Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:45

Nuridə Atəşi: «Şeir tanrının insanın qulağına pıçıltısıdır…»


Nuridə Atəşi
Nuridə Atəşi
Necə fikirləşmişdik, eləcə də oldu. Almaniyada yaşayan soydaşımız, N. Gəncəvi adına Mədəniyyət İnstitunun direktoru Nuridə Atəşi yanvarın 28-də, düz saat 12-də AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı oldu.

--Xoş gördük, Nuridə xanım! Necəsiniz, nə var, nə yox?

--Əla. Çox sağ olun.

--Avropanın soyuğunu, qarını Bakıya da gətirdiniz…


--Bəli, bəli..

--Neçə gündür Vətəndəsiniz?


--İki həftədən artıqdır.

--Necə gedir, öyrəşirsinizmi Bakıya?

--Öyrəşirəm yavaş-yavaş. Avropadan ilk gələndə, elə bilirəm yüzillər düşürəm geri…(Gülüşmə)

--Niyə elə olur?

--Nə bilim. Sonra yavaş-yavaş alışıram ki, mən də burdan getmişəm…

--Siz özünüz az-az gəlsəniz də, sorağınız hər zaman gəlib çatır bizə. Ən son ötən ilin dekabrında Almaniyanın «Kim kimdir?» ensiklopediyasına adınızın düşməsi ilə bağlı xəbər vermişdik. AzadlıqRadiosunun «Can Bakı» proqramının canlı efirində az qala 3 il öncə olmuşdunuz. Əsəd bəylə bağlı araşdırmalarınızdan danışdınız. Bu 3 ildə həyatınızda, fəaliyyətinizdə nələr dəyişdi?

--Ondan sonra çox işlər gördüm. 2008-ci ildə Almaniyanın «Matezun Zayts» nəşriyyatından sifariş aldım. İkimizin müştərək arzusu oldu ki, Azərbaycan klassik şairlərini alman dilinə çevirək. İndiyə qədər belə tərcümə olmayıb. Nizamidən, Məhsətidən tutmuş, klassik şairlər və müasirlərdən də seçmələr. Çox çətin bir iş idi. Şərq poeziyasını bilən məşhur şair Yan Vaynerti də mənə köməkçi verdilər. Bir ildən artıq, hər gün 8 saat işlədik. Təsəvvür edin, tərcüməni bitirəndən sonra başladım almanca qəzəllər yazmağa…(Gülüşmə)

--İnanılası deyil…

--Özümü bütünlüklə işə verdim. Çoxdandı qəzəl oxumurdum. Yaradıcılığıma o qədər təsir elədi ki, naşirim mat qaldı.Ondan sonra başladım almanca yazmağa.

--Almanca qəzəl necə səslənir?

--Gözəl, bilsəniz necə gözəl. Almanlar Hafizdən, Xəyyamdan və Nizamidən başqa heç kimi tanımırlar. Nizamini də Göte tanıtdırıb, amma fars şairi kimi. İnanın, Məhsətini oxudular, bayıldılar. Dedilər, necə olur ki, Azərbaycanın klassik ədəbiyyatı belə güclüdür və almanlar bundan xəbərsizdirlər. Kitab Frankfurt Kitab sərgisində göstərildi və mən şair-tərcüməçi kimi kitab bazarına girdim. Ondan sonra «Karel Fişer» nəşriyyatından şeirlərimin çapı üçün təklif aldım. Ötən il seçmə şeirlərim «Od qızı» adı ilə çap olundu. Dərhal kitab bazarında satılmağa başladı və artıq məni alman şairi kimi qəbul elədilər. Həmin nəşriyyatın buraxdığı «Müasir alman poeziyası və nəsri» antologiyasına 5 şeirimi saldılar. Son illər özümü ədəbiyyata verməyimin çox xeyri oldu. Bu diaspordan uzaqlaşmağımın nəticəsi idi.

--Niyə uzaqlaşdınız ki, diaspordan?

