Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:41

«Mən «donuz qripi»nə tutulmuşam!»


Hərarəti yüksələn şəxslər mütləq həkimə müraciət etməlidirlər. Çünki müalicə ilə bağlı gecikmələr insanın həyatı bahasına başa gələ bilər
Hərarəti yüksələn şəxslər mütləq həkimə müraciət etməlidirlər. Çünki müalicə ilə bağlı gecikmələr insanın həyatı bahasına başa gələ bilər
Noyabrın 4-də daha bir Azərbaycan vətəndaşında «donuz qripi» aşkarlanıb. Bu, Azərbaycanda sayca üçüncü hadisədir. Yay aylarında daha 2 nəfər bu virusla xəstəxanaya yerləşdirilmişdi.

«DONUZ QRİPİ»NİN UKRAYNA VARİANTI

«Donuz qripi»nin ölkədə üçüncü daşıyıcısı isə Azərbaycana Ukraynadan dəmiryolu ilə gəlib. Ölkəyə gələndən bir neçə gün sonra halı pisləşən xəstənin sonradan təhlükəli virusa yoluxduğu aşkarlanıb və o, Ağ Ciyər Xəstəlikləri İnstitutuna yerləşdirilib. Səhiyyə Nazirliyindən verilən xəbərə görə, xəstənin durumu kafidir.

Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov deyir ki, onlar virus daşıyıcıları ölkəyə daxil olandan sonra duruma müdaxilə edə bilir:

- Çünki 2009-cu il yanvarın 1-dən «bir pəncərə» sisteminin tətbiqi ilə bağlı Səhiyyə Nazirliyinin sərhəddəki bütün səlahiyyətləri gömrük orqanlarına verilib.

GÖMRÜKDƏKİ SUSQUNLUQ

Bakı hava limanında, dəmiryolu vağzalında gömrük orqanları ilə əlaqə saxlayaraq durumla maraqlandıq. Ancaq suallarımıza ətraflı cavab verilmədi. Gömrük orqanlarından sadəcə onu dedilər ki, situasiyaya nəzarət olunur.

«MƏN «DONUZ QRİPİ»NƏ TUTULMUŞAM!»

Oktyabrın 17-də aviareyslə Moskvadan Bakıya gələn İstehlakçıların Hüquqlarını Müdafiə Komitəsinin sədri Eyyub Hüseynov isə deyir ki, hava limanında nəzarətsizlikdir:

Eyyub Hüseynov
- Təyyarədə hər kəsə anket paylanıldı. Stüardessalar tələb edirdilər ki, bütün bəndlər doldurulsun. Orada situasiyanı yoxlamaq üçün yazdım ki, məndə «donuz qripi»nin simptomları - qızdırma, qusma var. Ancaq heç kim məni nə hava limanında, nə də ölkəyə daxil olandan sonra yoxlamadı. Baxmayaraq ki, həmin anketdə bütün koordinatlarımı göstərmişdim.

AZAL Dövlət Konsernin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə deyir ki, hava limanında quraşdırılan xüsusi aparatlarla sərnişinlərin səhhətinə nəzarət edilir:

- Hava limanında xüsusi avadanlıqlar quraşdırılıb. Şüa vasitəsilə insanların bədən temperaturu müəyyən edilir. Gün boyu həkimlər hər şeyə nəzarət edirlər.

DİQQƏT! DİQQƏT!

Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov isə vətəndaşları bu məsələdə diqqətli olmağa çağırır. Onun sözlərinə görə, hər şey şəxsi gigiyenadan başlayır:

- İnsanlar virus əleyhinə preparatlarla əllərini yusunlar, şəxsi gigiyenaya diqqət etsinlər. Azərbaycanda Almaniyanın, İsrailin aparıcı əczaçılıq firmalarının bu tip preparatları var. Onlarla mənzilləri də dezinfeksiya etmək olar. Çox böyük effekti var.

Viktor Qasımov qrip viruslarının məhv edilməsi üçün məktəblərin yalnız xlorla yuyulması məsələsinə də aydınlıq gətirdi. Onun sözlərinə görə, məktəblərin yalnız sanitar qovşaqlarında xlordan istifadə edilib. Sinif otaqları isə bromosept preparatıyla yuyulub.

Onun sözlərinə görə, hərarəti yüksələn şəxslər mütləq həkimə müraciət etməlidirlər. Çünki müalicə ilə bağlı gecikmələr insanın həyatı bahasına başa gələ bilər.
XS
SM
MD
LG