Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:19

Kimə inanasan, rəsmi ya qeyri-rəsmi mənbələrə?


Naxçıvanın Culfa rayonunun Bənənyar kəndindən gələn məlumatlarla muxtar respublikanın Bakıdakı nümayəndəliyinin yaydığı açıqlamanı heç cür bir-birinə uyğunlaşdırmaq olmur. Yerli adamlar deyir ki, yerli hüquq mühafizə orqanları onlara göz verib işıq vermir. Naxçıvan rəsmiləri isə bunun əsassız olduğunu deyib də məsələni yumşaq desək müxalifətin cığallığı və ruhi xəstəliklə əlaqələndirirlər. Kimə inanasan, rəsmi ya qeyri-rəsmi mənbələrə?

ÖLKƏ, O CÜMLƏDƏN DƏ NAXÇIVAN POLİS REJİMİ İLƏ İDARƏ OLUNUR

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, deputat İqbal Ağazadə hesab edir ki, əslində rəsmi qaynaqlar heç vaxt baş verən hadisələrlə bağlı obyektiv informasiya vermirlər.

Bənənyardan gələn sakinlərin dediklərindən isə belə başa düşmək olur ki, ölkədə qanunsuzluq baş alıb gedir. Ölkə, o cümlədən də Naxçıvan polis rejimi ilə idarə olunur. Polis rejiminin də belə məsələlərə yanaşması bundan artıq ola bilməz:

İqbal Ağazadə
«Çox təəssüflər olsun ki, bu gün hüquq mühafizə orqanları qanunun keşiyində dayanmaq əvəzinə hakimiyyətin sifarişini yerinə yetirirlər. Naxçıvanda da həmin situasiyadır. Onsuzda ətraf aləmlə gediş gəliş imkanları məhdud olan, hüquqları qorunmayan insanlar bir balaca öz haqlarını tələb edən kimi belə vəziyyətlə üzləşirlər».

İqbal Ağazadə deyir ki, 2010-cu ilin dövlət büdcəsində başqa sahələrdə azalma müşahidə olunduğu halda yalnız hüquq mühafizə orqanlarına ayrılan vəsaitin artırılması da onu göstərir ki, ölkə onların çiyni üzərində idarə olunur.

«DÖVLƏT BÜTÜN KƏNDİ 5-10 NƏFƏRİN RADİKAL HƏRƏKƏTİNİN İXTİYARINA BURAXA BİLMƏZ»

Heç şübhəsiz ki, İqbal Ağazadənin dedikləri ilə razılaşmayıb polisin hər yerdə, o cümlədən Naxçıvanda və onun Bənənyar kəndində də öz vəzifəsini yüksək səviyyədə, qanuna müvafiq qaydada yerinə yetirdiyini deyənlərdə var.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzali Ağamalı deyir ki, o Bənənyar kəndini çox yaxşı tanıyır. Oranın sakinləri kifayət qədər dinə bağlı insanlardılar. Və onların arasında radikal baxıışlı insanlar yetərincədir. Çox ehtimal ki, Aşura günü həmin adamların müəyyən həddi keçmək istəyi barədə hüquq mühafizə orqanlarında məlumat olub. Dövlət isə bütün kəndi və regionu 5-10 nəfərin radikal hərəkətinin ixtiyarına buraxa bilməz.

Fəzail Ağamalının fikrincə, xoşagəlməz vəziyyətin yaranmasına səbəb kənddə bəzi şəxslərin aranı qatmaq niyyəti güdərək insanları hissləri ilə oynaması olub. Özü də bu işdə deyildiyi kimi təkcə psixoloji problemi olan adam yox, başqaları da iştirak ediblər:

«Ruhi xəstədən başqa orada 5-6 adamın adları da çəkilir. Mən hətta orada müxalifətin barmağının olmasını da istisna etmirəm. Yəni orada belə adamlar bu hadisələri qarışdırmağa, bir problem yaratmağa, Bənənyar sindromu ortaya çıxartmağa çalışıblar və əslində buna nail ola biliblər. Ona görə də bu hadisəni törədənlər heç şübhəsiz ki, qanun qarşısında cavab verməlidirlər».

BƏNƏNYARDA İRAN FAKTORU


Fəzail Ağamalı deyir ki, dövlət var və hamı onun qanunlarına tabe olmalıdır. Azərbaycanın hüquq mühavizə orqanları kobud müdaxiləyə yol vermədən asayişi qoruyurlar. Ancaq polisin bu münasibəti nəzərə alınmayan yerdə əlbəttə ki, radikallığın qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır. Əks təqdirdə ölkədə xoşagəlməz hadisələr baş alıb gedər.

Fəzail Ağamalı
Millət vəkilinin Bənənyarda vəziyyəti xoşagəlməz səviyyəyə çatdıranların arxasında İran İslam Respublikasındakı bəzi qüvvələrin olmasını da istisna etmir.

