Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:25

Üç soyadın yükünü çəkən qadın...


Dilguşə xanım həyat yoldaşı Çingiz Cuvarlıyla, 1938
Dilguşə xanım həyat yoldaşı Çingiz Cuvarlıyla, 1938
DİLGUŞƏ NAĞI BƏY QIZI XASMƏMMƏDOVA-YUSİFBƏYLİ-CUVARLININ ƏZİZ XATİRƏSİNƏ

2008-ci ilin yazı idi. Cümhuriyyətin 90 illiyi yaxınlaşırdı. Onun necə «bayram» edildiyi bəs-bəlli. Heç olmasa, biz bu boşluğu dolduraq dedik və «Can Bakı» proqramında «Cümhuriyyət həftəsi» keçirdik. Onunla da ürəyimiz soyumadı. «İz» proqramında xeyli vaxtdır başladığımız «Cümhuriyyət fədailəri» silsiləsini davam etdirdik. Hər həftənin bazar günü bir fədainin ruhunu andıq.

Növbə Nəsib bəy Yusifbəyliyə çatanda, dostumuz Toğrul Cuvarlını xatırladıq. O, Nəsib bəyin bacısı nəvəsiydi, axı. Üstəlik, Toğrul bəyin yaşı az qala 90-nı haqlayan anası vardı -- Nəsib bəyin dos-doğmaca bacısı qızı Dilguşə xanım! Bu fürsəti qaçırmaq olardımı?

Odur ki, 2008-ci ilin ilıq bir may günündə cümə günü «Can Bakı»nın canlı efirindən çıxıb tələsik nahar elədim, bazar ertəsinin verilişini dəqiqləşdirib diktofon qoltuğumda Toğrul bəygilə yollandım. Yolda axtarıb ən sevdiyim ağ qızılgüllərdən bir dəmət hazırlatdım və Dilguşə xanımın görüşünə tələsdim...

MƏNİ NƏ PƏRT ETDİ?

Düzü, təntənəylə qarşılandığımı görüb təəccübləndim. Gözəl bir süfrə açılmışdı. Hətta ana-oğul birləşib aş da dəmləmişdilər! Çox mütəəssir oldum.

Dilguşə xanım lap nağıllarımızda deyilən ipək nənələrdəndi. Sevimli, mehriban, elə bil ki, illərcə duz-çörək kəsmişdik, dostluq etmişdik. Şirin-şirin danışır, dil-ağız edirdi. Həyat yoldaşımın kefini soruşurdu. Yaşını düşünüb tələsik işə keçməyə qərar verdim. Diktofonu sazlamaq istəyəndə...

Vay!!! Mikrofonun ucluğu diktofona keçmir, axı... Aha, ucluğu köhnə diktofonun ucu ilə səhv salmışam... Tələsik durumu telefonla Bakı Bürosuna çatdırdım. «Bir az səbr elə, çaparla göndərərik»—dedilər. Və mən o üzdən sevimli Dilguşə xanımı xeyli gözlədəsi oldum, onu bir az yordum. Məni bağışla, Dilguşə xanım!

HƏR GÜN ŞƏKİLLƏRƏ BAXIRAM...


Nəsib bəy Yusifbəyli
Diktofon öz yarısına qovuşanacan Dilguşə xanımla elə-belə söhbət etməli olduq. Hər dəfə məsələ ən maraqlı yerə gəlib çatanda, başlayırdım həmsöhbətimə yalvarmağa. «Amandı--deyirdim, danışmayın, sonra diktofona danışarsınız». Mümkün idimi? Dilguşə xanım qarşıma əsilli-köklü bir ailənin albomunu açmışdı. Orada daha nələr, kimlər yox idi? «Hər gün bu şəkillərə baxaraq günümü keçirirəm»- deyirdi Dilguşə xanım –«Toğrul işə gedir, qalıram tək, başlayıram şəkillərə baxa-baxa keçmişlə danışmağa».

O KEÇMİŞDƏN KİMLƏR BOYLANIRDI?


Dedim axı, Dilguşə xanım Cümhuriyyətçilər nəslindəndi. Baş nazir Nəsib bəy Yusifbəylinin bacısı qızı, üstəlik, daxili işlər və ədliyyə naziri Xəlil bəy Xasməmmədovun qardaşı qızıydı. Mənim Nəsib bəyə daha çox diqqət verməyim müsahibimi çox üzürdü. «Hamı Nəsib dayımla maraqlanır. Heç yazıq əmimi xatırlayan yoxdur» - deyirdi Dilguşə xanım.

