Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:44

Xəstə uşaqların məktəbindəki sağlam uşaqların dramı


İnternatda təhsil alanlara xüsusi, yüngülləşdirilmiş proqramla dərs keçilir
İnternatda təhsil alanlara xüsusi, yüngülləşdirilmiş proqramla dərs keçilir
«Mən böyüyəndə həkim olmaq istəyirəm. İstəyirəm ki, insanları sağaldım».

Həyəcanla suallarımızı cavablandıran Aytən Suraxanı rayonu 7 saylı Xüsusi İnternat məktəbinin dördüncü sinif şagirdidir.

Valideyn himayəsindən məhrum olan Aytən, internatı bitirdikdən sonra 9 illik şəhadətnamə ilə ali məktəbə sənəd verə bilməsə də o, həkim olacağına yenə də ümidini itirməyib.

Xüsusi internat məktəbi əqli və fiziki cəhətdən zəif uşaqların təhsili üçün nəzərdə tutulub. İnternatda təhsil alanlara xüsusi, yüngülləşdirilmiş proqramla dərs keçilir. 10 il ərzində internatda oxuyanlara 9 illik, təhsil şəhadətnaməsi verilir. Burada əmək dərslərinə daha çox yer verildiyindən tədris əsasən peşə yönümlüdür.

BOŞANMALAR İNTERNATLARA YOL AÇIR

7 saylı Xüsusi İnternat məktəbində oxuyan şagirdlər isə deyirlər ki, burada xüsusi qayğıya ehtiyacı olanların sayı o qədər də çox deyil. Sağlam uşaqların əksəriyyəti isə imkansızlıqdan bura düşüblər:

«Atam anamla ayrıldı. Xalam gəlib anama dedi ki, bunları qoy internata özün də pul qazan, sonra nə vaxt istəsən gətirərsən evə. Ona görə də anamın imkanı olmadığına görə bizi bura qoydu».

«Mənim də atam anamla ayrılıb başqası ilə evləndi. Anamın imkanı yox idi bizə baxmağa. Biz evdə 5 uşağıq, 4 qardaş bir bacı. Üçümüzü anam bura qoyub. Qardaşlarım ikisi evdədirlər, məktəbə gedirlər, məktəbdən sonra böyük qardaşım nənəmlə Nəsimi bazarında işləyirlər ki, evimizə nəsə gətirə bilsinlər. Mənim anam bizi evə aparmasa da tez-tez mənə baş çəkir».

-Anana deyirsiniz sizi evə aparsın?

«Elə deyəndə anam ağlayır. Onda deyir ki, imkanım yoxdur, ona görə məcburam bura sizi qoymağa. Anamın işi olmayanda gəlib bizi evə aparıb bir-iki gün saxlayır sonra yenə bura gətirir».

- Sizi bura qoyanda haranızsa ağrıyırdı?

«Yox, bizim imkanımız olmadığına görə bura qoydular».

«ÜÇ SAĞLAM UŞAĞIMI BƏDBƏXT ETDİM»

Çiçək Rəhimova imkansızlıq ucbatından üç oğlunu internata qoyub:

«Mənim yoldaşım tutuldu. Bakıda kirayədə yaşayırıq. Üç günə kirayə pulunu verməsəm məni evdən çıxaracaqlar. İndiki vaxtda üç uşağı məktəbdə oxuda bilmədim. Dəftər-kitabını ala bilmədim. Məcbur olub qoydum bu internata. İndi böyük oğlum 9-da, ortancıl 8-də, balaca oğlum 6-cı sinifdə oxuyur. Hansı ana razı olar sağlam uşaqları «invalid» adına məktəbdə oxusunlar? Üç sağlam uşağımı bədbəxt elədim. Hələ də öz valideynlərimi, qohumlarımı qınayıram ki, heç biri mənə kömək olmadılar ki, mən uşaqlarımı heç olmasa normal məktəbdə oxuda bilim».