BUNLAR BƏHANƏDİR

Hüquqşünas Vüqar Qocayev isə deyir ki, bunlar bəhanədir v ə Azərbaycanda hökuməti əleyhinə baş verən hər hansı hadisəyə həmişə müxtəlif don geyindirməyi artıq çoxdan ənənəyə çevirib.

Ona görə Bənənyar hadisəsini də əvvəl İranla sonra müxalifətin, daha sonra əqli problemi olan adamın üzərinə qoyacaqları də əvvəlcədən gözlənilən idi. Əslində belə açıqlamalarla hakimiyyət hazırda Naxçıvana getməyə çalışan beynəlxalq təşkilatların fikrini yayındırmaq istəyir.

«Naxçıvan nümayəndəliyinin açıqlaması uydurma və heç bir əsası olmayan iddialardan ibarətdir. Bənənyardan o qədər adam gəlmişdi Bakıya. Burada beynəlxalq təşkilatların nümayəndələri ilə, hüquq müdafiəçilərilə görüşdülər. O adamların işi gücü qurtarıb ki, o qədər yolu burada yalan danışmağa gəlsinlər. Camaat nümayəndəliyin açıqlamasına yox, gördüyünə inanır. O açıqlama heç bir hüquqa əsaslanmır».

KÜTLƏVİ ŞƏKİLDƏ İNSAN HAQLARI POZULUB

Hüquq müdafiəçisi Novella Cəfəroğluna görə, Naxçıvanın rəhbərliyi nə edir etsin, onlar bu məsələni ört basdır etməyə imkan verməyəcəklər. Və artıq bu istiqamətdə ciddi addımlar atmağa başlayıblar. Ona görə də Bakıdakı nümayəndəliyinin açıqlaması işə yaramayacaq. Çünki respublikada kütləvi şəkildə insan haqları pozulub.

«Evlərə girib adamları tutmaq, qadınları sürümək nə hüquqa sığmır, nə də məmurların tez-tez haqqında danışdıqları mentalitetə. Biz onların haqlarını qoruyacağıq. Bütün dünyaya da çatdırmışıq. Bu gün baş prokuror Zakir Qaralovla da bu barədə danışmışıq. Daxili işlər nazirinə də görüş üçün müraciət etmişik.
Novella Cəfəroğlu
Yəqin ki, bu günlərdə görüş baş tutacaq. Bütün səfirliklər də bu məsələni bilirlər».

BU AQİBƏT ÖLKƏNİN HƏR YERİNİ GÖZLƏYİR


Novella Cəfəroğlunun sözlərinə görə işi araşdırmaq üçün baş prokuror narazı olan kənd sakinlərinin prokurorluğa rəsmi müraciət etməsini məsləhət görüb. Ancaq onlara müraciət edən Bənənyar sakinləri həbs olunacaqlarından qorxduqları üçün rəsmi müraciət etməkdən çəkinirlər. Hüquq müdafiəçisi deyir ki, artıq Bakıda yaşayan Bənənyarlılar da qorxudulub.

Hüquq müdafiəçiləri hesab edirlər ki, Bənənyar hadisəsinə təkcə Naxçıvanın məsələsi yox, bütün Azərbaycanın problemi kimi yanaşılmalıdır. Çünki bu aqibət ölkənin hər yerini gözləyir.

Onu da deyim ki, Naxçıvan amilinin ölkə üçün pis nümunə olduğunu düşünən təkcə Novella Cəfəroğlu deyil. Siyasi şərhçi Azər Rəşidoğlu düşünür ki, Azərbaycan dövləti öz suveren hüquqlarını Dağlıq Qarabağda təmin etməyə çalışdığı kimi, Naxçıvanda da buna cəhd etməlidir. Çünki ölkə konstitusiyası orada da işləmir.

«NAXÇIVAN AZƏRBAYCANIN SİYASİ LABORATORİYASINA ÇEVRİLİB»

«Artıq Vasif Talıbovun hökmranlığı o həddə çatıb ki, rəsmi Bakı ilə Naxçıvan arasında qarşıdurma açıq şəkildə sezilir. Acınacaqlı bir hal da odur ki, Naxçıvan uzun müddətdir bir növ Azərbaycanın siyasi laboratoriyasına çevrilib. Yəni Naxçıvanda həyata keçirilən siyasi proseslər sonra bütövlükdə Azərbaycana transfer olunur».

Azər Rəşidoğluna görə, tanınmış hüquq müdafiəçiləri, media nümayəndələri, beynəlxalq təşkilatların gedə bilmədikləri bir bölgədə insanların hüquqlarının qorunması, demokratiyanın inkişafından ümumiyyətlə danışmaq olmaz. Naxçıvanda tamamilə hərbi polis rejiminə söykənən bir diktatura mövcuddur və ona qarşı mübarizə aparacaq qüvvə yoxdur. Nəzərə alınsa ki, ölkənin digər bölgələrindən fərqli olaraq Naxçıvan anklavdır, onda onun Azərbaycan üçün də təhlükəli olduğunu anlamaq çətin deyil.
XS
SM
MD
LG