--Uzaqlaşmadım, uzaqlaşdırdılar. Mən bu fəaliyyətlə Berlində səfirlik olmayanda, Diaspor Komitəsi olmayanda məşğul olmağa başlamışdım. Mənim kimi düşünən,Vətəni sevən insanlarla birgə. Sonra Komitə gəldi, hər yerə öz adamlarını qoydular və diasporu siyasiləşdirdilər. Bu doğru olmadı və biz uzaqlaşmağa məcbur olduq. Bizim haqlı iradlarımızı, tənqidlərimizi eşitmək istəmədilər. Bu uzaqlaşma mənə hədiyyə oldu. Anladım ki, bu işləri görmək üçün Nuridə Atəşi olmaq gərək deyil. Əgər 15 il Almaniyada ədəbiyyatla, tədqiqatla məşğul olsaydım, indi Almaniyada yox, dünyada məşhur şair idim, uğurlu tədqiqatçı idim. Diaspordan ayrıldıqdan sonra anladım ki, gücüm qələmimdədir. Hə, sonra «Od qızı» kitabıma 8 hissəli simfoniya bəstələndi. Alman mətbuatı bu barədə yazdı. Hamburqlu Mişail adında bir bəstəkarla hazırda SD disk üzərində işləyirik. Onun bəstəsi, mənim şeirlərim öz səsimlə. Birini gətirmişəm, istəsəniz səsləndirərik, sonra şeiri də oxuyaram («Səs» bölümünü tıklayın).

--Nuridə xanım, iki gün öncə saytımızda sizin «Can Bakı»ya qonaq olacağınız xəbərini vermişdik. Sizə suallar gəlib. Söhbətimiz boyu onları oxuyacam. Namiq yazır ki, sizin şeirləriniz açıq-saçıqlığı ilə seçilir. Poeziyada mentalitet məsələsinə necə baxırsınız?-deyə soruşur Namiq.

--Şeir tanrının insanın qulağına pıçıltısıdır. Mən nə eşidirəm, onu yazıram. Yazarkən, mentalitet düşünmürəm, poeziyanı düşünürəm. Mən şeir yazdığım zaman düşünmürəm ki, məni kimsə oxuyur, kimsə dinləyir. Mən özümlə söhbət eləyirəm və duyğularımı ifadə edirəm. Bu o qədər müqəddəs duyğudur ki, irad tutmaq doğru deyil. Məişətdə, cəmiyyətdə mentalitetin qayda-qanunlarına əməl edirəm. Ancaq poeziyada mən şairəm.

--Kamil yazır ki, Almaniyada özünüzü yalnızmı hiss edirsiniz? Necə oldu ki, Almaniyaya köçmək qərarı verdiniz? Sizi sevirik və uğurlar arzulayırıq. Sonra şeirinizi yazır: Bir ərən istərdim, Buraxmayaydı məni qürbət ellərdə təkbaşına, Və dünyanı yapayalnız dolaşmağa…

--(Gülür) Mənim gənc yaşımda Almaniyaya köçməyimin səbəbini siz bilirsiniz. Mən kefimdən getmədim. Qızım ağır xəstə oldu. Azərbaycanda, Rusiyada əməliyyat olundu, xeyri olmadı. Dedilər uşaq öləcək…O zaman mən mübarizəyə qalxdım. Məni dəvət etdilər həkimlər. Ona görə Almaniyaya hər şey üçün borcluyam. Bu ölkə qızımı sağaltdı. İndi Londonda təhsil alır. Və xoşbəxtdir. Almaniyaya bir də ona görə borcluyam ki, məni ucaltdı. Alman dilini öyrəndim, almanca yazdım, dünyagörüşüm genişləndi. Almaniyada mən tək deyiləm. Çoxlu dostlarım var, oxucularım var. Müxtəlif səviyyədə məni dəstəkləyən, dəyər verən insanlar var. Bütün bunlar adama güc verir. Ona görə də, xoşbəxtəm.

--Aytən sizi salamlayır və soruşur ki, Əsəd bəylə bağlı araşdırmalarınız nə ilə nəticələndi?

