Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:18

Ermənistanda «donuz qripi»nin fırıldaq olduğunu düşünürlər


«İnsanları həyəcanlandırmaqda məqsəd böyük gəlir götürmək olub».
«İnsanları həyəcanlandırmaqda məqsəd böyük gəlir götürmək olub».
Ermənistanda «donuz qripi» tapılmayana qədər mütəxəssislər onun çox təhlükəli olmasından danışırdılar. Hökumət də öz növbəsində H1N1 virusunun ölkəyə gəlməməsi üçün tədbirlər görürdü. Dünya Bankının Ermənistana ayırdığı 180 min dollar hesabına virus əleyhinə preparatlar, virusu müəyyən edən vasitələr, istiliyi uzaqdan ölçən teplovizor alınmışdı.

Ehtiyat tədbirlərinə baxmayaraq, artıq noyabr ayında Ermənistanda virus aşkarlandı. Ermənilər təlaşa düşüb lazım gəldi-gəlmədi virus əleyhinə dərman və maskalar aldılar.

Həmin vaxt Danimarka jurnalistləri Dünya Səhiyyə Təşkilatının ekspertlərini virus əleyhinə dərman istehsalçılarından xeyli pul almaqda günahlandırdılar. Bundan sonra ermənilərin bir qismi qripə qeyri-ciddi yanaşdı. Ancaq bu hal da uzun sürmədi. Dekabr ayında 2 adamın virusdan ölməsi yeni həyəcana səbəb oldu.

İndi isə insanlarda təlaş yoxdur, əksinə, «donuz qripi» haqda sual verəndə, onlar dərman fırıldaqçılığından danışırlar:

- «Qrip hər zaman olub, «donuz qripi» mövzusu isə dərmanlar satılsın deyə, süni olaraq atılıb».

- «İnsanları həyəcanlandırmaqda məqsəd böyük gəlir götürmək olub».

- «Bu, adi qrip idi, ölüm halları əvvəllər də olub. Qrip təhlükəli xəstəlik deyil. Zəif orqanizmlər virusa daha tez yoluxurlar və nəticədə ölüm hadisələri olur».

Söhbət etdiyimiz adamlar deyir ki, bəzən yayılan məlumatlardan narahatlıq keçirib, müxtəlif ehtiyat tədbirlərinə əl atıblar:

- «Hərdən qorxurdum. Daha çox sarımsaq, meyvə, əsasən də sitrus meyvələri yeməyə və diyet tutmamağa çalışırdım».

- «Bir tanışım ölmüşdü, bilmədik ki, o, mövsümi ya «donuz» qripindən ölüb. Ailəm vahiməyə düşüb vitamin C və oksolin mazı istifadə edirdi».

Səhiyyə nazirinin müavini Ayk Darbinyan qeyd edir ki, kəskin respirator xəstəliklərində azalma müşahidə olunur və hazırda epidemiya riski yoxdur:

«Dekabrın 30-da xəstəxanalarda 500 xəstə var idisə, hazırda iki dəfə azdır».

Nazir müavini deyir ki, Ermənistanda ümumilikdə 143 yoluxma faktı qeydə alınıb. Onlardan 3-ü ölümlə nəticələnib. Adi mövsümi qripə isə 45 min adam yoluxub, ondan 100-dən çox adam ölüb.

Hazırda «donuz qripi» diaqnozu ilə xəstəxanada 1 nəfər müalicə alır. Ancaq məsələ başqadır. Dekabr ayında infeksiyaya yoluxanların sayı 100-ü ötəndə xəstələrdə H1N1 virusunun olub-olması yoxlanmadı. Xəstələri eyni cür müalicə etdilər.

Ayk Darbinyan düşünür ki, danimarkalı jurnalistlərin yazdıqları reallıqdan o qədər də uzaq deyil:

«Xəstəliyin necə inkişaf etdiyinə nəzər salsaq, A(H1N1) virusu təsvir edildiyi kimi, dəhşətli və təhlükəli deyil».

Səhiyyə məsələləri üzrə ekspert Armen Soqoyan da fırıldaq versiyasını istisna etmir. Bununla belə o, «donuz qripi» ətrafında yaranan ajiotajın müsbət tərəflərini də qeyd edir:

«Əhaliyə sağlam həyat tərzi aşılanır, qripdən qorunmaq yolları təbliğ olunurdu. Məncə, kəskin respirator xəstəliklər barədə məlumatsız adam qalmayıb. Bu isə ictimai səhiyyə baxımından çox vacibdir».
XS
SM
MD
LG