Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:43

«Adamlar qanı ya pulla almalı olurlar, ya da…»


Azərbaycanda Qan Bankına qan verənlər yalnız könüllü donorlardır
Azərbaycanda Qan Bankına qan verənlər yalnız könüllü donorlardır
«Qızım üçün təcili qan lazımdır. O, hazırda ağır vəziyyətdədir. Həkimlər deyirlər ki, qan nə qədər tez olsa, o qədər yaxşıdır. Ona görə də öz əlimlə, öz maşınımda qanı Müdafiə Nazirliyinin hərbi hospitalına aparıram».

Bu, maşın qəzasında ciddi xəsarət almış Günay Məmmədovanın atası Abbas Məmmədovun dedikləridir. Onunla Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun qarşısında rastlaşdıq. Ayaqüstü söhbətdə dedi ki, hospitaldan Mərkəzi Qan Bankına göndərişlə gəlib. Və lazım olan qədər qan əldə etməkdə heç bir problemi olmayıb. Qan Bankından deyiblər ki, narahat olmasın, bundan sonra da nə qədər lazım olsa qızını qanla təmin edəcəklər. Özü də təmənnasız- filansız.

Mərkəzi Qan Bankının vəziyyəti barədə bank rəsmiləri ilə danışmaq istəsək də, ordan bildirdilər ki, bunun üçün Səhiyyə Nazirliyinin icazəsi olmalıdır. Nazirlikdənsə suallarımıza cavab verən tapılmadı.

HƏR İL 5-6 MİN DONOR ARTIM OLUR

Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyev bu yaxınlarda «Bizim yol» qəzetinə deyib ki, Azərbaycanda Qan Bankına qan verənlər yalnız könüllü donorlardır. Müxtəli günlərdə kütləvi şəkildə qanvermə aksiyası keçirilir. Bundan sonra qanlar toplanılır və qanın təhlükəsizliyinin təmin olunması məqsədi ilə yoxlamalardan keçirilir. Hər il 5-6 min donor artım olur. 2005- ci ildə 17 min donor var idisə, indi 45 min donor könüllü qanvermə aksiyalarında iştirak edir. Bankda toplanan qan və qan preparatları hemofiliya və talasemiyyalı, ümumiyyətlə qana ehtiyacı olan xəstələrə pulsuz verilir.

Azad Hacıyevin sözlərinə görə, ola bilsin bir neçə il bundan öncə qanın satılması halları olub. Ancaq indi bu kimi faktların olduğunu demək əsassızdır: «2008-ci ilin əvvəlindən Səhiyyə naziri tibbdə pullu xidməti ləğv etdi və bu qərar qan xidmətinə də aid edildi. Ola bilər özəl sektorlarda qan satışı olsun, ancaq Mərkəzi Qan Bankından alınan bütün qanlar pulsuz verilir».

«Sağlamlığa Çağırış» QHT Alyansının sədri Süleyman Cəbrayılov isə deyir ki, xroniki qana ehtiyacı olanların qanla təmin edilməsində problem var.
Bakıda qanvermə aksiyası, 30 yanvar 2007
Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna düşənlər ya qanı pulla almalı olurlar, ya da ən yaxşı halda xəstənin qohumları qan verir. Yəni orada problemlər elə əvvəlki kimi qalmaqdadır:

BİRİ DƏ PULSUZ OLMADI

«Bu yaxınlarda mənim ən yaxın adamımın başına gəldi bu işlər. Həmin uşaq 16 yaşında vəfat etdi. Mən konkret faktı deyirəm. Həddindən artıq acınacaqlı vəziyyətdir. Yəni orada bəlkə də yüz dəfə ona qan köçürüldü. Biri də pulsuz olmadı. Deyirlər ki, dövlət tərəfindən filan qədər qan götürülür. Amma birini gətirib ortaya qoymadılar. Belə çıxdı ki, bunların hamısı söhbət imiş».

Süleyman Cəbrayılov əlavə edir ki, bir vaxtlar qanın donorlardan pulla alınması təcrübəsindən istifadə olunurdu. Sonradan Dünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar təkid etdilər ki, qan donorlardan pulsuz, könüllülük əsasında alınsın. Çünki belə qanlar daha təhlükəsiz olur.

Alyans rəhbərinin sözlərinə görə, Azərbaycanda da bu təcrübədən istifadə olunur. Məqsəd də odur ki, qana ehtiyacı olanlar təmənnasız təmin edilsin. Ancaq hələ ki, bu məqsədin bir hissəsi-yəni təmin edilmə yerinə yetirilsə də, onun əsas şərti - təmənnasızlığı kağız üzərində qalır.

Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda qana olan bir illik tələbat 12 tondur. Bunun təxminən 400 litri hər il Aşura günü keçirilən könüllü qanvermə kampaniyalarında toplanır.
XS
SM
MD
LG