--Mən 2006-cı ildən Əsəd bəyi tədqiq edirəm. Bir neçə dəfə Gürcüstanda, Avstriyada, İtaliyada oldum. Dünyada ilk dəfə Əsəd bəyin arxiv sənədlərini mən topladım, kitab şəklində çap elədim. Hətta Əsəd bəyin Qurban Səid təxəllüsü ilə yazdığı «Sevgidən bixəbər kişi» əsərindən 15 səhifə tərcümə edib «Yüz ilin sirləri» kitabımda çap elədim. Mən bunu Almaniyada etsəydim, kitab çox məşhur olardı. Tom Raysın kitabına qarşı yazılmışdı bu. Mən onu sevinclə Azərbaycana gətirdim ki, ölkə , xalq öz böyük oğluna sahib çıxacaq. Yazıçılar Birliyinin mövqeyini bilirsiniz, onlar indiyədək Əsəd bəyə qarşıdırlar, onu qəbul etmirlər. Əsəd bəy onlar üçün yəhudidir. Azərbaycan ədəbiyyatına heç bir dəxli yoxdur. Hətta adını çəkdiyim romanını onun saymırlar. O haqsızlıqlaarı görəndən sonra mən ikinci cildi yazmadım, 3 cild fikirləşmişdim. Bütün sənədlər əlimdədir. Gedib Əsəd bəyin xalası oğlu ilə Parisdə görüşdüm. Rus dilində çox gözəl bilir, səsini 3 diskə yazdım. Şəkilləri var məndə. Heç yerdə çap etdirmədim. Bilirsiniz ki, Əsəd bəy haqqında Ralf Marşalek film çəkib.

--Ötən ilin sonu Bakıda da göstərildi. Təqdimatında mən də oldum…

--Film yazda tam hazır olacaq. Filmdə mən tədqiqatçıyam. Gözləyirəm ki, Azərbaycan dövləti Əsəd bəyə sahib çıxsın. Azərbaycan Yazarlar Birliyində ona sahib çıxsınlar. Belə düşünürəm ki, indiki strukturla bu mümkün olmayacaq. Bir də ki, Xanım Betti Bleyer Əsəd bəyi Azərbaycanın düşməni kimi tanıdır. Yazır ki, onun Azərbaycan ədəbiyyatında heç bir xidməti yoxdur. Əsəd bəy Azərbaycanı sevməyən bir adamdır və s. Bütün bunlar Əsəd bəyə qarşı soyuqluğa gətirib çıxarır. Dünya Əsəd bəyi Azərbaycanın vətənpərvər yazarı kimi qəbul edir. Azərbaycanın bunu qəbul etməməsi ayıbdır. Mən «Sevgidən bixəbər kişi»ni tərcümə də etmişəm. Sadəcə, çap etdirmirəm ki, bunu dövlət özü etsin. İndi 150 cildlik «Dünya ədəbiyyatı» kitabxanası çap olunur. Ora Əsəd bəy də düşməlidir.

--Əsəd bəyin Berlində barelyefini də açdınız. Filmdə gördüm…

--Yaşadığı evdə açdım. Təsəvvür edin ki, Bundestaqın millət vəkilləri Azərbaycandan, Gürcüstandan qonaq gələndə, aparırlar ora. Əsəd bəy «Şərqdə neft və qan» əsərini o evdə yazıb. Şəhərin mərkəzində Ədəbiyyat Evi ilə üzbəüzdür.

--İndi kim yaşayır orda?

--Bürolar yerləşir…Mənim ən böyük arzumdur ki, o evi muzey eləyək. Nə olar? Azərbaycanın heçmi parası yoxdur ki, Əsəd bəyin yaşadığı evi muzey etsin? Bunu etmək ölkəyə başucalıq gətirərdi…İndi Vyanada Əsəd bəyin yaşadığı evlə bağlı dövlətlə danışıqlar aparıram. İstəyirəm orada da bir nişanə qoyum. Bir arzum da İtaliyanın Pozitano şəhərində, bilirsiniz ki, onun son yaşadığı yerdir, onun adına fond açmaqdır. Qoy ora dünyanın hər yerindən gəlsinlər, onu yad etsinlər…

--Yeri gəlmişkən, çox maraqlı şəhərdi Pozitano. Filmdə gördüm…

--Elədir. Necə o şəhərdə ölmək olar?! Bilirsiniz yəqin, mən Əsəd bəyin məzarını üzü qibləyə çevirdim.

