Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

Uşağın biri 1 man 20 qəpik


Ölkə qanunvericiliyinə görə, Azərbaycanda uşaqların peyvənd olunması pulsuz həyata keçirilməlidir. AzadlıqRadiosuna şikayət edən Gəncə sakinləri isə vəziyyətin fərqli olduğunu deyirlər.

UŞAĞIN ANKETDƏ BORCU OLMAMALIDIR


«Valideynləri çağırırlar, deyirlər ki, peyvənd iynələrini vurdun-vurmadın uşağın biri 1 man 20 qəpikdir. Bu pulu ödəməlisən ki, uşağın anketində borcu olmasın. İndiyə qədər pulsuz olub, indi deyirlər ki, yuxarıdan tapşırıblar pul yığılmalıdır».

«Ərazi üzrə xəstəxanada uşağa hər ay müxtəlif infeksion xəstəliklərə qarşı peyvəndlər vurulur. Düzdür, peyvəndlərə pul verməsək də, həkimlərə, tibb bacısına müəyyən miqdarda pul veririk».

Valideynlərin sözlərinə görə, iki-üç uşağı olanlar hər uşaq üçün ayrıca ödəniş etməlidirlər. Peyvəndlərin sayı da çoxdur, körpə uşaqlar üçün bəziləri hətta hər ay və ya hər il vurulur. Bu da valideynləri peyvəndsiz keçinməyə məcbur edir.

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayevin dövlət xəstəxanalarda vətəndaşlardan qeyri-rəsmi ödənişlərin tələb olunması faktını təkzib edir:

«Respublikamızda peyvənd sahəsində vətəndaşlardan pul tələb olunmayıb. Bu qərəzlidir. Azərbaycanda peyvənd olunması heç vaxt pullu olmayıb, indən sonra da ola bilməz».

BÜTÜN UŞAQLAR PEYVƏND OLUNUR

Səhiyyə İdarəsinin baş pediatrı Yeganə Həsənova deyir ki, hər bir uşaq yaşına uyğun olaraq ərazi üzrə poliklinikalarda vaxtlı-vaxtında peyvənd olunurlar.

«Dövlət poliklinikalarında 6 yaşına qədər bütün uşaqlar 9 xəstəliyə qarşı pulsuz peyvənd olunur. Evdə qətiyyən peyvənd olunmur. Bütün poliklinikalarda ayrıca peyvənd otaqları var. Otaqlar bütün zəruri avadanlıqlarla təchiz olunub. Peyvəndlər də vaxtlı vaxtında aparılır».

Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov deyir ki, tibbin digər pulsuz sahələrində olduğu kimi uşaqların peyvənd olunması üçün qeyri-qanuni ödənişlərin tələb olunmasına başlanılması təəccüblü deyil.

TİBB İŞÇİLƏRİ PUL ALMAĞA MƏCBURDUR

«Səhiyyədə işləyən həkimlər, tibb bacıları cüzi maaş alırlar. Buna görə də onlar göstərdikləri tibbi xidmət qarşılığında «hörmət edilməsinə» ehtiyac duyurlar. Bu başqa məsələdir. Ancaq peyvəndin vurulması qarşılığında onlardan müəyyən miqdarda pul verməyə məcbur edilməsi artıq cinayətdir».

Səhiyyə üzrə ekspert Süleyman Cəbrayılov isə deyir ki, uşaqların peyvənd olunmasına qeyri-ciddi yanaşma narahatlıq doğuran məsələdir. Onun sözlərinə görə, tibb müəssisələrində qeyri-qanuni ödəmələr barədə yoxlamalar aparılmalıdır. Sahə həkimləri valideynlər arasında peyvəndin əhəmiyyəti barəsində maarifləndirməyə daha çox diqqət yetirməlidir:

«Elə peyvəndlər var ki, mübahisəlidir. Məsələn, quş qripi, donuz qripinə qarşı. Amma o peyvəndlər ki, sübut olunmuş təbabət əsasında, klinik-epidemiologiya əsasında bütün dünya qəbul edib bu peyvəndlər mütləq vaxtlı-vaxtlında edilməlidir. Bütün dünyanı epidemiyalardan peyvəndlər qoruyur. Peyvəndsiz mümkün deyil».
XS
SM
MD
LG