Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:33

Gənc bloqqerlər həbsxanada «dinc» durmurlar


Adnan Hacızadə və Emin Milli
Adnan Hacızadə və Emin Milli
Apellyasiya məhkəməsi həbsdə olan bloqqerlər Adnan Hacızadə və Emin Milliyə «Con Smit» Təqaüd Proqramı üçün onlardan müsahibə götürmək istəyən komissiya ilə görüşməyə icazə verməyib.

Adnan Hacızadənin vəkili Elton Quliyev AzadlıqRadiosuna bildirib ki, bloqqerlər məşhur «Con Smit» Təqaüd Proqramına qoşulmaq üçün müsabiqəyə ərizə veriblər və ilkin mərhələni keçiblər:

- Bu ilkin mərhələni keçmək çox çətin məsələdir. Orda iştirak etmək istəyənlər həmişə çox olur.

«ONLAR HƏBSXANA DİVARINI UÇURMAQ YOX, TƏHSİL ALMAQ İSTƏYİRLƏR»

İkinci mərhələ isə müsahibədən ibarətdir. Vəkil Elton Quliyev deyir ki, gəncləri müsabiqədən keçirmək üçün komissiya onlarla təcridxanada görüşmək istəyib:

- Biz də söhbəti aparacaq komissiya üzvlərinin siyahısını hazırlayıb məhkəməyə təqdim etdik ki, görüşə icazə verilsin. Onlar bilirlər ki, gənclər həbsdədirlər. Müsahibə müsahibədir, harda keçirilməsinin nə mənası var? Biz onu da göstərdik ki, gənclərin nüfuzlu təhsil proqramına qoşulmaları şərəflidir, bu, məhdudlaşdırılmamalıdır. Əksinə, onları həvəsləndirmək lazımdır. Həbsxananın məqsədi həm də islah etməkdir.
Elton Quliyev
Biz ittihamı əsassız və qanunsuz sayırıq, amma rəsmi orqanlar bu cəzanı qanuni sayırlarsa, onda cəza siyasətinin müddəalarına uyğun mövqe tutmalıdırlar. Bunun da əsas müddəası da odur ki, cəza alan islah olunmalıdır. Gənclər də təhsil almaq istəyirlər də, həbsxananın divarlarını uçurmaq istəmirlər ki!

HAKİMİN XARİCİ FOND ƏMƏKDAŞIYLA GÖRÜŞƏ İCAZƏ VERMƏK SƏLAHİYYƏTİ YOXDUR?


Apellyasiya məhkəməsi göstərir ki, qanunvericilikdə hakimin məhkuma hər hansı xarici fondun və ya səfirliyin əməkdaşlarıyla görüşməyə icazə verməsi səlahiyyəti yoxdur.

Vəkil Elton Quliyev isə bu cavabı qanunsuz sayır:

- Əsas məsələ bundan ibarətdir ki, qanunvericilik hakimə bunu qadağan eləmir. İndi qanun yaradıcılığının prinsipi var; qanunda adbaad göstərilməli deyil ki, kiçik müəssisələrin və ya səhmdar cəmiyyətlərin, fondların və s. nümayəndələrinə icazə verilə bilər, ya yox. Bu səlahiyyət hakimə verilib, çünki saxlanılan şəxslər hakimin nəzarətindədir. Onlara görüşə icazə verə bilərlər.

BLOQQERLƏR KEÇMİŞ SPİKERİN DİQQƏTİNDƏ

Hüquqşünas Erkin Qədirli isə AzadlıqRadiosuna bildirib ki, «Con Smith Trust» Fondunun idarə heyətinin sədri, Britaniya Lordlar Palatasının keçmiş spikeri Lord Falkoner məsələni şəxsən diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, Azərbaycanda fondun müraciəti ilə bağlı qanuni prosedurların başa çatmasından sonra Emin Milli və Adnan Hacızadənin proqramda iştirakı ilə bağlı xüsusi qərarı da Lord Falkoner özü verəcək.
XS
SM
MD
LG