--Gördüm filmdə. Nuridə xanım, düzü filmə baxandan sonra hamıda qəribə bir hiss vardı. Soruşurdular ki, bu qadın kimdir, belə iş görür?

--(Gülür) Dövlət səviyyəsində görüləcək işdir, deyilmi? Özü də İtaliya dövləti belə işlərdə çox ciddidir. İki il savaşdım. Əsəd bəy öləndə, son arzusu olub ki, başdaşı üzü Məkkəyə olsun. Amma italyanlar bilməyiblər qiblə hansı tərəfdir və tərsinə basdırıblar…Uzun illər bunu heç kəs fərq etməyib. Filmin çəkilişlərinin ikinci günü ay işığında birdən baxdım ki, başdaşına qoyulan əmmamə tərsinədir. Səhərisi şəhər bələdiyyəsinə getdim. Biz azərbaycanlılar vaxtilə Əsəd bəyə çox pisliklər etmişik danoslar yazmışıq, onu Almaniyadan çıxarmışıq, o məcbur olub Avstriyaya, oradan da Pozitanoya yerləşsin. Bu adam acından ölüb… Dərman almağa pulu olmayıb. Heç olmasa, son vəsiyyətinə əməl edək. Bir məktub istədilər ki, orada yazılsın ki, müsəlman öldükdə, üzü Məkkəyə basdırılmalıdır. Mən gəldim Bakıya, Hacı Allahşükür Paşazadəyə, Din Komitəsinə müraciət etdim. Mənə məktub vermədilər. Qayıtdım, Berlindəki İslam İnstitutundan bu məktubu aldım. Sağ olsun Berlindəki Türk səfirliyi, qəbrin şəklinə baxdılar, təsdiq etdilər ki, qəbir dəyişilməlidir. Əlimdə kağız getdim Pozitanoya. 35 dərəcə istidə 4 gün orada qaldım. Bələdiyyəyə dedim ki, qəbir dəyişilməyincə, burdan getməyəcəyəm. Geriyə billet də almamışdım. 4-cü gün xəbər göndərdilər ki, sabah dəyişirik. Mən dəvət göndərdim Romadakı səfirliyimizə. Oradan gələn olmadı. Ancaq BMT-nin bürosunda işləyən bir azərbaycanlımız-- Elxan Əliyev, sağ olsun, gəldi. İmam gətirdi, «Quran» gətirdi, soydaşlarımızı gətirdi. Biz Əsəd bəyin məzarını dəyişdik, başının altına «Quran» qoyduq, üzü qibləyə çevirdik, üstünün yazılarını bərpa etdik…Və Əsəd bəyin ruhu rahatlıq tapdı.

--Nuridə xanım, keçək son araşdırmanıza. Amazonları Azərbaycanda axtarmaq haradan ağlınıza gıldi?

