Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:34

«Akkord» xaricdə yolu niyə ucuz çəkir?


Bakı-Şamaxı yolunun açılışı, 26 noyabr 2009
Bakı-Şamaxı yolunun açılışı, 26 noyabr 2009
2010-cu ilin yanvarında «Akkord» Şirkətlər Qrupu Qazaxıstanda yol çəkilişinə başlayır. Şirkətin mətbuat xidmətinin başçısı Afaq Quliyeva yolun uzunluğunu və dəyərini açıqlayır:

- 107 km-lik yol 157 milyon dollara başa gələcək. Yol boyu 16 körpü də tikiləcək.

Afaq Quliyevanın sözlərinə görə, layihə üzrə işlərin 2013-cü ilin fevralında başa çatması planlaşdırılır.

Cənubi Avropa ilə Cənubi Çini birləşdirən beynəlxalq nəqliyyat dəhlizi adlı yolun ümumi uzunluğu isə 2500 km-rə yaxındır.

«AKKORD» QAZAXISTANDAKI YOLU ÇOX UCUZ TİKİR

Milli Büdcə Qrupunda təmsil olunan iqtisadçı-ekspert Zöhrab İsmayıl deyir ki, yaxın zamanlarda tikintisi başa çatan Bakı-Şamaxı yolu ilə müqayisədə «Akkord» Qazaxıstandakı yolu çox ucuz tikir:

- Bakı-Şamaxı yolunun uzunluğu 124 kilometrdir. Yol layihələşdiriləndə Dünya Bankı layihənin təxminən 100 milyon dollara başa gələcəyini hesablamışdı. Daha sonra isə Azərbaycan hökuməti yolun dəyərinin 200 milyona qədər yüksəldiyini açıqladı. Baxmayaraq ki, bu yolda heç bir genişləndirmə işləri aparılmayıb. Bu, yalnız podratçıların tender yolu ilə seçilmədiyi, layihənin dəyərinin süni bahalaşması ilə bağlıdır. Problem isə ondadır ki, bu məsələdə heç bir halda şəffaflıq qorunmur və ictimaiyyət büdcə pullarının hansı səbəbdən havaya sovrulmasının səbəblərini öyrənə bilmirlər.

Zöhrab İsmayıl deyir ki, Qazaxıstanda layihənin dəyərinin sonradan bahalaşdırılması praktikası yoxdur. Araşdırmalar göstərir ki,
Zöhrab İsmayıl
Qazaxıstanda texniki-iqtisadi əsaslandırmalar aparılır, podratçılar isə mütləq qaydada tenderlə, açıq rəqabət şəraitində seçilir.

«BUNUN YALNIZ BİR SƏBƏBİ VAR – KORRUPSİYA»

Ekspert Alı Rza isə Azərbaycandakı yol tikintisi layihələrinə münasibətlə bağlı ABŞ təəssüratlarını yada salır. Onun sözlərinə görə, səfər çərçivəsində azərbaycanlı jurnalistlər diplomatların birindən ABŞ-da yol tikintisi layihələrinin orta dəyərini soruşur. Diplomat da deyir ki, ABŞ-da da yollar Azərbaycandakı kimi bahadır. Ancaq ABŞ-da yolu Azərbaycandakı kimi 20 ilə çəkib 1 il istifadə etmirlər, 1 ilə çəkib 20 il istifadə edirlər:

- Adi bir hesablama Azərbaycanda məbləğin fantastik həddə qədər yüksəldiyini üzə çıxarır. Bunun yalnız bir səbəbi var –korrupsiya. Necə ola bilər ki, şirkət eyni texnologiya, eyni qaydalarla öz ölkəsində daha baha yol çəksin? Belə layihələr bu məsələni öz inhisarında saxlayan ayrı-ayrı məmurların və bütünlükdə isə hökumətin korrupsiyaya qurşanmasının nəticəsidir.

Alı Rzanın sözlərinə görə, dünyanın müxtəlif ölkələri üzrə aparılan araşdırmalar göstərir ki, layihələr çox nadir hallarda öncədən planlaşdırılan smeta dəyərini 5 milyon dollardan çox aşır. Hətta yolların genişləndirilməsi və yol qovşaqlarının tikintisi üzrə iri layihələrdə belə tələb olunan əlavə vəsait layihənin ümumi dəyərinin 10-15 faizə qədərini aşmır. Azərbaycanda isə hökumətin açıqladığı rəqəmlərə görə, layihələr işlər bitənə qədər təxminən 2 dəfə bahalaşır.

Ekspertlər yolların keyfiyyətinin də olduqca önəmli olduğunu bildirirlər. Zöhrab İsmayıl deyir ki, layihələrin dəyəri iki dəfə artdığı halda, yolların keyfiyyəti standartlardan bir neçə dəfə aşağı olur.
Əlı Rza
Sözügedən Bakı-Şamaxı yolunun, Bakıdakı bir neçə körpünün istismara verildikdən az sonra təmirə dayanmasını ekspert dediklərinə misal gətirir.

HEÇ BAKI-ŞAMAXI YOLU DA BETON DEYİL

«Akkord» Şirkətlər Qrupunun nümayəndəsi Afaq Quliyeva isə deyilənləri qəbul etmir. Onun sözlərinə görə, şirkət indiyə qədərki bütün layihələri tenderlə qazanıb. «Akkord»un qatıldığı tenderlərdə bir qayda olaraq qalib gəlməsini isə A.Quliyeva şirkətin texniki imkanlarının və kadr potensialının zənginliyi ilə əlaqələndirir.

Qazaxıstandakı yolun Bakı-Şamaxı yolundan daha ucuz gəlməsinə gəlincə, A.Quliyeva deyir ki, səbəb yolun beton yox, sadə yol olmasındadır. Ancaq məsələ ondadır ki, heç Bakı-Şamaxı yolu da beton deyil.

Türkiyənin Abadlaşdırma və Məskunlaşdırma Nazirliyindən isə bildirirlər ki, yolların dəyəri məkanına görə dəyişə bilər. Məsələn, yüksək dağlıq ərazidən keçən yeni yolun hər 100 km-nin çəkilişi 150 milyondan - 250 milyon dollara qədər başa gələ bilər. Düzənlik ərazilərdə isə bu rəqəm hər 100 kilometr üçün təxminən 70-120 milyon dollar arasında ola bilər. Həm də yolların ən azı 5 illik təmirsiz, 10 il yüngül təmirli istismarına görə.
XS
SM
MD
LG