Çiçək Rəhimova deyir ki, övladlarını internata qoyanda heç kəs ona məlumat verməyib ki, bu məktəb xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçündür:

«UŞAQLARIMI NORMAL MƏKTƏBƏ QƏBUL ETMİRLƏR»


«Mənə dedilər ki, bu məktəbi bitirən bircə universitetə iş verə bilməz. Özləri də bütün sənədləri də hazırladılar. O vaxtı avam vaxtım idi. Sonradan eşitdim ki, bura xüsusi internat məktəbidir. Kiçik oğlum evə gələndə oradakı xəstə uşaqların hərəkətlərini təkrarlayır. Ürəyim parça-parça olur. Uşaqlarım mənə həmişə deyir ki, ana mən yaxşı məktəbdə oxumaq istəyirəm. Fikirləşdim ki, heç olmasa birini çıxarıb məktəbə qoyum. Məktəbin müdiriyyəti dedi ki, xüsusi internat məktəbində oxuyan uşağı orta məktəbə götürməyə ixtiyarları yoxdur. Çox peşmanam, uşaqlarım oxumağa həvəsli idilər. İndi heç birinin həvəsi qalmayıb.
Aytən ümidini itirməyib
Sinifdə iki uşaq var, heç müəllimələr sinfə belə girmirlər».

KOMİSSİYA YOXLASA, NƏ ÜZƏ ÇIXAR?


7 saylı internat məktəbində 8 il işləmiş və məktəbin yaxınlığında yaşayan Sona Əliyeva isə deyir ki, burada əksər uşaqlar sağlamdır. Onun sözlərinə görə, imkansızlıqdan gətirib uşaqlarını bura qoyublar:

«Elə yaxşıca sağlam uşaqlardılar ki, ağıllı-başlı uşaqlardılar. Xəstə nədir? Mən özüm 8 il orda işləmişəm. Əgər komissiya gəlib yoxlasa, orda 5-10 nəfər xəstə uşaqlardılar. Ana səhər gedir, axşam gəlir. Sənəd düzəldir, həkimdən kağız alır gətirir, verir düzəldir, qoyur bura. 15-20 uşaq yayda burda qalır, deməli, o qədərinin ailəsi yoxdur. Qalanlarını aparırlar».

Azərbaycan Uşaq Hüquqları Üzrə QHT alyansının Milli əlaqələndiricisi Nabil Seyidov xüsusi İnternat məktəblərinə qəbul prosesi haqda bunları bildirir:

ƏSLİNDƏ...

«Təhsil nazirliyinin tərkibində xüsusi psixo-tibbi-pedoqoji komissiya fəaliyyət göstərir. Bura valideyn öz uşağı ilə müraciət edir, orada uşağın əlilliyi öyrənilir. Nevroloji dispanserdən, pedaqoq tərəfindən, psixoloq tərəfindən onun vəziyyətinə qiymət verilir. Və onun əqli və ya fiziki əlilliyi nəzərə alınaraq, ya orta təhsil ümumi məktəbinə, yardımçı məktəbə ya da bu mümkün olmasa xüsusi internat məktəbinə qəbul edilməsi haqda qərar qəbul edilir».

Nabil Seyidov deyir ki, bu məktəbə əqli və fiziki durumu çox pis vəziyyətdə olan uşaqlar qəbul olunmalıdır.

7 saylı Xüsusi İnternat Məktəbinin yaxınlığındakı dükanın satıcısı da deyir ki, tez-tez təmasda olduqları bu uşaqların heç də hamısı xəstə deyil:

«Hamısı sağlam uşaqlardı. Heç də elə xəstə uşaqlar yoxdur. Hamısı normal uşaqlardı. Atasız, anasız, imkansız ailənin uşaqlarıdır. Bütün günü burada oynayırlar. Gəlirlər 20 qəpik alırlar. Zibil atırlar, su daşıyırlar».

«Burada xəstə uşaqlardır. Məktəb səviyyəsində oxuya bilməyən uşaqlardılar. Əqli cəhətdən uşaqlardır».

İNTERNAT UŞAQLARI EVLƏRDƏ İŞLƏYİRLƏR...

-Bəs sağlamları var aralarında?