--1995-97-ci illərdə Berlində Türk televiziyasında aparıcı işləyirdim. «Körpü» adlı proqramım vardı. Türk dilində bir kitabım çıxdı. Bayaqki oxucunun dediyi kimi, bir az açıq-saçıq, qadın duyğularını ifadə edən şeirlərim toplanmışdı. Hər verilişdən sonra bir yaşlı adam zəng çalıb mənimlə görüşmək istəyirdi. Elə bildim, yazdığım şeirlərlə bağlıdır. Axır, bir dəfə getdim onlara. Evi arxiv idi. Mənə bir qovluq verdi. Dedi, qızım, bu, sənin tarixindir. Sən Amazonlar ölkəsindən gəlmisən, özün də amazon qızısan. Sən bunu araşdırmalısan. Çünki mənim zamanım yok! İki həftədən sonra həmin kişinin— tarixçi Osman Kurtun qəzetdə şəklini gördüm. Öldüyü xəbər verilirdi. Qovluğu açdım. Gördüm, yazır ki, 92-də Qobustanda olmuşam, Azərbaycan amazonların diyarıdır və s. oxudum, ayrıla bilmədim. Başladım araşdırmağa. Heç yerdən dəstək görmədim. Axırda gəldim Qobustana, qaya rəsmlərinə baxdım. Qobustanın ilk araşdırıcısı İ. Cəfərzadə yazıb: Amozonların ilk yaşadığı mağara «Ana zağa» mağarasıdır. Ona görə də, Avropa, yunanlar amozonlara sahib çıxa bilmirlər. Deyirlər ki, onlar köçəri olublar, izləri qalmayıb. «Ana zağa»nın girişində ox-yayla 72 şəkil var. Ortada da bir qadın, yenə ox-yayla. 60-cı illərdə Cəfərzadə yazır ki, Qobustanda yaşayan ən qədim qadın, e. ə. yaşayıb, 8 min il yaşı olub, qəbilənin başçısı olub. O zaman Azərbaycanda matriarxat idi. Qobustanda matriarxat demək, Amozonlar deməkdir! Onların Qobustanda kifayət qədər izləri var, heykəlcikləri, yaşayış yerləri, öküzün başına ip salmaları var. Öküzü ilk dəfə amozonlar əhilləşdirib. Antik yazarlara dayansaq, ilk dəfə atı minən amozonlar olub. Amma onları dünya yunan qadınları kimi tanıyır. İlk dəfə Homerin dilindən eşidiblər. Homer yazır: Alizona. Bu, Alazandır. Amozonların adı Alazan çayından yaranıb! Alazan sahilində romalılarla albanların savaşı olub. Alazanlar, sonra Yunanıstana gediblər və özlərini alizona kimi təqdim ediblər. Sonra saklar gəliblər. Mən bütün bunları Akademiyanın müvafiq institutlarında dedim. Əvvəl qəbul etmək istəmirdilər. Yazdıqlarımla tanış olandan sonra söylədilər ki, bu yenilikdir, bunu sübut etmək mümkündür, elmi iş yazmaq da olar. Mən dünyaya sübut etmək istəyirəm ki, amozonlar Qafqaz qadınları olub, həm də Qarabağın əzəli sakinləri olub. Nəyi pisdir ki? Strabon yazır ki, amozonlar Kerravn dağında yaşayırdılar. Mənim fikrimcə, bu Qarabağda olan Qərvənd dağıdır. Onlar düşürdülər Novruz vaxtı Qarqar çayının sahilinə, qarqarlarla nəsil artırmaq üçün görüşürdülər. Bunları sübut etmək Qarabağa sahib çıxmaq deməkdir, Alban tarixinə sahib çıxmaq deməkdir. Əsəd bəyi anlamayan kimi, bunu da anlamasaq, çox şey itirərik. Onlara qonşularımız sahib çıxar.

--Bu gəlişinizdə Qala kəndi ilə bağlı da açıqlamalarınız oldu…

--Əsəd bəy əsərlərinin birində yazırdı ki, Azərbaycanın şimalında bir kənd var, oranın qadınları vəhşi qadınlardır, at minirlər, ot biçirlər, çöl işi görürlər. Mən 10 il axtarandan sonra tapdım ki, bu Qaxın Sarıbaş kəndidir. İnanın, yayda getdim gördüm o qadınları—at çapan, ot çalan, iş görən yerdə--sarısaçlı qadınları. Əsl amozonların yaşadığı kənd. Sübutlar var, dəstək yoxdur. Qaldı Qala kəndinə, türk tarixçisi, həmin Osman Kurt yazır ki, kişilər amozonlara satqınlıq elədiyi zaman, onların cinsiyyət üzvlərini kəsirmişlər və kraliçalarına hədiyyə edirmişlər və illər keçdikcə bunu qəbirlərinin üstünə qoyurmuşlar. Yəni bu, onların qanunu olub. Mən o adətlərin izini Qala kəndində tapdım. Qədim qəbiristanlıqda. O fallus qəbrin içində olub, son zamanlar üzə çıxıb. Və kənd camaatı-- sonsuz qadınlar gəlib onun üstünə qarınlarını sürtürmüşlər ki, uşaqları olsun. Yanında eynilə qadın cinsiyyət üzvünün daş qəbri var. Onun da üstünə uzanıblar, niyyət tutublar, şüşə sındırıblar. Həmin fallusun biri də köhnə kəndin yaşayış yerindən tapılıb. Heç bir araşdırma aparılmayıb, dağıdıb töküblər. İndi üstündə pir tikirlər. O da yarımçıq qalıb. O fallusun biri Qəbələdə var, dağın başında. Biri Lənkəranda var və indiyədək araşdırılmayıb. Mən bunları araşdırıram. Əminəm ki, amazonların Qafqaz qadınları olduğunu dünyaya sübut edəcəm. Sadəcə, tarixçilərdən, arxeoloqlardan dəstək istəyirəm. Hazırda ssenari kurslarında dərs alıram. Amazonlar haqqında film çəkmək üçün. Avropanın iki televiziyası maraqlanıb. Deyirlər, çəkək. Ancaq mən ssenarini də özüm yazmaq istəyirəm. Odur ki, kursa gedirəm. Amazonların dünyada yeganə mağarası kimi biz bütün turistləri Qobustana çəkə bilərik. Ümid edirəm ki, Azərbaycanda bunu anlayanlar olacaq.

