Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:26

Jurnalistlər MTN-ə niyə çağırılır?


 Milli Təhlükəsizlik Nazirliyinin binası
Milli Təhlükəsizlik Nazirliyinin binası
Martın 17-də daha iki jurnalist – «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və «Xural» qəzetində Elmar Hüseynovun qətlilə bağlı silsilə yazılarla çıxış edən Elxan Şükürlü Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırılıblar. Bir gün əvvəl isə «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu nazirlikdə olub.

Elxan Şükürlü təxminən dörd saat MTN-də dindirilib. O, dindirmədən sonra AzadlıqRadiosuna deyib ki, onu nazirliyə dəvət edəndə bunun nə ilə bağlı olduğu barədə ona heç bir məlumat verilməyib:

- Sonradan gəldim nazirlikdə Faiq Qəniyevlə görüşdük, o Elmar Hüseynovun qətlilə bağlı Eynulla Fətullayevin son iki bəyanatı ilə əlaqəli çağırıldığımı bildirdi. Hansı ki, Eynulla Fətullayev həmin bəyanatlarında Elmar Hüseynovun qətlilə bağlı hadisələrdə MTN zabitinin adının hallandığını bəyan etmişdi. İstintaq orqanında elə qənaət var ki, biz bu açıqlamalarla istintaqın gedişinə mane ola bilərik.

CİDDİ ARAŞDIRMA OLSA QATİLLƏRİ TAPMAQ OLAR


Elxan Şükürlü deyir ki, elə onun yazdıqları da istintaqın obyektiv aparılması və doğru nəticəyə gəlinməsilə bağlı olub. Jurnalist hesab edir ki, hər şey istintaqın ciddi araşdırma aparmasından asılıdır:

- Hesab edirəm ki, istintaq ciddi araşdırsa, bu məsələni yekunlaşdırmaq olar, qatilləri də tapıb ölkəyə gətirmək olar, sifarişçini də müəyyənləşdirmək olar. Mənim şərhlərim mətbuatda
Elxan Şükürlü
gedən məlumatlar əsasındadır. Amma hadisənin təfsilatı, istintaqın gedişilə bağlı məlumatları araşdıraq, nə isə yazaq, bizim belə imkanlarımız yoxdur.

Elxan Şükürlü nazirlikdə olduğu müddətdə ona hər hansı təzyiqlərin olmadığını deyir. Hər üç jurnalist Milli Təhlükəsizlik Nazirliyinə gedəndə söhbətin nədən olacağını bilmədiyi üçün vəkil xidmətindən istifadə etməyiblər.

Jurnalistlərin hər üçünün nazirliyə çağırılması Elmar Hüseynovun qətlilə bağlı yazılar və hazırda həbsdə olan Eynulla Fətullayevin bu qətllə bağlı MTN zabitinin adını çəkən son açıqlamasıyla bağlı olub.

Eynulla Fətullayev məhbəsdən göndərdiyi məktubunda iddia edirdi ki, onu Elmar Hüseynovun qatillərinin izinə düşdüyünə görə tutublar: «Qətlin təşkilatçılarının izlərini aşkar edib, bütün şübhələrin bir şəxsin – MTN zabiti Akif Çovdarovun ətrafında dolaşdığı qənaətinə gəldim».

Amma bu məlumat yayılanda nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev Eynulla Fətullayevin dediklərinin cəfəngiyyat olduğunu bildirmişdi.

Ötən gün MTN-ə çağırılan «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun AzadlıqRadiosuna dediyinə görəsə, nazirlikdə ona «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı şahid qismində istintaqa cəlb olunduğu bildirilib.

Baş redaktor deyir ki, bundan başqa ondan Eynulla Fətullayevin Elmar Hüseynovun qətlilə bağlı açıqlamalarının «Yeni Müsavat»da dərc olunmasının səbəblərini soruşublar:

Aslan İsmayılov
- Məlum oldu ki, məni Elmar Hüseynovun işilə bağlı şahid qismində dəvət ediblər. Məndən soruşulurdu ki, Eynulla Fətullayevin son vaxtlar verdiyi açıqlamaları «Yeni Müsavat» niyə dərc edir? Daha sonra istintaq sirrini yaymamaqla bağlı xəbərdarlıq aldım.

Amma hələ ki nazirlik jurnalistlərin istintaq orqanı tərəfindən dindirilməsilə bağlı hər hansı məlumat açıqlamayıb.

JURNALİSTLƏRİN GÖZÜ QORXUDULUR

Vəkil Aslan İsmayılov yazdıqlarına görə, jurnalistlərin Milli Təhlükəsizlik Nazirliyində dindirilməsini onların qorxudulmasına yönələn bir addım sayır:

- Bir dəfə bu nazirliyə girən jurnalistin içində bir xof olacaq. O nə qədər mətin, nə qədər qoçaq, əzmkar jurnalist olsa belə. Bu da yəqin ona hesablanmış bir məsələdir, amma bu yanlış bir məsələdir. Bütün insanlardan manqurt düzəltmək olmaz. Və buna getmək də lazım deyil.

«Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu isə hesab edir ki, əgər burda niyyət xoşdursa və jurnalistlərin dindirilməsi əlavə məlumat əldə etmək üçündürsə bu istintaqın işinə müsbət təsir edə bilər. Yox əgər məqsəd sadəcə bu yazıların qarşısını almaqdırsa, onda bu, söz və mətbuat azadlığının boğulması, həm də Elmarın Hüseynovun işinin unudulması deməkdir.
XS
SM
MD
LG