Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:21

Elmar Hüseynov ongünlüyü başlayır


Elmar Hüseynovun qətlə yetirilməsinin 5-ci il dönümünə dair dəyirmi masa, 1 mart 2010
Elmar Hüseynovun qətlə yetirilməsinin 5-ci il dönümünə dair dəyirmi masa, 1 mart 2010
«Elmar öldürüləndən sonra polisin bizi qoruyacağına, məhkəmənin ədalətli qərar çıxaracağına, səhiyyənin həqiqətən bizi sağaldacağına inamımız itdi. Əslində bu 5 ildə yaranmış kütləvi inanmsızlığın təməli Elmarın ölümü ilə qoyulub. Artıq harasa müraciət etmək inamı da yoxdur insanlarda. Bu mənada mən də bu qətlin üstünün açılacağına inanmıram. Amma inanıram ki, Elmarı öldürənlər əslində həm özlərini məğlub etdilər, həm də bizim dövlətə olan inamımızı məhv etdilər».

Bu, Elmar Hüseynov Fondunun təsisçilərindən olan Şahbaz Xuduoğlunun dedikləridir.

İTTİHAMLAR HAKİMİYYƏTƏDİR...

Martın 1-də Azərbaycanın media institutları, KİV rəhbərləri, QHT təmsilçiləri və ölkədəki diplomatik korpusun bəzi nümayəndələrinin iştirakı ilə «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 5-ci il dönümünə dair dəyirmi masa keçiriib. Tədbirdə çıxış edənlərin əksəriyyəti qətlin sifarişçilərinin və icraçılarının bu vaxtadək üzə çıxarılıb cəzalandırılmamasında indiki hakimiyyəti ittiham edirlər.

Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evinin girəcəyində öldürülüb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə digər həmkarları kimi pessimist olmadığını deyir. O düşünür ki, bu qətlin üstü mütləq açılacaq. Sadəcə geci-tezi var. Cənab Amaşovun fikrincə, media sahəsində çalışanlar da bu işi sürətləndirməlidirlər. Amma necə? Konkret cavab yoxdur.

MTN-NİN KÖHNƏ AÇIQLAMASI

İstintaqı aparan Milli Təhlükəsizlik Nazirliyindən bu barədə məlumat almaq mümkün olmadı.

Rəsmi açıqlama isə ondan ibarətdir ki, 2005-ci ilin mayında istintaq qətldə şübhəli bilinən şəxslərdən birinin Teymuraz Əliyev, digərinin isə Tahir Xubanov olması barədə məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, onlar cinayəti törədəndən sonra Bakını tərk ediblər.

Emin Hüseynli, Şahbaz Xuduoğlu və Arif Əliyev
MTN Teymuraz Əliyev və şübhəli bilinən digərlərinin axtarışının 180-dən çox ölkədə davam etdirildiyini də bildirib.

İSTİNTAQ ƏLİNDƏN GƏLƏNİ EDİB?

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynli deyir ki, Azərbaycanın rəsmi dövlət strukturları bu məsələdə artıq öz işlərini başa çatdırdıqlarını bəyan edirlər:

«3 ay əvvəl Cenevrədə –İnsan Haqları Komitəsində Azərbaycan üzrə alternativ hesabat təqdim olunarkən oradakı nümayəndə heyətində təmsil olunan MTN-in müavinlərindən biri belə bir fikir səsləndirib ki, Elmar Hüseynovun qətli ilə bağlı bir çox işlər görülüb. Yalnız o qalıb ki, Gürcüstan tərəfi Teymuraz Əliyev və Tahir Xubanovu təqdim eləsin. Ancaq cinayətkarların verilməsi ilə bağlı dövlətlərarası sazış olmadığı üçün bu məsələ bugünədək ləngiyir».

Emin Hüseynlinin fikrincə, əslində bu, hakimiyyətin vəziyyətdən çıxmaq üçün düşünüb tapdığı sərfəli, sabit bir cavabdır.

İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, general-mayor Sahib Mirzəyev APA-ya müsahibəsində bildirib ki, Teymuraz Əliyev və Tahir Xubanov Gürcüstan vətəndaşlarıdır və hazırda bu ölkədə gizlənirlər. Onun sözlərinə görə, bir çox ölkələrin qanunvericiliyinə əsasən, cinayət törətmiş vətəndaş başqa ölkəyə verilmir. Bu, yalnız iki ölkə arasında hüquqi anlaşma olarsa, gerçəkləşə bilər. Mövcud qanunvericiliyə əsasən, başqa ölkədə cinayət törətmiş şəxs axtarılırsa, həmin şəxs hansı ölkənin vətəndaşıdırsa, elə o ölkədə də məsuliyyətə cəlb edilə bilər. Buna baxmayaq, hüquq-mühafizə orqanları Elmar Hüseynovun qətlində təqsirləndirilən Tahir Xubanov və Teymuraz Əliyevin tutulması istiqamətində intensiv danışıqlar aparır.
Rəşid Hacılı
Gürcüstan hüquq-mühafizə orqanları ilə aparılan danışıqlara baxmayaraq, bu günədək onların Azərbaycana verilməsi təmin edilməyib. Sahib Mirzəyev inanır ki, Gürcüstan tərəfi həmin şəxslərin barəsində tezliklə yekun qərar verəcək.

BU İŞ AVROPA MƏHKƏMƏSİNƏ ÇIXSA...

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı deyir ki, jurnalistlərin döyülməsi ilə bağlı bir neçə iş artıq Avropa Məhkəməsindədir. O hesab edir ki, Elmar Hüseynovun işində qurban sayıla biləcək şəxslər bu işi də Avropa Məhkəməsinə çıxartsalar, effektiv olar:

«Hətta 5 il keçməsinə baxmayaraq yaxşı olardı ki, bu məhkəmə də bir çəkişmə predmetinə çevrilsin. Bu şübhələri aradan qaldırmaq baxımından istintaqın özü üçün də yaxşı olardı. Gəlsin sübut etsin ki, o doğrudan da lazımınca hərtərəfli araşdırma aparıb, bütün mümkün olanı edib. Çünki elə cinayətlər var ki, doğrudan da açmaq olmur. Hər halda istintaq bütün addımları atdığını sübut etməlidir. Şəxsən mənim şübhəm var buna».

Rəşid Hacılı ümid edir ki, nəhayət kimsə, yəni bu işdə zərərçəkmiş sayılanlardan biri məhkəmədə belə bir dava açacaq.

Martın 1-dən Azərbaycanda Elmar Hüseynov ongünlüyü elan edilib. Mərhum jurnalistin yad edilməsi və bu işin gündəmdə qalması üçün 10 gün ərzində çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG