Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:48

Dubay mülklərinin qanuni tərəfləri


Əliyevlərin mülkü
«Heç bir qanun prezidentin ailə üzvlərinə, onun həddi-buluğa çatmış uşaqlarına və yaxınlarına hər hansı bizneslə, yaxud kommersiya fəaliyyəti ilə məşğul olmağı qadağan etmir».

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «Vaşinqton Post» qəzetində Əliyevlərin Dubayda 75 milyon dollarlıq mülkü barədə yazını şərh edərkən belə deyib. O bildirib ki, bütün Azərbaycan vətəndaşları kimi, onun ailə üzvlərinin və yaxınlarının da hər hansı mülkə sahib olmasında qeyri-adi heç nə yoxdur:

«Bir faktı da nəzərə almaq lazımdır ki, cənab prezidentin qızlarından biri kifayət qədər maddi imkanı olan ailənin gəlinidir».

PREZİDENT BİZNESLƏ MƏŞĞUL OLA BİLƏRMİ?

«Korrupsiyaya qarşı mübarizə haqqında» Qanun vəzifəli şəxslərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Ancaq məmurlara, o cümlədən də prezidentin ailə üzvlərinə belə bir qadağa yoxdur. Eyni məsələ xaricdə mülkə də aiddir, məmurların ailə üzvlərinin xaricdə daşınmaz əmlakı ola bilər, ancaq məmurun özünə bu hüquq verilmir.

«BELƏ ŞEYLƏRİ BİLL QEYTSDƏN SORUŞAN YOXDUR»

Ancaq ekspertlər diqqəti hüquqa yox, bu pulun mənbəyinə çəkirlər. Milli Büdcə Qrupunun üzvü Zöhrab İsmayıl: «Burda sual odur ki, pul hardandır? Onlar sıradan insanlar deyillər. Ancaq milyonçu ailəsi də deyillər. Belə şeyləri Bill Qeytsdən soruşan yoxdur. Ancaq Əliyevlər «Mersedes Benz»in sahibi, BP-nin səhmdarları deyillər, Azərbaycan Respublikasının vətəndaşıdırlar. Bəlli maaşları var».

HƏDİYYƏ?

Prezidentin qohumundan hədiyyə almasına heç bir qadağa ola bilməz.

Zöhrab İsmayıl
Ancaq «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanuna görə, «vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidarəetmə orqanına məxsus hesab edilir».

Milli Büdcə Qrupunun üzvü Zöhrab İsmayıl deyir ki, Dubaydakı mülklərin Əliyevlərə hədiyyə olunması barədə ortalıqda bir fakt yoxdur. Ona görə də diqqəti yenə də maliyyənin mənbəyinə yönəltmək lazımdır:

«11 yaşlı məktəbli hansı bizneslə məşğul ola bilər? Sözsüz ki, söhbət onun valideynlərinə aid olan mülkdən gedir. Digər tərəfdən, indiyəcən ölkədə milyonçular barədə məlumat olmayıb. İndi belə çıxır ki, 11 yaşlı oğlan dollar milyonçusu imiş...»

ÖZLƏRİ HESABAT VERSİNLƏR

Ekspertlərə görə, məsələnin kökündə gəlir deklarasiyası dayanır. Bu qanun 2006-cı ildə qəbul olunsa da, hələ də işləmir. Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov deyir ki, məmurlar öz gəlirlərini, gəlir mənbələrini göstərsələr, belə söz-söhbətlər də yaranmazdı.

Milli Büdcə Qrupunun üzvü Zöhrab İsmayıl da deyir ki, Dubayda mülk almış Əliyevlər hansı bizneslə məşğul olduqlarını açıqlamalıdırlar:

Nazim Məmmədov
«QHT-lərdən hesabatlar istəyirlər. Özləri hesabat versinlər».

Ekspertlər onu da deyirlər ki, qanun işləsə belə, ona elə nəzarət olmalıdır ki, yayınma olmasın.

GƏLİR DEKLARASİYASI VERƏN MƏMUR VAR?

Nazirlər Kabineti müvafiq bəyannamə formasını təsdiq etməlidir və məmurlar gəlirləri barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya hesabat verməlidirlər. Bunu isə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov deyir. Deputat bildirir ki, bəzi məmurlar gəlir deklarasiyasını verirlər. Belə ki, seçki vaxtı seçkili orqanlar, o cümlədən prezidentliyə namizədlər MSK-ya gəlirləri barədə hesabat verirlər.

Gəlir deklarasiyasının forması niyə hələ hazır deyil? Nazirlər Kabinetindən bu suala cavab ala bilmədik. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyir ki, iş günü olmadığından sualımıza cavab verə bilməyəcək.

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN BURA DAXİL OL
XS
SM
MD
LG