Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:35

Beynəlxalq təşkilatlar seçki planlarını açıqladılar


Avropa Şurası, ATƏT-in və Avropa Birliyi nümayəndələrinin mətbuat konfransı
Avropa Şurası, ATƏT-in və Avropa Birliyi nümayəndələrinin mətbuat konfransı
Aprelin 7-də Avropa Şurasının, ATƏT-in və Avropa Birliyinin Bakı nümayəndəliyi qarşıdan gələn parlament seçkiləri ilə bağlı planlarını ictimaiyyətə açıqladılar. ATƏT-in Bakı ofisinin rəhbəri səfir Bilgə Cankorel dedi ki, bu seçki Azərbaycanda siyasi proseslərin inkişaf göstəricisi olacaq. Səfirin fikrincə, son prezident seçkilərində müəyyən irəliləyişlər baş verdi. Onlar bu proseslərin daha da irəliləməsini istəyirlər. Bilgə Cankorel əvvəlcə gözləntilərini dilə gətirdi.

BEYNƏLXALQ TƏŞKİLATLARIN GÖZLƏNTİLƏRİ

Onun deməsinə görə, hər şeydən əvvəl seçki komissiyalarının formalaşması ilə bağlı problemlərin aradan qaldırılmasını istəyirlər. Eyni zamanda, komissiya sədrlərinin də üçdə bir prinsipi ilə təyinatını mümkün sayırlar. Bundan başqa, namizədlərə təbliğat-təşviqat mərhələsində bərabər imkanların yaradılması da gözləntiləri sırasına daxildir. Onun fikrincə, tək özəl kanallar yox, elə dövlət televiziyaları da namizədlərin üzünə açıq olmalıdır:

- Üçüncü xüsusiyyət namizədlərin qeydiyyatı məsələsidir. Bu məsələylə bağlı heç bir problem yaşanmadan seçki prosesi aparılmalı və sona çatdırılmalıdır.

Bilgə Cankorel dedi ki, onların gözləntilərinə müstəqil müşahidəçilərə və mediaya tam azadlığın yaradılması da daxildir. Eyni zamanda onun fikrincə, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunun icrası ilə bağlı problemlər də aradan qaldırılmalıdır.

ATƏT-İN BAKI OFİSİNİN GÖRƏCƏYİ İŞLƏR

ATƏT-in Bakı ofisinin seçki öncəsi görəcəyi işlərə toxunan səfir, daha sonra da qeyd etdi ki, onlar əvvəlki illərlə müqayisədə fəaliyyətlərini genişləndirmək niyyətindədirlər.
Bilgə Cankorel
Bura ilk növbədə maarifləndirmə işinin aparılması daxildir. Bundan başqa, ATƏT-in Bakı ofisində seçki şikayətlərinin dəyərləndirilməsi üçün telefon servisi qurulacaq. Bu servis vasitəsi ilə hüquqları pozulan şəxslərə və təşkilatlara hüquqi məsləhətlər veriləcək. Daha sonra siyasi partiyaların iştirakı ilə dəyirmi masalar təşkil ediləcək.

Bilgə Cankorelin fikrincə, bu seçkilər demokratik prosesləri dəyərləndirmək baxımından tək onlar yox, elə Azərbaycan üçün də əhəmiyyətlidir:

- Bu baxımdan əvvəlki seçki müşahidələrimizdə ortaya çıxan bir sıra pozuntu və problemlərin dəf edilməsi üçün Azərbaycanın səy göstərəcəyinə ümid edirik. Və bu səyə hər cür dəstək verəcəyimizi vəd edirik.

ATƏT-in Bakı ofisinin rəhbəri kimi, Avropa Şurası və Avropa Birliyinin nümayəndələri də təmsil etdikləri qurumların həyata keçirəcəkləri yardım proqramlarından bəhs etdilər. Onlar jurnalistlərin suallarını cavablandırarkən seçkilərin demokratik keçirilib-keçirilməyəcəyi baxımından mövcud şəraiti birmənalı dəyərləndirməkdən çəkindilər. Jurnalistlərin belə bir şəraitdə keçirilən seçkilərin legitim sayılıb-sayılmayacağı ilə bağlı verdikləri sual da cavabsız qaldı.

DEMOKRATİYA SEÇKİDƏN-SEÇKİYƏ YADA DÜŞMƏMƏLİDİR

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə təəssüflə qeyd edir ki, beynəlxalq təşkilatlar siyasi plüralizmlə bağlı məsələləri əsasən seçkidən-seçkiyə gündəliyə gətirirlər.
Anar Məmmədli
Halbuki, bu proseslər davamlı qaldırılmasa və mövcud problemlərin kompleks həlli tapılmasa, heç bir inkişafdan söhbət belə gedə bilməz.

Anar Məmmədli deyir ki, bəzi beynəlxalq təşkilatların 2008-ci ildə keçirilən prezident seçkilərində müəyyən irəliləyişlərdən danışmasını o başa düşür. Çünki sonuncu prezident seçkilərində 2003-cü ildə olduğu qədər total saxtakarlıqlar baş verməyib. Ancaq Anar Məmmədlinin fikrincə, həmin təşkilatlar nədənsə unudurlar ki, sonuncu prezident seçkiləri tamam alternativsiz keçirildi. Əgər icra strukturları ciddi rəqabət görsəydilər, onda da total təzyiqlərdən çəkinməyəcəkdilər:

- 2009-cu il bələdiyyə seçkiləri və referendum göstərdi ki, Azərbaycanda heç bir təkmilləşmə yoxdur. Çünki artıq rəqabət vardı. Namizədlərə təzyiqlər göstərilir, seçki prosesinə ciddi müdaxilələr edilirdi.

Anar Məmmədlinin fikrincə, beynəlxalq təşkilatlar Azərbaycanda irəliləyişlərdən danışmaqdansa, ehtiyatkarlığa son qoymalıdırlar. Əks halda Azərbaycanda demokratikləşmə prosesinə ciddi töhfə vermək mümkün olmayacaq.
XS
SM
MD
LG