Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:17

«Azadlıq» blokunun üzvlərinə Şəhidlər Xiyabanına əklil qoymağa imkan verilməyib


Şəhidlər Xiyabanı
Şəhidlər Xiyabanı
Bir sıra müxalifət partiyalarının birləşdiyi «Azadlıq» blokunun üzvlərinə Şəhidlər Xiyabanındakı monumentin qarşısına əklil qoymağa imkan verilməyib.

Bu haqda AzadlıqRadiosunun «İşdən sonra» verilişində blokun üzvü olan Liberal Partiyanın lideri Lalə Şövkət Hacıyeva bildirib. O deyib ki, Xiyabana əklillə daxil olmaq istəyən blok üzvlərinin qarşısını polis əməkdaşları kəsib. Onlar blok üzvlərindən Xiyabana əklilsiz girməyi tələb ediblər:

«Polis qarşımızı kəsdi ki, bu əklili içəri apara bilməzsiniz, elə girişdə pilləkənlərin üstünə qoyun. Ona görə ki, monumentə möhtərəm prezident öz əklilini qoyub. Dedik nə olar, prezident qoyub, biz də qoymaq istəyirik. Bura Şəhidlər Xiyabanıdır, burda «bizimkilər, sizinkilər» söhbəti ola bilməz. Dedilər yox, icazə vermirik».

Lalə Şövkət Hacıyevanın dediyinə görə, onlar əklili pilləkənlərin üstünə qoyaraq Xiyabana əklilsiz daxil olublar. Məzarları ziyarət edib geri qayıtmaq istəyərkən polis işçiləri təkrar qarşılarını kəsib:

«Geri qayıtmaq istəyəndə qarşımızı yenə polis kəsdi. Bu dəfə də dedilər ki, prezidentin monumentin qarşısına qoyduğu əklilin başından dolanmalısınız, sonra çıxmalısınız».

«Azadlıq» blokunda Azərbaycan Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyaları birləşib.
XS
SM
MD
LG