Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:28

Təhsil qanunu dəyişdirilsin!


«Müəllimlərin kommunal, mənzil, tibbi xidmət güzəştləri olmalı idi»
«Müəllimlərin kommunal, mənzil, tibbi xidmət güzəştləri olmalı idi»
Milli Məclis «Təhsil haqqında» yeni qanunu az qala 15 illik müzakirələrdən sonra qəbul edib, amma bəzi yerli qeyri-hökumət təşkilatlarının ekspertləri qanundan narazıdırlar və sənəddə xeyli boşluqlar tapıblar.

«AZƏRBAYCAN MÜƏLLİMİ XƏSTƏDİR»

Bakı Təhsil Məlumat Mərkəzi Fondu yerli ekspertlərlə bir yerdə təhsil qanununu analiz edib, layihənin eksperti Etibar Əliyevə görə, bu qanunda ən ciddi problemlərdən biri də budur ki, müəllimlərin sosial müdafiəsini nəzərə almayıblar, halbuki, həftədə 12 saat dərs deyən 20 illik Azərbaycan müəlliminin aylıq maaşı heç 150 manata çatmır, 143 manatdır. Türkiyədə müəllimlərin əməkhaqqı bundan 17 dəfə çoxdur:

«Müəllimlərin kommunal, mənzil, tibbi xidmət güzəştləri olmalı idi.

Bu gün Azərbaycan müəllimlərinin böyük əksəriyyəti ya hipertoniya, ya da şəkər xəstəsidir, bu da onları həyat səviyyəsinin pis olması ilə bağlıdır».

AZƏRBAYCANDA ALİM OLMAQ ÇƏTİNDİR...


Etibar Əliyev
Ekspertlər deputatlara məsləhət görürlər ki, «elmlər doktoru» elmi dərəcəsinin verilməsində iki pilləli sistemi aradan qaldırsınlar, deyirlər ki, əksər ölkələrdə «doktor» olmaq istəyənlər namizədlikdən sonra bir dəfə elmi iş müdafiə edirlər, Azərbaycanda iki dəfə.

AZƏRBAYCAN UNİVERSİTETLƏRİ NECƏ TƏHSİL VERİR, YOXLAYAN VARMI?


Dünyanın 100 ən nüfuzlu universitetinin arasında Azərbaycan universitetlərinin adı niyə yoxdur? «Təhsil haqqında» qanunu analiz edən ekspertlər deyirlər ki, beynəlxalq reytinq bir tərəfə, heç yerli səviyyədə maraqlanan yoxdur ki, universitetlər necə təhsil verir. Ona görə də ekspertlər təklif edirlər ki, qanunda təhsilin qiymətləndirilməsi üçün müstəqil qurumlar yaransın. Beynəlxalq səviyyədə qiymətləndirmə üçün isə universitetlər beynəlxalq reytinq təşkilatları ilə əməkdaşlıq edib, akkreditasiyadan keçməlidirlər.

Mütəxəssislərə görə, bu məsələ qanunda öhdəlik kimi qoyulmalıdır ki, rektorlar buna barmaqarası yanaşmasınlar.

Vurğun Əyyub
Bakı Təhsil Məlumat Mərkəzi Fondunun bu layihəsinin koordinatoru Vurğun Əyyub deyir ki, təhlili parlamentə göndərəcəklər və ümid edirlər ki, qanun dəyişəcək.

PARLAMENTİN TƏHSİL KOMİTƏSİ NƏ DEYİR?


Amma ekspertlər onu da əlavə edirlər ki, parlament indiyə kimi təhsil sahəsində işləyən ictimai təşkilatların bir təklifini belə qəbul etməyib.

Parlamentin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev isə deyir ki, onlar ictimai təşkilatların fikrini həmişə nəzərə alıblar.

İradlara gəlincə, Hacıyev deyir ki, müəllimlərin sosial müdafiəsi qanunda nəzərdə tutulub, beynəlxalq reytinqin müəyyənləşməsi isə universitetlərin daxili işidir. Deputat deyir ki, bunu məcburi etməyə ehtiyac yoxdur, yerli akkreditasiyaya gəlincə isə:

«Ali təhsil haqqında qanunda ayrıca göstəriləcək ki, bu ictimai nəzarət mexanizm necə təşkil olunacaq və necə fəaliyyət göstərəcək. İndiki təhsil qanunu ancaq çərçivə qanunudur».

Şəmsəddin Hacıyev deyir ki, bütün hallarda qanuna yerli qeyri-hökumət təşkilatlarının təkliflərini nəzərdən keçirəcəklər.
XS
SM
MD
LG