Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:38

İran türklərinin «Barselona»sı


Tehranda «İstiqlal» - «Traktorsazi» oyunu


İranda bəzən futbol azarkeşi olmaq da təhlükəli ola bilər. Əvvəllər Azərbaycanlılar doğma dilində təhsil istədiyinə görə həbs olunurdusa, indi doğma şəhərinin futbol komandasının təbliğinə görə də zindana düşmək olar. Hər halda Təbrizin «Traktorsazi», yaxud təbrizlilər dediyi kimi, Tiraxtur komandasının azarkeşlərinin son həftələrdə yaşadıqları bunu göstərir.

FUTBOL EŞQİNƏ HƏBSƏ DÜŞƏNLƏR

«Biz bir yerdə maşınla gəlirdik, qarşımızı kəsdilər tutdular apardılar. Sonra məni buraxdılar, qardaşım qaldı. Sonra iki gün axtardıq, məlum oldu ki, Ettelaatın əlindədir»



Buunu Təbriz sakini Hüseyn Səduqi deyir. Onun qardaşı Abdulla Səduqini bu il yanvarın 18-də futbola sevgisinə görə həbs ediblər. O vaxtdan bəri Abdulla Səduqi ailəsi ilə görüşməyib. Ona qarşı rəsmən ittiham irəli sürülməyib. Amma onu da, digər təbrizlilər Əlirza Hüseynzadə və Əli Afiyəti də yaydıqları futbol afişaları ilə bağlı həbs ediblər.

İndi zəmanətlə azadlığa buraxılan Əlirza Hüseynzadə də deyir ki, onlar azarkeşi olduqları futbol klubunun posterlərini yaydıqları üçün saxlanılıb, sorğu-sual ediliblər:

«Abdulla Səduqi adlı dostum poster çap eləmişdi. Onu soruşurdular ki, bunu kim çap edib, harda çap edib. Onu soruşurdular. Onlar icazəli posterlər idi . «Yer yatar tufan yatar yatmaz Traxtur bayrağı». Biz elə Traxtur timini sevirux, onun üçün almışdıq, baxmışdıq. Onu soruşurdular bizdən».

ADAPP - Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının verdiyi məlumata görə, bu həbslərlə iş bitməyib. Məhəmməd Almuradi adlı bir Təbrizli də posterləri yaydığına görə həbs olunub. Bir ay əvvəl isə polis «Traktorsazi»nin poster və digər əlamətlərini satdığına görə Təbrizli Davud Şirinin «Azərbaycan» dükanının qapısını möhürləyib.

Abdullah Səduqi həm də Təbrizdə nəşr olunan «Qol» qəzetinin yazarıdır. Elə sevimli mövzusu da «Traktorsazi» komandasının oyunları imiş.

«Azərbaycan diyarımız «Traxtor» iftixarımız. Yer yatar, tufan yatar, yatmaz «Traxtor» bayrağı»


«TİRƏXTUR, TİRƏXTUR»

Təbrizlilərin şirin ləhcəsində tiraxtur adlandırdığı bu futbol klubu traktor düzəltmə zavodunun komandasıdır. İranın superliqasında oynayır. İndi komandanın qırmızı rəngini çox təbrizlinin üzərində, evində, dükanında görmək olar.

Traktora qədər İranda azərbaycanlıların futbol əfsanəsi ölkələrarası matçlarda qolların sayına görə dünya rekordçusu Əli Daei idi. Amma Ərdəbilli Daei «Traktorsazi»nin təklifini qəbul etməyib Persepolis komandasının məşqçiliyinə keçməsi ilə təbrizlilərin qəlbini qırıb. Amma həmsöhbətlərim deyir ki, «Traktorsazi» elə indiki məşqçisi ilə də onların gözündə dünyanın ən yaxşı komandasıdır.

QADINLAR FUTBOL ÜÇÜN DAĞLARA ÇIXIR

Təbrizin «Traktorsazi» komandasının başqa şəhərlərdən olan komandalarla görüşməsi zamanı stadion dolu olur. Azarkeşlər deyir ki, «Traktorsazi»nin bir oyundan yığımı başqa komandalarınkından bir neçə dəfə artıq olur.

Amma «Traktorsazi»ni təkcə Təbrizin komandası hesab etmirlər. Onu izləməkçün Urmiyədən, Zəncandan, Ərdəbildən, Həmədandan, türklər yaşayan bütün bölgələrdən oyunlara gəlirlər.

«Traktorsazi»nin qadın azarkeşlərinin bəxti gətirməyib. Amma İranda stadionlara buraxılmayan qadınlar da azarkeşliklərindən qalmırlar. Hətta bundan ötrü dağlara qalxıb stadiondakı oyunu ətraf təpələrdən seyr etməli olsalar da.



STADİONDA «TÜRK DİLİNDƏ MƏDRƏSƏ» ŞÜARI

Son vaxtlar komandanın oyunları həm də milli hüquqlarını tələb edənlər üçün meydana çevrilir.

«Traktorsazi»nin şöhrəti nəinki stadionun, hətta İranın da hüdudlarını aşır. Bakıda «Traktorsazi»nin oyunlarını həyəcanla izləyənlərdən biri də bəstəkar Firudin Allahverdidir.

Bəstəkarın fikrincə, yaxşı oyun göstərməkdən əlavə, «Traktorsazi» İranda əzilən Azərbaycanlıların özünütəsdiqinə kömək edir:

«İranda yaşayan azərbaycanlılara uzun illərdi ki, özünütəsdiq üçün bir əsas lazım idi, bunu bu komanda onlara verdi. Xüsusilə bunu Tehranın İstiqlal Komandası ilə oyunlarına aid etmək olar...»

