Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:16

«Nə vaxtadək onun-bunun boynuna bəyanat yazmağı qoyacağıq»


Bloqqerlərlə bağlı son hadisə Azərbaycanın fəal qüvvələrinin yenidən birləşməsi üçün ciddi zəmin yaradıb
Bloqqerlərlə bağlı son hadisə Azərbaycanın fəal qüvvələrinin yenidən birləşməsi üçün ciddi zəmin yaradıb
«Doğrudan da bu gün vicdan əzabı çəkirik ki, övladlarımıza belə bir Azərbaycan qoyuruq. Nə isə bir mexanizm işlənib hazırlanmalıdır ki, Qərb ölkənin dərdinə özümüzün də yandığımızı görsün. Nə vaxtadək onun-bunun boynuna bəyanat yazıb prezidentə göndərməyi qoyacağıq».

Hüquq müdafiəçisi Səidə Qocamanlı belə deyir.

Noyabrın 17-də ölkənin bəzi müxalif partiyaları, hüquq müdafiəçiləri, media rəhbərləri «Söz azadlığını müdafiə forumu»nda bir araya gələrək gənc bloqqerlər -Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanladılar. Müraciətdə qeyd olunur ki, ölkədə söz azadlığı sahəsində acınacaqlı vəziyyətin yaranması və təhlükəli tendensiyaların davam etməsinə görə beynəlxalq təşkilatlar da məsuliyyət daşıyırlar. Çünki onlar indiyədək iqtidarın hərəkətləri qarşısında özlərini yalnız bəyanat, hesabat və tövsiyələr yaymaqdan başqa heç nə bacarmırmış kimi aparıblar. Beynəlxalq təşkilatlar onlar qarşısında götürülən öhdəliklərin Azərbaycan hakimiyyəti tərəfindən yerinə yetirilməsinin qayğısına qalmalıdırlar.

Forumun digər bir müraciətində AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserdən təcili ölkəyə gəlib vəziyyətlə yerində tanış olmaq xahiş edilir.

«ELƏ SİTUASİYA YARATMALIYIQ Kİ…»

«Azadlıq» bloku adından danışan AXCP sədri Əli Kərimli hesab edir ki, hakimiyyətin bu hərəkəti əslində bloqqerlərin deyil, bütövlükdə cəmiyyətin və milli maraqların məhvinə yönəlmiş addımdır:

«Azərbaycan cəmiyyəti elə situasiya yaratmalıdır ki, həmin o beynəlxalq təşkilatlar da ölkənin demokratikləşməsi prosesinə biganə qala bilməsin. O situasiyanı biz yaratmalıyıq. 2003-2005-ci illərdə bu oliqarx hakimiyyəti seçkilərdə məğlub edən bu xalq deyildimi. Biz o situasiyanı yaratmışdıq. Amma qələbəyə gücümüz çatmadı. İndi daha yaxşı işləməklə, elliklə prosesə qoşulmaqla elə situasiya yaratmalıyıq ki, dünyada kimin nə düşünməsindən asılı olmayaraq Azərbaycanın da demokratikləşməsi labüd olsun».

«BİZİM QANUNLAR HƏR KƏSƏ EYNİ STANDARTLA TƏTBİQ OLUNUR»

Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov isə jurnalistlərə açıqlamalarının birində bildirmişdi ki, beynəlxalq təşkilatların bloqqerlərlə bağlı reaksiyaları müəyyən qədər qərəzlidir. Əli Həsənova görə, Cinayət Məcəlləsində belə bir təsnifat yoxdur ki, kim Qərbə, yaxud hansısa başqa ölkəyə yaxındırsa, ona az iş verilməlidir və ya məhkəmədə işinə baxılmamalıdır:

«Əlbəttə, onlar deyə bilərlər ki, bu iki gənc bloqqerlər daha çox intellektlidir, Qərbə daha çox yaxındır. Amma hələ bizim qanunlar hər kəsə eyni standartla tətbiq olunur».

Hüquq müdafiəçisi Leyla Yunusun fikrincə isə ilk dəfədir, Qərbdən Azərbaycanda baş verən hadisəyə bu qədər ciddi dəstək gəlir. Leyla Yunus deyir ki, Norveç və Almaniyanın Xarici İşlər nazirlərinə təşəkkür məktubu ünvanlamaq lazımdır. Qoy reaksiya verənlər görsünlər ki, onların işi Azərbaycan ictimaiyyəti tərəfindən qiymətləndirilir.

«HEÇ SOVET HÖKUMƏTİ DƏ ÖZÜNÜ BELƏ APARMIRDI»

Noyabrın 16-da Norveç və Almaniyanın Bakıdakı səfirliklərinin müvəqqəti işlər vəkilləri XİN-ə çağırılaraq bloqqerlərlə bağlı məhkəmə hökmünə ölkələrinin reaksiyası Azərbaycanın daxili işinə qarışmaq kimi dəyərləndirilib.

Leyla Yunus düşünür ki, heç sovet hökuməti də özünü belə aparmırdı. ncaq forum iştirakçılarının heç də hamısı Qərbdən – beynəlxalq təşkilatlardan vəziyyətə təsir edə biləcək hansısa addım gözləmirlər. Azərbaycan Liberal Partiyasının sədr müavini Əvəz Temirxan deyir ki, «Azadlıq», «Amerikanın səsi», BBC radiolarının FM tezliyindən çıxarılmasının qarşısını alıb öz maraqlarını qoruya bilməyən Qərbin Azərbaycanda söz azadlığını əməldə müdafiə edə biləcəyi şübhə doğurur.

«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevə görə isə Azərbaycanda söz azadlığının vəziyyətini müsbətə doğru dəyişmək üçün Avropa Birliyinin Şərq Tərəfdaşlıq strategiyasından istifadə etmək, onların üzərinə daha çox öhdəliklər qoymaq lazımdır:

FƏAL QÜVVƏLƏRİN YENİDƏN BİRLƏŞMƏSİ ÜÇÜN CİDDİ ZƏMİN YARANIB

«Demək olar ki, bu gün nə siyasi partiyalar, nə QHT-lər, nə də KİV normal fəaliyyət göstərə bilir. Mən hesab edirəm ki, müzakirələr olmalıdır. Yığışıb danışmaq, debatlar aparmaq, çox fəal olmaq lazımdır. Cəmiyyətin fəal üzvlərini bu müzakirələrə cəlb etmək lazımdır. Ciddi müzakirələrə böyük ehtiyac var».

Forum iştirakçıları belə qərara gəldilər ki, bloqqerlərlə bağlı son hadisə Azərbaycanın fəal qüvvələrinin yenidən birləşməsi üçün ciddi zəmin yaradıb. Bu imkandan istifadə edib mövcud iqtidara qarşı mübarizənin yeni mərhələsini başlamaq lazımdır. Özü də bu mübarizə əsasən yerli qüvvələrin gücünə əsaslanmalıdır.

Hər halda deyəsən, Azərbaycan hakimiyyəti bloqqerlərlə bağlı məhkəmə hökmünə dair Qərbdən hələ çox reaksiyalar eşidəcək. Gənc bloqqerlərin vicdan məhbusu hesab edən «Amnesty İnternational» təşkilatı hamını onların azadlığa buraxılması tələbi ilə Azərbaycan prezidentinə, Ədliyyə nazirinə və insan haqları müvəkkilinə məktub yazmağa çağırıb.

MÖVZU İLƏ BAĞLI FORUMDA MÜNASİBƏTİNİZİ BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG