalsa da, bütünlükdə seçkinin saxtalaşdırıldığını iddia edərək öz mandatından imtina etmişdi. Əvəz Temirxan deyir ki, Lalə Şövkət namizədliyini irəli sürməsə də, bütün gücü ilə təmsil olunduqları «Azadlıq» blokunun uğurları üçün çalışacaq:

Lalə Şövkət
- 1990-cı il parlament seçkilərinə də mərhum Əbülfəz Elçibəy qatılmamışdı. Ancaq bu onun siyasətdən getməsi demək deyildi. O, iki il sonra xalqın əksər səsini qazanaraq prezident seçildi.

Əvəz Temirxanın özü isə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən namizədliyini vermək fikrindədir:

- Ölkənin ziyalıları, mədəniyyət xadimləri, dövlət adamları əsasən həmin dairədə yaşayırlar. Yəqin ki, onlar məni başa düşəcəklər.

İSA QƏMBƏR TƏKLİFLƏRİ DƏYƏRLƏNDİRİR

Müsavat Partiyasının başqanı İsa Qəmbər də parlament seçkilərinə qatılacağını bəyan edib. Ancaq onun hələ ki, hansı dairədən namizədliyini verəcəyi açıqlanmır. Bu partiyanın seçki departamentindən verilən məlumata görə, İsa Qəmbərə bununla bağlı Nərimanov, Yasamal, Xətai rayonlarından və Sumqayıt şəhərindən təkliflər gəlib. O, indilikdə bu təklifləri dəyərləndirir.

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəloğlu:

Mirmahmud Mirəloğlu
- Namizədliyimi 42 saylı Sumqayıt Seçki Dairəsindən verəcəm. Sumqayıtda yaşayıram, orada insanlarla daha çox ünsiyyətdə oluram. 2006-cı ildə təkrar parlament seçkilərində də namizədliyimi Sumqayıtdan verib, qələbə çalmışdım. Ancaq hakimiyyət qələbəmi tanımadı. Baxmayaraq ki, 2000-ci il parlament seçkilərində qələbəm tanınmışdı. Onda da müxalifətin parlamentin işinə qatılmamaq haqqında qərarı olduğundan mandatdan imtina etdim.

PƏNAH HÜSEYN SABİRABADDAN NAMİZƏDLİYİNİ VERMİR

Pənah Hüseyn, millət vəkili:

- Mən bu dəfə namizədliyimi 22 saylı Nəsimi Seçki Dairəsindən verəcəyəm. Sabirabadda mənim yerimə namizədliyini, üzv olduğum Xalq Partiyasının sədri Qiyas Sadıqov verəcək.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

Sərdar Cəlaloğlu
- Mən namizədliyimi 21 saylı Nəsimi Seçki Dairəsindən verəcəm. Bu yeni formalaşan bir dairədir, orada əsasən yoxsul və orta təbəqə yaşayır. Mən yoxsul və orta təbəqənin səsinə arxalanıram.

Səməd Seyidov, Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin sədri:

- Hələ seçkilərdən danışmaq tezdir. Görüləsi çox işlər var. Parlamentdə müzakirələr, beynəlxalq təşkilatlarla danışıqlar, seçicilərlə görüşlər…Mən sizin suallarınıza sentyabrda daha dəqiq cavab verə bilərəm…

AZƏRBAYCAN XALQI DEMOKRATİK SEÇKİLƏR ÜÇÜN FORMALAŞMAYIB

Zərdüşt Əlizadə, politoloq:

- Mən namizədliyimi vermək fikrində deyiləm. Mən heç hakimiyyətin azad və ədalətli seçkilər üçün iradəsinin olmamasından da danışmıram. Xalq demokratik seçkilər üçün formalaşmayıb. Seçkiyə gedib təhqir olunmaqdansa, maarifləndirmə işini üstün tuturam.

Ərəstun Oruclu
Ərəstun Oruclu, politoloq:

- Namizədliyimi verməyəcəm. Parlament Azərbaycanın siyası həyatında heç bir rol oynamır. Lap parlamentə düşmək mümkün olsa belə, onunla nəyisə dəyişməyin mümkün olacağına inanmıram.

HƏTTA DEKLARASİYA ÜÇÜN BELƏ İMKAN YOXDUR

Rauf Mirqədirov, politoloq:

- Mən bu dəfə namizədliyimi verməyəcəm. Çünki nəinki azad və ədalətli seçkilər üçün, hətta deklarasiya üçün də imkanlar yoxdur. Bu, özünü aldatmaq olardı.
XS
SM
MD
LG