Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:30

«Bunu yazma, səni də həbs edərlər»


«İnternet azadlığı Azərbaycanda nisbidir, yəni əslində sən istədiyini edə bilərsən, amma qeyri-müəyyənlik var ki, atdığın addıma görə nə ilə üzləşə bilərsən. Buna ən sadə misal Adnan və Eminin məsələsidir».

Əli Novruzov müstəqil və daha çox tənqidi fikirləri ilə tanınan bloqçudur. Azərbaycanda hökumətin internetə birbaşa nəzarət etmədiyi fikrindədir. Yəni əksər ölkələrdə olduğu kimi azərbaycanlıların da istənilən fikrini internetdəki sosial şəbəkələrdə və ya şəxsi yaradılmış veb səhifələrdə ifadə etmək azadlığı var. Amma Əli Novruzov onu da deyir ki, hazırda iki bloqçunun həbsdə olması bu azadlığın çərçivəsi barədə düşünməyə əsas verir. Sözügedən bloqçular - Emin Abdullayev və Adnan Hacızadə ötən ilin iyulunda xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə həbs olunublar. Amma gənclər, eləcə də əksər yerli və beynəlxalq hüquq müdafiə təşkilatları həbsin onların fəaliyyəti ilə, daha çox internetdə yayılan «Eşşəyin mətbuat konfransı» satirik video-roliki ilə bağlı olduğunu iddia edirlər. Həmin rolikdə ölkədə insan haqlarının boğulması tənqid olunurdu.

İNTERNETDƏ ÖZÜNÜSENZURA

Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Vəfa Cəfərli də deyir ki, məhz gənc bloqçuların bu həbsindən sonra internetdə daha çox özünüsenzura genişlənməyə başladı.
Vəfa Cəfərova


«Adnan və Eminin həbsindən sonra internetdə senzuradan çox özünüsenzura yarandı. Yəni tənqidi bir fikir yazandan sonra azı 10 nəfər sənə şəxsi məktub yazır ki, bunu yazma, səni də həbs edərlər. Və özün də artıq qorxmağa başlayırsan, çox adam bunu mənə etiraf edib».

Vəfa Cəfərli hökumətin həm də internetə, xüsusən də domenə birbaşa çıxış imkanları olan veb səhifələrə nəzarət mexanizminin olduğunu deyir.

«Onlar üçün təhlükə yarada biləcək səhifələri, xüsusilə də domenə birbaşa çıxışları varsa bağlayırlar. Məsələn, EminAdnan.com bağlandı. Həmin saytda dünyanın bütün yerlərindən hökuməti Adnan və Emini azad etməyə çağıran videolar var idi. Çox ciddi bir kampaniya idi. Saytı bağladılar. Və indiyənədək bu saytı bərpa etmək mümkün olmur, görünür çox güclü hakerləri var. Yəni get-gedə internet azadlığı da məhdudlaşdırılır».

QAPISI BAĞLI SAYTLAR...

«AdnanEmin.com» Azərbaycanda qapadılan yeganə internet saytı deyil. Bundan öncə satirik sosial-siyasi «Tinsöhbəti», ölkədə qiymətlərin kütləvi şəkildə artırılmasına etiraz olaraq yaradılan «susmayaq.biz» internet səhifələri də fəaliyyətlərinə qadağa qoyulanlar sırasındadır. Media eksperti, hüquqşünas Ələsgər Məmmədli də hesab edir ki, bu cür nümunələr internetin müəyyən mənada nəzarətdə saxlandığının göstəricisidir. Amma ekspertə görə, insanların internet azadlıqlarının məhdudlaşdırılması bununla da bitmir:
Ələsgər Məmmədli


«Digər problem qonşu ölkələrə nisbətən qiymətlərin çox bahalı olmasıdır. Bu da internetin geniş yayılması və hər kəsin internetə çatımlılığı baxımından müəyyən problemlər yaradır. Hazırda Azərbaycanda internet istifadəçiləri əhalinin təxminən 12-13 faizini təşkil edir. Bu çox aşağı bir rəqəmdir. Belə olan halda geniş sayda internet istifadəçisinin olmasından söhbət gedə bilməz. İnternetə qoşulmanın da 60-70 faizi Bakıya aiddir, regionlarda bu proses olduqca ləngdir. İnternetin sürəti regionlarda daha da zəifdir».