--Mesajları oxuyum. Elxan yazır ki, mən sizing pərəstişkarınızam. Gözəlliyinizin sirri nədədir?

--Məncə, gözəllik xoşbəxtlikdən qaynaqlanır. Ən gözəl qadın da, bədbəxtdirsə, gözəl görünməz. Mən hər zaman nəşəliyəm, yüksək ovqatdayam. Ona görə də, məni gözəl görürlər.

--Şirvandan Kazım Kazımlı sizinlə məktublaşmaq istəyir. Elektron ünvanınızı istəyir.


--Mənə hər gün çoxlu məktublar gəlir. İnanın, vaxtım yoxdur cavablamağa. Sizdə ünvanım var, verin, bizə yazsın.

--Cəmilə yazır ki, xoşbəxtsinizmi? Bir də, xoşbəxtlik nə deməkdir?

--Xoşbəxtəm! Ən böyük sərmayəm övladlarımın üstünə qoyduğum sərmayədir. Balalarım gözəl təhsil alırlar. Qızım almanca, ispanca, ingiliscə bilir. Londonda oxuyur. Oğlumun 18 yaşı var. Həm skripka çalır, həm gimnaziyada oxuyur, həm də karikatura çəkir. Almanların bir sözü var: Uğur insanı xoşbəxt edir. Xoşbəxtliyi mübarizədə görürəm, sınmamaqda, əyilməməkdə və güclü olmaqda görürəm. Bir də, səbirli olmaqda.

--Samir sizinlə bağlı xoş sözlər yazır və bir şeirinizlə razılaşmadığını deyir: Erkəklər bir radiodur avtomobilində. Canın istəyəndə aç, Səsini qaldır, Azalt, İstəyəndə bağla dibindən!

--(Gülür) Bu da tanrının mənə pıçıldadığı bir şeirdir. Mənim üzərimdə kişilər—atam, qardaşım, ərim 30 il diqtə elədilər. Artıq bu səsi radio kimi bağladım.Və istəmirəm ki, mənim duyğularım, bədənim üzərində kimsə diqtə eləsin. Bu da amozonlardan gəlir.

--Sonuncu mesajı oxuyuram. Əziz Rzazadə yazır ki, fəaliyyətiniz boş qazan tıqqıltısına bənzəyir…


--Əgər 15 kitab yazmaq qazan tıqqıltısıdırsa, əgər Almaniyanın aparıcı kişi və qadın ensiklopediyasına düşmək tıqqıltıdırsa, alman şairi kimi qəbul olunmaq tıqqıltıdırsa…Ağıllı oxucu bilir ki, Almaniya Azərbaycan deyil, orada bunları qazanmaq asan deyil. Mən təkbaşına--pulsuz-parasız, təkbaşına Almaniyaya gedib bu zirvəyə çatmışamsa, bununla fəxr eləmək lazımdır. Ostrovski deyirdi ki, insanlar məndə olan gücün, qüvvətin dəyərini heç zaman bilmədilər. Elə mən də buna güvənirəm--özüməm, bir də qələmim!

--Nuridə xanım, çox sağ olun, təşəkkür edirəm «Can Bakı»ya təşrif buyurduğunuz üçün.
XS
SM
MD
LG