«AZƏRBAYCANCA DANIŞ!»


«Mne jalko dyadi!». Toğrul bəy o dəqiqə «Azərbaycanca danış!» əmri verirdi. Dilguşə xanım da deyirdi ki, Toğrulu qarşımda görən kimi, özüm də bilmədən keçirəm ruscaya. Sonra başlayırdı Gəncədə keçirdiyi uşaqlığından danışmağa. Böyük bir həyətdə yaşayırmışlar. Kseniya Vladimirovna Klenevskayadan - 20-ci illərdə Gəncədə Kənd Təsərrüfatı İnstitutunda alman dili dərsi verən o ziyalı xanımdan ağızdolusu danışırdı. Dilguşə xanım rus dilini o xanımdan öyrənmişdi. Onun həyat yoldaşı cənab Klenevski Müsavat hökumətində nazir, parlamentin hüquqşünası olmuşdu. Dilguşə xanım tez-tez onların evlərində saxladığı Fətəli xan Xoyskinin qardaşı oğlu Adili xatırlayırdı, Zallı Qəhrəmanı anırdı, Gəncənin seçkin insanlarını, hətta xidmətçiləri Məsini yada salırdı. Dilguşə xanımın 10 yaşı olanda, bolşevik hökuməti onları Xasməmmədovların evindən çıxarır. «Məsi heç bizi unutmurdu. Hər dəfə anamın yanına gəlib ağlayırdı ki, ay xanım, kaş öləydim, sizi bu gündə görməyəydim»...

BOLŞEVİKLƏRİ GƏNCƏYƏ GƏTİRƏN UŞAQ...

Dilguşə xanım 1920-ci ilin iyulunda doğulmuşdu. Evdə həmişə zarafatla deyirlərmiş ki, bolşevikləri Gəncəyə sən gətirdin. O da əvvəl inanar, amma bir az böyüyəndən sonra qayıdarmış ki, elə şey yoxdur, onlar məndən qabaq -- apreldə gəliblər... Cavabı atası Nağı bəy öyrədibmiş ona.

«DYADYA XƏLİL» KİMDİR?


Xəlil bəy Xasməmmədov
Gəncənin «2-ci çast» deyilən məktəbində təhsil alıb Dilguşə xanım. Yaxşı müəllimləri varmış, çar gimnaziyasını bitirənlər dərs deyirmiş. Adına olan əlaçı attestatını başqasına vermək istədiklərini də xatırlayır. Xalq düşməniymişlər, axı. Həmişə məktəbdə Xəlil əmisinin adına and içərmiş. Bir dəfə erməni şagird yoldaşı ona irad tutub. «Sən niyə həmişə «Klyanus imenem dyadi Xelila»- deyirsən, hamı pioner şərəfinə and içir, sənsə Xəlilə . Kimdir bu dyadya Xəlil? Atam dedi, qızım, daha and içmə...

«BAJIN ÖLSÜN, AY NƏSİF!»

«Bütün həyatım Nəsib dayımla Xəlil əmimin adına bağlı olub» - deyən Dilguşə xanım, anası Dilşad xanımın qardaşına tutduğu yasın ağırlığı altında böyüyüb. Nəsib bəy xasiyyətcə çox yumşaq, mərhəmətli adam olduğundan bacısı onu lap çox istəyirmiş. «Anam həmişə dizinə döyə-döyə ağlayardı. Deyərdi ki, bajın ölsün, ay Nəsif, bajın ölsün!»

«SÜRGÜNƏ ANAM DA GETSİN!»


İki dəfə sürgün həyatı yaşayıblar Nəsibbəylilərlə Xasməmmədovlar. Biri onun uşaqlıq çağına düşüb. «NEP vaxtıydı». Dilguşə xanım ikinci sürgünü yaxşı xatırlayır. Yaşadıqları məhəlləni KQB daim nəzarətdə saxlayır, onları güdürmüş. 1949-cu ildə qardaşı ilə bacısına sürgün əmri çıxarılır. Qardaşı gizlənib getməyə bilərmiş. Bacısına görə gedəsi olur. Gülnar Qızılhacılı kəndində müəllimə, həm də dərs hissə müdiri imiş. Ağlayıb özünü öldürürmüş ki, anam da getsin mənimlə. Dilguşə xanım məcbur qalıb gedir NKVD-yə. Anasına sürgünə getməyə icazə almaq üçün! Orda bir nəfər ona deyir ki, anan getsə, eşalon tərpənən kimi öləcək. Dilguşə xanım qardaşı ilə bacısını sürgünə anasız göndərmək məcburiyyətində qalır...Bu da bir acı gülməcə...