«Hə, demək olmaz ki, hamısı xəstədir, sağlamları var aralarında. Gedib evlərdə işləyirlər. Zibil atırlar pul alıb gedib kompüter oynayırlar».

-Bəs müəllimlərinin xəbəri olmur onların işləməyindən?

«Yəqin ki, olur axı dərs vaxtı olmurlar dərsdə. Valideyni olanı da var olmayanı da».

«Uşaqlar sağlam gəlirlər dükana özlərinə çörək, ərzaq alırlar».

-Niyə məktəbdə vermirlər yemək?

«Az verirlər, ya xoşlarına gəlmir».

«ƏQLİ VƏ FİZİKİ ƏLİLLƏRİ AYIRD ETMƏK OLMUR»

Suraxanı rayonu 7 saylı İnternat Məktəbin direktoru Qabilə Məmmədova isə deyir ki, məktəb tək fiziki əlillər üçün deyil, burada həm də əqli cəhətdən zəif olan uşaqlar təhsil alır. Onları isə xarici görkəminə görə, fərqləndirmək olmur:

«7 saylı xüsusi internat məktəb xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş məktəbdir. Burada əsas etibarı ilə psixi qüsurları olan uşaqlar, əsəbi uşaqlar üçündür. Bu uşaqlar orta məktəbdə oxuya bilməyən uşaqlardır. Burada onlara xüsusi, yüngülləşdirilmiş proqramla dərs keçilir.
7 saylı İnternat Məktəbin direktoru Qabilə Məmmədova
Eyni zamanda bu uşaqlara əmək dərslərinin miqdarı daha çox verilir ki, onlar əmək vərdişlərinə yiyələnsinlər ki, cəmiyyətə inteqrasiya oluna bilsinlər. Əsasən qızlara tikiş, oğlanlara dülgərlik vərdişləri öyrədilir».

İNTERNATI DOLDURMAQ MƏQSƏDİ

Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov isə deyir ki, xüsusi internat məktəblərində sağlam uşaqlara da rast gəlinir. Burada isə əsas maraq internatın saxlanılmasıdır.

«İnternatın direktoru, təhsil naziri məktəbi doldurmalıdırmı uşaqla? Buna görə də fərqi yoxdur xəstə oldu-olmadı, sənəd düzəldib uşağı qoyurlar bura. Ya da körpələr evində imtina olunmuş uşaqlar mexaniki olaraq, xüsusi internata aparılır. İnternat arasında bölüşdürmə aparılarkən fərq qoyulmur, əsas məqsəd internatı doldurmaqdır. Ona görə də sağlam uşaqları da xəstə uşaqlarla bir yerə salırlar».

Təhsil Nazirliyinin əməkdaşı Məlahət Hacıyevanın isə xüsusi internat məktəblərində sağlam uşaqların da təhsil almaları ilə bağlı məsələyə münasibəti belə oldu:

«Uşaqların bu cür müəssisələrə düşməsi üçün göndərişi psixi-nevroloi dispanser verir. Burda uşaqların sağlamlıq durumunda, diaqnozda hansısa bir anlaşılmazlıq yaranırsa və ya əgər diaqnoz daha ağır formada göstərilibsə, Təhsil Nazirliyi Səhiyyə Nazirliyinin əvəzindən cavab verə bilməz».

MƏSULİYYƏT KİMİNDİR?

Uşaq Nevroloji Dispanserin Baş həkimi Gülər Musabəyova isə deyir ki, bu tip məktəblərə uşaqları internatın öz həkimlərinin rəyi əsasında qəbul etmək mümkündür:

«İnternatın öz həkimi var, onlar özləri də düzəldir. Tək biz rəy vermirik. Valideyn gələndə biz həmişə çalışırıq ki, uşaq ailə mühitində olsun, internatlara düşməsin. Əgər gedirlər özləri düzəldirlərsə, bu onların şəxsi işləridir. Əgər uşaq əqli inkişafdan geri qalırsa biz rəy veririk, sağlam uşaqlara biz rəy vermirik».

XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə hesab edir ki, Təhsil Nazirliyi bu məsələyə birbaşa məsuliyyət daşıyır:

«Səhiyyə Nazirliyinin əvəzindən cavab verə bilmirsə, o tip məktəblərdə həkimlər, tibb hissəsi olmalıdır. Məgər hiss olunmur onların sağlamlığı? Bu məsələdən yayınmaqdır. Bu məktəblər Təhsil Nazirliyinin tabeliyindədir, onlar araşdırma apara, mövcud qanunsuzluğu aradan qaldırmaq üçün istənilən hərəkəti edə bilərlər».

Uşaq və Gənclər Reabilitasiya Mərkəzinin psixoloqu Asəf Kərimov xüsusi proqram olmadan sağlam və xüsusi qayğıya ehtiyacı olan uşaqların bir yerdə oxumalarını anormal hal kimi qiymətləndirir:

«ANORMAL HALDIR...

Sağlam uşaqları xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bir yerdə oxutmaq. Heç bir reabilitasiya görməmiş, təşkil olunmuş şəkildə icra etmək həm sağlam, həm də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ziyanlıdır. Psixoloji mənada sağlam uşaqlara nə qədər nəzarət edilsə də, bu uşaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara təzyiq göstərəcəklər, onları ələ salınacaqlar və s.».

50 ildir fəaliyyət göstərən Suraxanı rayonu 7 saylı İnternat məktəbində rəsmən 20 sinif üzrə 190 nəfər şagird təhsil alır. Bu şagirdlərdən neçəsinin xüsusi qayğıya ehtiyacı olduğunu isə dəqiqliyi ilə deyə bilmərik. Çünki nə dövlət, nə də QHT-lər bu internatdakı vəziyyətin araşdırılması istiqamətində iş aparırlar.

Uşaq Hüquq Klinikasının rəhbəri Nazir Quliyev bu internatlarda araşdırma aparmağa ehtiyac olmadığını deyir:

ARAŞDIRMA LAZIM DEYİL?

«Araşdırma aparıb neyləyəcəyik ki? Heç nə. Biz əsas zərbəni o nöqtəyə vurmalıyıq ki, uşaq müdafiə sistemində güclü islahatlar getməlidir.
XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev
Araşdırma apardıq ki, bu faktlar var. Bu internatdan çıxarıb başqasına qoyacaqlar. Mahiyyət etibarı ilə heç nə dəyişməyəcək. Nə fərqi var Mərdəkana getsin, Şamaxıya getsin. Alternativ yerlər yoxdur. Problemin həlli yolları yoxdur».

Nazir Quliyev deyir ki, valideynlərin sağlam uşaqlarını bu cür internatlara qoymaqdan başqa çarələri yoxdur:

«Sağlam, normal uşaqların bu cür internatlara yerləşdirilməsi düzgün hal deyil. Amma mən təcrübədən çıxış edərək deyirəm ki, problem ondan ibarətdir ki, bu gün çoxu uşaqlarını bura imkansızlıqdan gətirir. Qanunvericilik də bir mənalı olaraq vurğulayır ki, bu düzgün hal deyil. Amma problem ondadır ki, alternativlər yoxdur. Hətta uşaq bura gəlməsə belə o gedib, küçə həyatı yaşayacaq, cinayət edəcək, zorakılığın qurbanı olacaq».

Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov isə deyir ki, XXI ərsin ilk onilliyində biz hələ bu problemin həlli yollarını axtarmaqla məşğulluq. Onun sözlərinə görə, buna səbəb dövlətin konkret işlər görməməsidir:

«TƏHSİL NAZİRLİYİNİN VECİNƏ DEYİL»

«Təhsil Nazirliyi internata düşən uşaqlara həyatdan məhrum olmuş, atılmış uşaqlar kimi baxır. Təhsil Nazirinin vecinə deyil ki, orda sağlam uşaq oxuyur ya yox».

