Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:15

7 milyon manat təcili yardımın dərdinə dərman deyil…


Təcili yardımın təkmilləşdirilməsi və maddi-texniki bazasına yardım üçün bundan əvvəl də prezident sərəncamları olub
Təcili yardımın təkmilləşdirilməsi və maddi-texniki bazasına yardım üçün bundan əvvəl də prezident sərəncamları olub
«Zəng vurub təcili yardım çağırırıq, deyir xəstəni özünüz götürüb gəlin, çağırış çoxdur, hamısını çatdıra bilmirik...»

«XƏSTƏNİ ÖZÜNÜZ GƏTİRİN»

Bakı sakini Tahirə Əmirova deyir ki, hər dəfə təcili yardım çağıranda ən yaxşı halda həkimlər bir saatdan sonra gəlib. Təcili yardımdan «xəstəni özünüz gətirin» eşidəndə isə təəccübündən bilməyib neyləsin. Deyir xəstəni özüm aparanamsa, daha təcili yardıma niyə zəng edirəm?

Özü də bu, təcili yardım xidmətinin təkmilləşdirilməsiylə bağlı prezident sərəncamlarının bir-birinin ardınca verildiyi bir vaxtda baş verib. Baxmayaraq ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyir ki, prezidentin təcili yardım xidmətinin təkmilləşdirilməsi üçün ayırdığı sonuncu 7 milyon manatlıq sərəncamdan sonra bu xidmətin problemləri yoluna qoyulub. Baş həkim deyir ki, bu məbləğ təkcə Bakının yox, respublikanın müxtəlif bölgələrinin də təcili yardım problemlərinin həlli üçün kifayət edir:

TAM TƏMİNATI ÖDƏMƏK ÜÇÜN BU VƏSAİT BƏS EDİR

«Təcili yardıma nə qədər maşın lazım olacaqsa, tam təminatı ödəmək üçün bu vəsait bəs edir. Bu gün artıq Bakı, Sumqayıt, Lənkəran, Ağsu, Ağdaş, Qəbələ şəhərlərində müasir sanitar avtomobillər fəaliyyət göstərir. Prezidentin sərəncamı ilə ayrılan vəsait imkan verəcək ki, Azərbaycanın bütün bölgələri, ən ucqar rayonlar belə müasir tipli maşınlarla təmin olunsun».

Səhiyyə üzrə ekspert Süleyman Cəbrayılov isə deyir ki, tikinti işlərinə daha çox vəsait ayrıldığı indiki dövrdə təhsil və səhiyyə kimi vacib sahələr diqqətdən kənarda qalır.
Məhəmməd Talıblı
Onun fikrincə, 7 milyon manat təcili yardımın dərdinə dərman ola bilməz:

DAHA ÇOX VƏSAİT AYRILMALIDIR

«Bu sahəyə daha çox vəsait ayrılmalıdır. Xüsusilə işin təşkili, kadr məsələləri, yeni metodların tətbiqi üçün. Təəssüf ki, biz bunu görmürük».

İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı isə deyir ki, tikinti investisiya sahəsinə qoyulan təxminən 3,5 milyard dollarlıq məbləğlə müqayisədə bu rəqəm çox cılız görünür:

SİMVOLİK RƏQƏM

«Belə bir simvolik rəqəmlə səhiyyədə təcili tibbi yardımın inkişafını stimullaşdırmaq olmaz. Bu vəsait sözügedən sahəyə yardım görüntüsü yaratmaq üçündür. Bu ayrılmalar təcili yardım sahəsindəki ciddi problemlərin həllinə adekvat deyil».

Təcili yardım xidmətindən istifadə edənlər çağırışa gələn həkimlərin onlardan pul aldıqlarını da deyirlər. Xidmətin baş həkimi Mürsəl Həmidov isə deyir ki, çağırış və göstərilən xidmət pulsuzdur, belə hallarla rastlaşanlar ona müraciət edə bilərlər.

Təcili yardımın təkmilləşdirilməsi və maddi-texniki bazasına yardım üçün bundan əvvəl də prezident sərəncamları olub.
XS
SM
MD
LG