İranın vaxtilə şahənşahlığın şərəfinə Tac, indi isə İstiqlal adlanan paytaxt komandası ilə oyunlar xüsusilə gərgin keçir:

«Son oyunların birində futbola heç aidiyyatı olmayan şüarlar səsləndi ki, "Türk dilində mədrəsə olmalıdır hər kəsə". İranda türklərin öz dilində təhsil ala bilməməsinə bir etiraz idi. Baxmayaraq ki, İranda toplaşma azadlığı haqqında qanun var, bizdəki kimi orda da buna riayət olunmur və futbol türklərin toplaşması üçün bir bəhanə olur».

NECƏ Kİ BARSELONA

Yanvarın 15-də Tehranın İstiqlal komandası ilə Azadi stadionunda keçirilən oyunda bir qrup gənc Türk dilində təhsil tələb edən poster çıxarıb. Posterin təhlükəsizlik qüvvələri tərəfindən yığışdırılması böyük narazılıq doğurub.

Bu oyun zamanı emosiyaların qızışmasına həm də göyərçin əhvalatı səbəb olub. «Traktorsazi» azarkeşləri adəti üzrə tribunlardan qanadları qırmızı rəngə boyanmış göyərçinlər buraxıblar və Yaşasın Azərbaycan qışqırıblar. İstiqlal komandasının azarkeşi isə həmin göyərçinin başını üzüb qaçış zolağına atıb. Qəzəblənmiş Traktor azarkeşləri həmin səhnələri göstərən şəkilləri internetdə yayıblar.

«Perspolis» - «Traktorsazi» oyunu


Furudin Allahverdi:

«Mən eşitmişəm ki, indi «Traktorsazi» azarkeşləri həmin göyərçini komandanın rəmzinə çevirmək istəyirlər».

Firudin Allahverdi deyir ki, futbol artıq çoxdan sırf idman mahiyyətindən çıxıb bir siyasət amilinə çevrilib.

«Sən gərək bir komandanı sevəsən. Burda bütün hisslər qarşılanır – hərəkət var, sevgi var...»

Bakıda siyasi mühacir həyatı yaşayan Təbrizli filosof Məhəmmədrza Ləvai deyir ki, «Traktorsazi» İranda Azərbaycan millətçiliyinin simvoluna çevrilib. Necə ki, Barselona İspaniyada. Düzdür, Kataloniyalı azarkeşin futbol matçında qaldırdığı «Barselona İspaniya deyil» mesajını açıq verməyə İran azərbaycanlıları cürət etmirlər, amma elə «Yaşasın Azərbaycan», Türk dilində mədrəsə kimi şüarlar da həbsə səbəb ola bilir.

ASTARA TİKİLƏN ŞÜARLAR

«Bəzən hətta bayraqların içində astardan bir başqa bayraq ve ya şüar tikilir. Onu heç kim görmür, amma azarkeş futbol matçında belə təsəvvür edir ki, Azərbaycan bayrağı, yaxud millətçi şüar dalğalandırır»

Ümumiyyətlə, komanda ilə bağlı bütün plakat və şüarların nəşri üçün İranın İrşad nazirliyinin icazəsi tələb olunur.

Hüseyn Səduqi deyir ki, onun qardaşı yalnız senzuradan keçmiş posterlər yayıb. Amma ola bilsin ki, hökumət onun başqa posterlər yaymasından yanlış olaraq, şübhələnsin. Əlirza Hüseynzadə də yaydığı posterlərin yalnız icazəli olduğunu deyir. Deyir, bundan sonra da sevdiyi komandanın posterlərini yaymaqda davam edəcək.

«Öz komandamız üçün başqa əlimizdən nə gəlir ki? Posterin də alıb yaymasaq nə alacağıq».

SƏNİ SEVƏCƏYƏM, SƏN UDMASAN DA

Məhəmmədrza Ləvai deyir ki, İran hökuməti komandanın populyarlığından narahat olur və bəzən hətta türklərin «özünütəsdiq» duyğularının çox uzağa getməməsi üçün siyasi sifarişli məğlubiyyətlər də olur.

Amma bu məğlubiyyətlər Əlirza Hüseynzadə kimi azarkeşləri komandadan üz döndərməyə məcbur etməz.

«Uduzmağı niyə narahat etmir ki, edir. Amma bizim ayrı komandamız yoxdur Onu sevəcəyik. Udsa da, uduzsa da sevəcəyik. Amma sevirik ki, uda. Ana balasını imtahanda yaxşı qiymət alsa da sevər, pis qiymət alsa da. Biz də komandamızı hər necə olsa, sevərik».

Məhəmmədrza Ləvai deyir ki, indiyə kimi «Traktorsazi» komandasının nə rəsmiləri, nə də oyunçuları onlara sevgisi üzündən həbsə düşənlərə dəstək nümayiş etdiriblər. Amma onun sözlərinə görə, İranda azərbaycanlıların öz komandalarından belə umacağı da yoxdur:

«Onsuz da «Traktorsazi» özündən asılı olmayaraq, böyük siyasətin oyunçusuna çevrilir, ən azı stadionu milli duyğuları coşan İran türklərinin milli şüarları üçün tribunaya çevrilməklə».

XS
SM
MD
LG