Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:43

«Əsas itkilərimiz ağ bayraq qaldırandan sonra baş verdi…»


OMON-çular

- Biz mühasirəni yaranda, çalışırdıq ki, camaatı yığıb gətirək, bu qırğının qarşısını alaq. Gördük ki, 62 kalibrli minaatanlardan «OMON»un (XTPD – Babək Bəkir) qərargahını vururlar. Halbuki, artıq ağ bayrağı qaldırmışdıq. Elə əsas itkilərimiz də ağ bayraq qaldırandan sonra baş verdi…

AĞ BAYRAQ

Bu, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) kəşfiyyat batalyonunun üzvü İlqar Əliyevin 1995-ci il 17 mart hadisələri ilə bağlı xatirələrindəndir.

Əslində, elə o vaxtlar ictimaiyyət arasında da belə fikirlər var idi ki, 1995-ci il martın 17-si səhər saatlarında Xüsusi Təyinatlı Polis Dəstəsinin qərargahında ağ bayraq qaldırılmasına baxmayaraq hökumət qoşunları atəşə ara verməyiblər.

Ancaq həmin hadisələrin ildönümü ilə bağlı istintaq qrupunun keçirdiyi mətbuat konfransında keçmiş Baş prokuror Eldar Həsənov ağ bayraqla bağlı verilən suala cavab verməkdən yayınmışdı.

HEYDƏR ƏLİYEVİN MÜHAFİZƏSİ…

İlqar Əliyev isə həmin hadisələrdən sonra vətənə xəyanət ittihamı ilə həbs edilərək düz 6 il azadlıqdan məhrum edilib. O indi düşünür ki, o vaxt hökumət qüvvələri ilə Xüsusi Təyinatlı Polis Dəstəsi arasında baş verən toqquşmadan yayınmaq olardı. Ancaq hakimiyyət onları məhv etmək yolunu tutduğundan bu mümkün olmayıb.

İlqar Əliyev 1993-cü ilin iyununda o vaxtlar Naxçıvan Ali Sovetinin sədri işləyən Heydər Əliyevi Bakıya gətirən mühafizə dəstəsinin arasında olub. Deyir ki, o vaxtlar Xüsusi Təyinatlı Polis Dəstəsi düz 6 ay Heydər Əliyevin mühafizəsini təşkil edib. İndi bunun peşmanlığını keçirən keçmiş döyüşçünün fikrincə, sonradan hakimiyyətlə
Rövşən Cavadov
münasibətlərinin gərginləşməsində bəzi məmurların biznes maraqlarına mane olmaqları az rol oynamayıb:

ERMƏNİSTANA AZƏRBAYCANDAN YANACAQ ÖTÜRÜLÜRDÜ?

- Çünki o vaxtlar «OMON» sərf etmirdi. Azərbaycandan Ermənistana Gürcüstan vasitəsi ilə neft ötürülürdü. «OMON»un Qazax rayon bölməsi də bunun qarşısını almışdı.

Əslində, Azərbaycandan Ermənistana Gürcüstan vasitəsi ilə neft daşınması ilə bağlı o vaxtlar yerli mətbuatda da müxtəlif yazılar dərc olunurdu. Hətta bununla bağlı 1996-cı ildə «Azadlıq» qəzetində vaqonların nömrələrinin göstərilməsinə qədər, bir araşdırma yazısı da dərc edilmişdi. Həmin yazıda qeyd edilirdi ki, yerli xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycana qayıdan vaqonlarda partlayıcı maddələrin olub-olmaması ilə bağlı yoxlamalar da aparırdılar. O vaxtlar belə fikirləri BBC radiosunda keçmiş Milli Təhlükəsizlik naziri Namiq Abbasov da təsdiq etmişdi.

Ancaq XTPD-nin mərhum komandiri Rövşən Cavadovun qardaşı, hazırda Avstriyada mühacirət həyatı yaşayan Mahir Cavadov münasibətlərin gərginləşməsinin başlıca səbəbini onların atəşkəs müqaviləsinə qarşı çıxmaqlarında görür:

XTPD ATƏŞKƏS MÜQAVİLƏSİNƏ QARŞI…

- Bu xəyanətkar bir müqavilə idi. Ona görə də biz bu müqaviləyə tabe olmaq istəmirdik. Ona görə də bizi cinayətkar elan edib, məhv etməliydilər…

Mahir Cavadov deyir ki, parlamentin keçmiş sədr müavini Afiyəddin Cəlilovla, xüsusi idarənin keçmiş rəisi Şəmsi Rəhimovun qətllərinin onların üstünə atılması da eyni məqsədə xidmət edirdi.

OMON Qarabağ münaqişəsi zamanı
Ancaq millət vəkili Zahid Oruc isə düşünür ki, o vaxtlar Xüsusi Təyinatlı Polis Dəstəsi özünü qanundan üstün tuturdu. Ölkədə baş verən cinayətlər də hüquq yolu ilə yox, Xüsusi Təyinatlı Polis Dəstəsinin qanundan kənar müdaxilələri ilə çözülməyə başlanmışdı.

Zahid Oruc deyir ki, o vaxtlar bağlanan sülh müqaviləsinin əhəmiyyəti də az sonra hamıya bəlli oldu:

- İtaətsizliyi indi vətən məramı ilə izah etmək, həm tarixi faktları təhrif etmək, həm də o vaxtlar ölkə içində bəzi para işlərə cəlb edilmələrini pərdələmək məqsədi daşıyır.

1995-ci il martın 17-də hökumət qüvvələri ilə baş verən toqquşmalarda Xüsusi Təyinatlı Polis Dəstəsindən 12 nəfər, o cümlədən komandirləri Rövşən Cavadov qətlə yetirilmişdi. Sonradan bu hadisələrə görə 700-ə yaxın şəxs həbs edildi, onlardan yalnız 340 nəfəri dəstə üzvü idi.

Həbs edilənlərdən 4-ü hələ də azadlığa buraxılmayıb, daha 4 nəfər isə həbsxanadaca vəfat edib. Xüsusi Təyinatlı Polis Dəstəsinin keçmiş üzvü İlqar Əliyev deyir ki, azadlığa buraxılanlar da ya onun kimi işsizdir, ya da çıxıb mühacirətə gediblər. Həmin hadisələrdə hökumət qüvvələrinin itkisi ilə bağlı isə dəqiq açıqlamalar verilmir.
XS
SM
MD
LG