Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:40

«İnterpol»a siyahı göndərməklə iş bitmir»


Məktəblilərin Bakıda Xocalı aksiyası, 26 fevral 2010
Məktəblilərin Bakıda Xocalı aksiyası, 26 fevral 2010
Fevralın 26-sı Azərbaycan xalqı növbəti dəfə Xocalı faciəsini yad etdi.

Azərbaycan Hərbi Prokurorluğunun bu günlərdə yaydığı məlumata görə, 1992-ci ilin fevralında Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı törədilən hadisələrlə bağlı ittiham olunan 38 nəfərdən ibarət siyahı beynəlxalq axtarış elan edilməsi üçün «İnterpol»un Milli Bürosuna təqdim edilib.

Bu siyahıda Xankəndində yerləşən 366-cı rus alayının zabitləri, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qarabağın erməni milliyyətli sakinlərinin adları var.

Onlar Azərbaycan Cinayət Məcəlləsinin soyqırımı, əhalini məcburi köçürmə, işgəncə, müharibə qanunlarını və adətlərini pozma, cinsi zorakılıq və sair maddələrilə ittiham olunurlar.

Sabiq prezident Ayaz Mütəllibov hakimiyyəti dövründə yaradılmış deputat istintaq qrupunun rəhbəri olmuş Ramiz Fətəliyev deyir ki, o,
Ramiz Fətəliyev
Hərbi Prokurorluğun bu addımının nə ilə nəticələnəcəyi barədə bir söz deyə bilməz. Amma hamı kimi çox istəyərdi ki, bu işin bir nəticəsi olsun:

«BİZ BUNU ÇOXDAN ETMƏLİ İDİK»

«Bu, beynəlxalq hüquqi aksiyadır. Biz bunu çoxdan etməli idik. O vaxt da mən deyirdim ki, bunu edək ki, situasiyaya beynəlxalq rəy yaransın».

Cənab Fətəliyev hesab edir ki, hətta faydası olmasa da Hərbi Prokurorluq çox zəruri bir addım atıb.

Xocalı hadisələri ilə bağlı rəyini soruşduğum şəxslərin demək olar ki, hamısı bu faciənin baş verməsində Ermənistanı və Rusiyanı ittiham edirlər.

Amma «İnterpol»a verilən siyahıda adları olan şəxslərin cəzalanmasına gəlincə, bu məsələdə fikirlər o qədər də optimist deyil.

«İYUN QİYAMI BİR SIRA MƏSƏLƏLƏR KİMİ BU İŞİ DƏ YARIMÇIQ QOYDU»

AXC hakimiyyəti dövründə parlamentin sədri olmuş İsa Qəmbər deyir ki, onlar iqtidara gələn kimi faciəni araşdıran komissiyanın fəaliyyəti üçün şərait yaradıblar. Məsələnin detallarına qədər araşdırılması üçün hüquq-mühafizə orqanlarına da ciddi tapşırıqlar verilib. 1993-cü ildə məsələnin parlamentdə şəffaf müzakirəsi canlı yayımla efirə verilib.
İsa Qəmbər
Təhqiqat tam başa çatandan sonra məsələnin beynəlxalq miqyasa çıxarılıb cinayətkarların cəzalandırılmasına nail olmaq nəzərdə tutulurdu. Təəssüf ki, həmin ilin iyun qiyamı bir sıra məsələlər kimi bu işi də yarımçıq qoydu:

«Azərbaycan parlamenti və digər dövlət institutları hansısa şəkildə bu məsələni rəsmi sənəd halına salmasa və beynəlxalq təşkilatlarda rəsmi şəkildə qaldırmasa, «İnterpol»a müraciət formal xarakter daşıyacaq».

İsa Qəmbər bildirir ki, «İnterpol» konkret cinayətkarlarla bağlı fəaliyyət göstərir. Amma bu cür məsələlərdə siyasi çalar olduğunu iddia edib sona qədər getmir.

«SİYAHINI GÖNDƏRMƏKLƏ İŞ BİTMİR»

Konfliktoloq Arif Yunus isə hesab edir ki, nəzəri baxımdan «İnterpol» vasitəsilə Hərbi Prokurorluğun siyahısında olan həm mülki şəxslərin, həm də hərbçilərin tapılıb məsuliyyətə cəlb edilmələri mümkündür.
Arif Yunus
Ancaq o heç Azərbaycan tərəfinin «İnterpol»a belə bir siyahı verməsinə də inanmır. Çünki dəfələrlə belə rəsmi bəyanatlar sonradan təsdiqini tapmayıb:

«Siyahını göndərməklə iş qurtarmır. Dövlət işi beynəlxalq məhkəməyə qədər aparmalıdır. Bu da asan məsələ deyil. Çünki Abxaziya, Osetiya, Qarabağ kimi münaqişələrlə bağlı bəzi çətinliklər var. Belə ki, hazırda danışıqlar gedir və hər iki tərəflə bağlı digər ölkələr deyirlər ki, əgər biz qarışsaq, bu, sülh prosesinə pis təsir edə bilər. Ona görə mən deməzdim ki, böyük bir şans var».

Arif Yunus deyir ki, Xocalı hadisələrinin əsas törədicilərinin - Ermənistanın əvvəlki və indiki prezidentlərinin, o cümlədən bu ölkənin hazırkı müdafiə nazirinin adının həmin siyahıda göstərilməməsi də düşünməyə əsas verir ki, Azərbaycan tərəfi bu işin arxasınca sona qədər getmək fikrində deyil.

Amma məsələyə peşəkarcasına yanaşılsa, qarşı tərəfin əks təbliğatını zərərsizləşdirib bu işin sonuna çıxmaq olar.
XS
SM
MD
LG