«ÖZ İSTƏYİMLƏ, SÜRGÜNƏ»...

40 gün yol gedirlər. Mal-qara vaqonunda. Nəsib bəyin kiçik qardaşı Eyyub bəy də onlarla gedirmiş. Eyyub bəy «təcrübəli» imiş. Əvvəllər hətta Solovki sürgünündə də olubmuş. Yolda bacısı sarılıq tutur. Axırda onları Tomskda düşürürlər. Dillərindən kağız alırlar ki, mən bura öz istəyimlə gəlmişəm... Ta 1956-cı ilədək orda qalırlar. Sürgün onların sağlamlığına elə damğa basır ki, üçü də qayıdandan sonra sağalmaz xəstəliklərin qurbanı olurlar...

«NƏSİB DAYIM DA İSTƏNİLƏSİ OĞLANMIŞ»...

Dilguşə xanım dayısının ötən əsrin əvvəllərində Baxçasarayda İsmayıl bəy Qaspralının qızı Şəfiqə xanımla evlənməsinin tarixçəsini də danışır. Nəsib bəy Odessada oxuyurmuş. Arada gəlib Baxçasarayda İsmayıl bəyin buraxdığı «Tərcüman» qəzetində də çalışırmış. Şəfiqə xanım da qəzetdə tərcüməçi işləyirmiş. Beləcə, tanış olurlar. «Nəsib dayım da istəniləsi oğlanmış» - deyir Dilguşə xanım. 1905-ci ildə evlənirlər. Bir il sonra ilkləri Zöhrə xanım doğulur. Sonra Niyazi.

ZÖHRƏ XANIM NƏSİB BƏYİN SON GEDİŞİNİ NECƏ XATIRLAYIB?

«Bir gecə babam gəldi ki, mən gedirəm Türkiyəyə, sonra gəlib sizi də aparacam». Bir ağ köynək və sənədlər götürüb gedib.Və bu son gediş olub. Dilguşə xanım Zöhrə xanımdan eşitdiyi versiyanı danışır. Guya onu əlindəki çantaya görə öldürüblər. Ad da çəkir - Qarxunlu Ələskərin dəstəsi. Sonra çaya atıblar. Çantada isə heç nə yoxmuş. Sənədlər və köynəkdən başqa...

«ŞƏFİQƏ XANIMI NƏRİMANOV TÜRKİYƏYƏ KEÇİRDİ»

Əvvəlcə Tiflisə qədər qatarla gediblər. Sonra bərəylə Qara dənizdən Türkiyəyə keçiblər. «Xəlil əmim də Nərimanovun qardaşı Rüfətin köməyilə keçdi Türkiyəyə». Xəlil bəyin heç kimi qalmayıb orda. Bir oğlu olub, o da ölüb.
Dilguşə xanım və Zöhrə xanım Bakı hava limanında, 1969
Tək yaşayırmış. Şəfiqə xanımın (Nəsib bəyin) nəvələri, nəticələri qalıb. İndi dünyanın hər yanına səpələniblər.

NƏSİB BƏYİN QIZI ZÖHRƏ XANIM SOVETLƏR VAXTI BAKIYA GƏLİBMİŞ!


İnanılası deyil, amma 1969-cu ildə Zöhrə xanım Vətənə gələ bilib. İmam Mustafayevin köməyilə. İmam Mustafayev Zöhrə xanımın əri Mirzə Göygöllə yaxınmış. Zöhrə xanım gəlib Bakını gəzir, hətta Gəncəyə, Sumqayıta, Qubaya da gedir. Ay yarım qalır. Dilguşə xanım ona elə isnişir ki, gedəndə ayrılmaq istəmir. Hava limanında sarılırlar bir-birinə. Dilguşə xanım, bir anlıq, ərini və 2 uşağını unudub deyir: «Zöhrə, istəyirsən mən də səninlə uçum». Zöhrə xanım da «İstiyorum!» cavabını verir. Sadəlövhcəsinə gəlirlər Bakı hava limanı görəvlisinin yanına ki, Dilguşə xanımı Türkiyəyə buraxsınlar. Heyhat!.. Bu ilk və son görüş olur.

AYRILIĞIN SONU YOXMUŞ...


Dilguşə xanım bir də aradan az qala 40 il sonra Zöhrə xanımı televiziyada görə bilir. TV-lərin birinə ölümündən öncə İstanbulda müsahibə verən Zöhrə xanım lap əldən düşübmüş. Dilguşə xanım Nəsib dayısının qızının köməksiz, ixtiyar görünüşündən çox üzülmüşdü. «İnsafsızlar, onu bu halda niyə göstərirsiniz?» - deyib televiziya kanalını suçlayırdı.

Dilguşə xanım tənha günlərində şəkillərə baxaraq gününü başa vuranda, Zöhrə xanımın İstanbuldan göndərdiyi bir məktubu lupa ilə oxuyub təsəlli tapırdı. Məktubu mənə də göstərdi. Zöhrə xanım yazırdı: «Sən bilməzsin təzədən ayrılmaq mənə nə qədər çətin gəldi...»

«ATAM NƏSİB BƏYİN QOHUMU OLDUĞUNU HEÇ VAXT GİZLƏTMƏDİ»

Tale Dilguşə xanımın üzünə ömür yoldaşı seçimində gülür. Öz qohumu Çingiz Cuvarlıyla evlənir. Bəy qızı, bəy nəvəsi elə bəy oğluna da ərə gedir. «Qayınatam Mehdi bəy baytar həkimi idi. Tartu universitetini bitirmişdiı». Kimə evləndiyini yaxşı bilən akademik Çingiz Cuvarlı bütün ömrünü şərəflə yaşadı. «Atam heç vaxt Nəsib bəyin qohumu olduğunu gizlətmirdi». Bu da Toğrul Cuvarlının sözləridir.

AY SƏRSƏM DÜNYA!

Dilguşə xanım 90 yaşın tamamına 4 ay qalmış bu amansız, «bu sərsəm, sərsəm, sərsəm dünya» ilə vidalaşdı. Üç soyadın ağırlığını 90 ilə yaxın çəkən qadın 4 ayın tamamını gözləyə bilmədi. Dünya kübar, xanım-xatın, həm də sadə, mehriban bir insanını qeyb etdi.
Dilguşə xanım 90 yaşın tamamına 4 ay qalmış bu amansız, «bu sərsəm, sərsəm, sərsəm dünya» ilə vidalaşdı
Dünya bir az kiçildi, bir az daraldı, bir az kimsəsizləşdi...

«PADŞAH BACISI OLDUQ, QUDURMADIQ…»

Dilguşə xanım anasının bir sözünü həmişə təkrarlayırmış. Mənə də söylədi. Əsilli bir ailədən çıxmış, elə o cür ailənin də gəlini olan Dilşad xanım özündənrazı, qudurğan adam görəndə həmişə deyərmiş. «Padşah bacısı olduq, salon-vaqonda Bakıya getdik, Mayılov teatrında lojada oturduq—qudurmadıq! Bunlar niyə qudururlar?».

P.S. Əziz oxucum! Bilirəm, səni yordum. Ancaq inan ki, cəmi bir neçə saatlıq görüşdən sonra mən o xanıma çox bağlandım. 90 yaşına yetsə də, onun bizləri tərk etməsindən çox üzüldüm. Əslində, ürəyim elə dolu qaldı. Heç boşalmadım... İndi Dilguşə xanım öz arzusu ilə Gəncənin Səvzkar məzarlığında əbədi yuxuya dalıb. Amma yanında nə dayısı Nəsib bəy Yusifbəyli var, nə əmisi Xəlil bəy Xasməmmədov... Birincisinin məzarı belə yoxdur. İkincisi İstanbulun Feriköy məzarlığında uyuyur. Bir neçə il öncə Toğrul bəy İstanbulda olarkən nə qədər axtarsa da, onun qəbrini tapmayıb... Hə, bir də Dilguşə xanıma verdiyim söz hələ də qüvvəsindədir. Xəlil bəy haqqında «Cümhuriyyət fədailəri» silsiləsindən veriliş hazırlamalıyam!
XS
SM
MD
LG