Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:23

120 min tələbənin 90 mini narkomandır?


Rəsmi məlumatlara əsasən, Azərbaycanda 23254 nəfər narkoman qeydiyyatdadır. Amma narkomanların sayı 300 min nəfərə yaxındır
Rəsmi məlumatlara əsasən, Azərbaycanda 23254 nəfər narkoman qeydiyyatdadır. Amma narkomanların sayı 300 min nəfərə yaxındır
«Azərbaycanda narkomanların 30-35 faizini tələbələr təşkil edir».

Bu məlumat ABŞ Dövlət Departamentinin martın 2-də açıqlanan «Narkotiklərə Nəzarət Strategiyası 2010» hesabatında yer alıb. Sənəddə qeyd edilir ki, Azərbaycanda tranzit əsas problem olsa da narkotik maddələrdən ölkənin özündə istifadə edənlərin sayı durmadan artır. Hesabatda deyilir ki, rəsmi məlumatlara görə, Azərbaycanda 23254 nəfər narkoman qeydiyyatdadır. Amma qeyri-rəsmi məlumatlara görə, narkomanların sayı 300 min nəfərə yaxındır. Hesabatda qeyd edilir ki, narkotik maddə istifadəçilərinin 30-35 faizi də tələbələrdir.

Baş çəkdiyim Azərbaycan İqtisad Universitetində təhsil alan tələbələrdən bəziləri adlarının nüfuzlu hesabata düşməsini eşidəndə sevinsələr də, bunun narkomaniya ilə bağlı olmasından və faiz göstəricisindən razı deyillər. Tələbələr hesab edirlər ki, hesabat reallığı əks etdirmir:

OLA BİLMƏZ

- Mən tələbəyəm, heç siqaret çəkmirəm, ola bilməz ki, narkomanların o qədərini tələbələr təşkil etsin.

- Məncə, bu, heç reallığı əks etdirmir. Çünki tələbələrin yarısı qızlardır, bizdə də qızların narkoman olması onlara yaraşmayan xüsusiyyətdir. Bu fikirlə heç razılaşmıram.

- Mən də inanmıram, ən azından oxuduğum tələbə yoldaşlarımdan götürürəm.

- İnandırıcı deyil, çox şişirdilib, olsa-olsa bu 5 faiz olar.

ETİRAZ AKSİYASI

Martın 11-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Dövlət Departamentinin hesabatında Azərbaycanda narkomanların 30-35 faizini tələbələrin təşkil etməsi barədə yazılanlara etirazlarını bildiriblər. Gənclər bu sənədi «ədalətsiz hesabat» adlandırıblar.

Rəsmi məlumatlara görə, hazırda ölkə üzrə narkotik istifadəçilərinin sayı 24 minə çatıb ki, onların da 42 faizi paytaxt Bakıda yaşayır. Bu məlumatları Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının ötən gün keçirilən iclasında komissiya sədri Əli Həsənov səsləndirib. Amma o real rəqəmlərin daha çox olduğunu bildirib.
Terri Devidson
O həm də təəssüflə ötən il qeydiyyata düşənlərin arasında 5 məktəbli, 498 qadın olduğunu deyib.

Amma komissiyanın ötən ilin yekunları ilə bağlı hesabatında tələbələr arasında narkomaniyanın nə qədər yayılması ilə bağlı məlumatlar səslənməyib.

Təhsil Nazirliyi də hesabatda ölkə üzrə narkomanların 30-35 faizinin tələbələr olması fikirlə razılaşmır. Hətta hesabatdan sonra ABŞ səfirliyinin sözçüsü Terri Devidson nazirliyə dəvət edilib. Məsələ nazir müavini Elmar Qasımovla müzakirə edilib. Nazirlikdə səfirlik nümayəndəsinə deyilib ki, 300 min narkomanın 30-35 faizinin tələbələr olması inandırıcı məlumat deyil. Nazirliyə görə, 300 min narkomanın bu qədərinin tələbə olması o deməkdir ki, Azərbaycandakı 120 minlik tələbə kontingentinin dördündən üçü narkomandır. Bu isə 90 min tələbənin narkoman olması anlamına gəlir.

SƏFİRLİK TƏLƏBƏLƏRƏ GÖRƏ VAŞİNQTONDAN XAHİŞ EDİB

ABŞ səfirliyinin sözçüsü Terri Devidson isə deyir ki, Təhsil Nazirliyinin etirazından sonra nazir müavini Elmar Qasımovla məsələni müzakirə ediblər. Terri Devidsona görə, ola bilər hesabatın tələbələrlə bağlı hissəsi düzgün deyil:

- Mən Vaşinqtondan bir dəyişiklik xahiş etdim. Mən fikirləşirəm ki, balaca bir düzəliş olar. Amma 100 faiz bilmirəm.

Hesabatın hansı mənbələrə istinadən hazırlandığına gəlincə, ABŞ səfirliyinin sözçüsü deyir ki, ümumilikdə sənəddə rəsmi və qeyri-rəsmi mənbələrin məlumatlarından istifadə olunub. Qaldı ki, hesabatın tələbələrlə bağlı hissəsinə, T.Devidson deyir ki, burda yalnız qeyri-rəsmi, QHT-lərin və digər birliklərin məlumatlarından istifadə edilib.
XS
SM
MD
LG