Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:33

«Əyyub Kərimovu susdurmaq istəyirlər»


«Femida 007» qəzetinin redaktoru Əyyub Kərimov
Daxili İşlər naziri Ramil Usubov «Femida 007» qəzetinin baş redaktoru Əyyub Kərimovu məhkəməyə verib. Nazir baş redaktorun həbsini istəyir.

«HƏMİN YAZILAR NAZİRİN NÜFUZDAN SALINMASINA XİDMƏT EDİR»

Ramil Usubovun iddia ərizəsində deyilir ki, «Əyyub Kərimov mətbuatda, konkret olaraq «Azadlıq» və «Femida 007» qəzetlərindəki çıxışlarında ona bohtan atıb. «Femida-007» qəzetində «Məktubazlıq», «MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir» başlıqlı, «Azadlıq» qəzetində isə «DİN oyunun içində və oyundankənar vəziyyətdə» sərlövhəli yazılarda həqiqəqətə uyğun olmayan, qərəz və yalandan ibarət, böhtan xarakterli uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatlar yer alıb».

Nazirin vəkili və nümayəndəsi Əlirza Həbilov deyir ki, həmin yazıların heç biri hüquqi əsaslara söykənməyib. Vəkil bildirir ki, cənab Usubov həmin məlumatların cəmiyyətdə onun nüfuzdan salınmasına xidmət etdiyi fikrindədir:

«Yəni, bu baxımdan nazir məhkəməyə müraciət edib».

R.Usubov Əyyub Kərimov haqqında Cinayət Məcəlləsinin 147-ci maddəsinin 2-ci bəndilə (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) xüsusi ittiham qaydasında iddia qaldırıb.

Noyabrın 9-da Yasamal rayon Məhkəməsində nazirin iddiasıyla bağlı ilk hazırlıq iclası təxminən 10-15 dəqiqə çəkdi. Baş redaktor bildirdi ki, iddia ərizəsi ona geç verilib və işlə tam tanış deyil. Bu səbəbdən hazırlıq iclası noyabrın 13-nə təxirə salındı.

ƏYYUB KƏRİMOV: «HARDASA ANLAŞILMAZLIQ VAR»

Ə.Kərimov R.Usubovun məhkəməyə müraciətini normal qarşılayır və hesab edir ki, onun yazdıqlarında şərəf və ləyaqətə toxunan hər hansı bir ifadə yoxdur:

«Nə də mən nazirliyi və naziri ağır və xüsusilə ağır cinayətlərdə ittiham etmişəm, böhtan atmışam. Hesab edirəm ki, hardasa anlaşılmazlıq var. Bəlkə də cənab nazir həmin yazıların tam mahiyyətinə varmadan kimlərinsə şərhindən və ya izahından sonra belə qərara gəlib. Bu, onun konstitusion hüququdur».

Ə.Kərimov deyir ki, neçə illərdir həm redaktoru olduğu, həm də başqa qəzetlərdə nazirlik haqqında xeyli tənqidi yazılar yazıb, amma indiyə qədər bir dəfə də olsun ona xəbərdarlıq və ya təkziblə bağlı müraciət olunmayıb.

Baş redaktor deyir ki, nazirlik böhtan hesab etdiyi konkret halı göstərməlidir. Amma onun sözlərinə görə, hazırda iddiaçının belə bir faktı üzə çıxardığını görmür.

Ə.Kərimov deyir ki, nazirliklə bağlı sərt tənqidi yazıları DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsinin tutulmasıyla nəticələnən «Qara kəmər» əməliyyatından sonra yazıb, amma onlarında heç birində təhqir elementi olmayıb. 2005-ci ildə Hacı Məmmədovun dəstəsi ilə bağlı DİN, Baş Prokurorluq və MTN arasında gedən yazışmaları üzə çıxarıb, bundan başqa, valyutadəyişmə məntəqələrinə basqın edən sabiq polislərdən ibarət banda ilə bağlı bəzi qaranlıq məqamları mətbuata açıqlayıb.

«ƏYYUB KƏRİMOVU SUSDURMAQ İSTƏYİRLƏR»

Bəzi ekspertlər isə hesab edirlər ki, Ə.Kərimov güc strukturları haqqında mütəmadi araşdırma yazılarla çıxış edən sonuncu jurnalistlərdəndir ki, onu da məhkəmə yolu ilə susdurmaq istəyirlər.

«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu deyir ki, əslində, nazirlərin məhkəmələrə müraciət etməsi, məsələnin hüquq müstəvisində həllinə cəhd yaxşı səslənir, ancaq məhkəmələr bu işə ədalətlə, icra hakimiyyətinin müdaxiləsi olmadan baxsa:

«Əgər əvvəllər jurnalistləri öldürür, döyürdülərsə, indi məhkəməyə müraciət edirlər – bu, yaxşıdır. Amma məhkəmələr müstəqil olmadığından onların çıxaracağı qərarların necə olacağı əvvəlcədən məlumdur».

A.Rəşidoğlu deyir ki, bütün bu kimi problemlər yalnız diffamasiya haqqında qanun qəbul ediləndən sonra aradan qaldırılacaq.
XS
SM
MD
LG