QİYMƏT DƏ DÜŞÜB, KEYFİYYƏT DƏ

Ötən ilin sentyabrında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi internetin qiymətinin təxminən 3 dəfəyədək endirildiyini elan edib. Və bununla da ölkədə 10 manatdan bir neçə yüz manatadək internet xidmətlərin mövcudluğunu bildirib. Nazirlik həmçinin internetin keyfiyyətinin də yüksəldilməsi istiqamətində ardıcıl işlər aparıldığını iddia edir. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bu deyilənlərlə razılaşmır. Mütəxəssisə görə, aşağı salınan təkcə qiymətlər deyil, ondan da çox keyfiyyətdir.

Osman Gündüz
«Azərbaycanda qiymət ilk baxışdan normal görünür. Yəni ilk baxışdan görünür ki, 25 manata normal 1 meqabit internet əldə edə bilərsiz. Kompüterdə də internetin sürəti 1 meqabit göstərir. Amma əslində real olaraq internet instrumentləri ilə ölçəndə görürsüz ki, bu 1 meqabit deyil, ondan aşağıdır. Bizim monitorinqlərimiz göstərir ki, bu ya 700 kilobitdir, bəzilərində 500, bəzilərində isə hətta 300-400. Burdan da elə çıxır ki, siz 25 manatı 1 meqabitə görə yox təxminən 500 kilobitə görə verirsiz. Və real qiymətlər nöqteyi-nəzərindən yanaşanda Azərbaycanda qiymət bahadır».

Osman Gündüz də hesab edir ki, internetin keyfiyyətinin çox aşağı olması insanların ondan istifadə azadlığını xeyli məhdudlaşdırır. Hökumət isə hazırda internetə nəzarətin olması iddiasını rədd etsə də, internet mediasının tənzimlənməsinin vacib olduğunu vurğulayır. Hətta bununla bağlı Avropa Şurası ilə Azərbaycan Milli Teleradio Şurasının birgə müzakirələri də aparılıb. Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənova görə, sərhəd-filan tanımayan bu sahənin tənzimlənməsi vacibdir.

BÖYÜK DÖVLƏTLƏRDƏN NÜMUNƏ...

«Rusların bir sözü var – «koşka qulyayuşaya sama po sebe» - İnternet öz-özünə gəzən pişik kimi bir şeydir. Heç kimin razılığını almadan istənilən adamın həyatına da girir, evinə də girir, dövlətinin sərhədini də pozur, amma bunu tənzimləyən bir şey yoxdur».

Əli Həsənov deyir ki, ciddi daxili və xarici siyasət resursu olan internetin tənzimlənməsi indi bütün dünyanı düşündürür. Və Azərbaycan da bu sahədə təkbaşına addım atmaq fikrində deyil.

«Biz kiçik dövlətik, baxaq görək Avropa dövlətləri nə edəcək? Baxaq görək o dövlətlər nə qəbul edəcək və onlara baxıb biz də Avropa Şurasının standartlarına uyğun addımlar düşünəcəyik».

Avropa Şurası Azərbaycan nümayəndəliyinin rəhbəri Veronika Kotek isə hesab etmir ki, internet medianın tənzimlənməsi insanların məlumat almaq hüququnu məhdudlaşdıracaq. Veronika Kotek deyir ki, tənzimlənmə deyəndə burda söhbət internet medianın necə fəaliyyət göstərməsilə bağlı standartların işlənib-hazırlanmasından gedir ki, bu da sonradan üzv ölkələrə tövsiyə oluna bilər.
XS
SM
MD
LG