Ancaq bu məsələnin həllinə ümid bəsləyənlər də var:

«Təhsil Nazirliyinin tərkibində Azərbaycanda artıq deinstitusionalizasiya və uşaq idarəsi fəaliyyəti başlayıb. Burada hüquqları pozulmuş əlil, uşaq evlərinə, internatlara düşmüş və ya düşmək riski olan uşaqların, zorakılığa məruz qalan uşaqların və bütün uşaqların müdafiəsi təmin olunacaq».

Bunu Azərbaycan Uşaq Hüquqları Üzrə QHT alyansının Milli əlaqələndiricisi Nabil Seyidov deyir. O, ümid edir ki, «Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı» çərçivəsində yaradılan bu idarə problemin həllində mühüm rol oynayacaq:

«QHT-lərin Alyansı olaraq həmin idarə ilə çalışacağıq əməkdaşlıq edək. Öz köməyimizi əsirgəməyəcəyik ki, həmin idarə uşaqların problemlərinə diqqətlə yanaşsın və bu cür hüquq pozuntularını aradan qaldırsın».

UŞAQ EVLƏRİ TRANSFORMASİYA OLUNACAQ

Bu proqram üzrə işçi qrupunun rəhbəri Mətanət Hacıyeva deyir ki, hazırda ailə himayəsindən məhrum olan uşaqların həyat şəraitinin yaxşılaşdırılması üzrə iş gedir:

«Uşaqların ailələrə verilməsi ilə bağlı bir neçə layihə həyata keçirilməkdədir. Bu gün mövcud olan dövlət uşaq müəssisələri, internat məktəbləri, internat evləri, uşaq evləri, körpələr evləri 5 il müddətində transformasiya olunmalıdır, burdakı uşaqların hər biri ya bioloji ailələrə ya da alternativ ailələrə verilməlidir».

Məlahət Hacıyeva deyir ki, hazırda uşaqların ailələrə verilməsinə hazırlıq işi gedir:

Vurğun Eyyub
«Hər bir uşaq üçün fərdi qayğı planı hazırlanacaq. Həmin fərdi qayğı planında uşağın öz bioloji ailəsinə, övladlığa, himayəyə bu tip ailələrdən birinə yerləşdiriləcək. Uşağı tərbiyəyə götürən ailə üçün stimullaşdırıcı vəsait ayrılmalı, yardımlar edilməlidir. Eyni zamanda ailəyə veriləcək uşağın vəziyyətini monitorinq edəcək bir mexanizm hazırlanmalıdır. Bunu etmək üçün sosial işçilər hazırlanır ki, gedib o ailələrdə vəziyyəti öyrənəcəklər».

Keçmiş təhsil işçisi Vurğun Eyyub isə hesab edir ki, problemin qarşısını almaq üçün ilk növbədə əhalinin sosial durumunun yaxşılaşdırılmasına diqqət yetirilməlidir:

PARA...PARA...PARA...

«Bu kimi halların qarşısının alınması üçün əhalinin sosial durumu yaxşılaşdırılmalıdır. Dəqiq araşdırmalar aparılsa, məlum olacaq ki, oradakı uşaqların çoxu valideynlərinin maddi imkansızlığı ucbatından internatlara düşüblər. Mən əminəm ki, vətəndaşların maddi imkanları yaxşı olsa, sosial durumları yaxşı olsa, azərbaycanlılar öz övladlarını gözlərindən kənara qoymağa o qədər də meylli deyillər. Heç bu cür internatlara da ehtiyac olmazdı».

Ekspertlər adı çəkilən dövlət proqramının uşaq hüquqlarının müdafiəsinə birbaşa təsir göstərəcəyinə ümid edirlər. Elə xüsusi qayğıya ehtiyacı olan internat məktəbində təhsil alan Aytən də ümid edir ki, o başqa həmyaşıdları kimi normal məktəbə gedəcək gələcəyin savadlı həkimi olacaq:

«Mən istəyərəm ki, həkim olub uşaqları, dünyadakı insanları xəstəlikdən xilas edim. Evimə çörək pulu qazanım».

- Başqa nə arzuların var?

«İstəyirəm ki, anam birinci işi düzəlsin. Bir də evimizi düzəltdirsin».
XS
SM
MD
LG