Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:38

Bir nəfərin bir neçə adamın yerinə səs verməsi...


18 mart referendumunda səsvermə
18 mart referendumunda səsvermə
«Hökumətə yaxın adamların namizədliyi dərhal qeydə alınır, yaxın olmayanlara isə problemlər yaradılır. Saxtakarlığın birinci mərhələsi elə burdan başlayır».

Vaxtilə Ağsu rayonunun Padarqışlaq kəndində bələdiyyə sədri işləmiş Vüqar Müzəffərli belə deyir. O bildirir ki, seçki saxtakarlıqları - bir nəfərin bir neçə şəxsin yerinə səs verməsi, seçkiyə müdaxilələrin olması namizədlərin qeydə alınması prosesindən başlayır.

BƏLƏDİYYƏ SEÇKİSİNƏ ƏN XAS POZUNTU

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə deyir ki, bələdiyyə seçkisinə ən xas pozuntu bir nəfərin daha çox adamın yerinə səs verməsidir. Bu da bələdiyyə seçkisinə ictimai nəzarətin zəif olmasıyla bağlıdır:

«Bir nəfər əlində 5-6 şəxsiyyət vəsiqəsi gəlir ki, mən ailənin başçısıyam, səs verirəm. Bu, xüsusilə bələdiyyə seçkisində olur. Parlament və prezident seçkilərində hər bir namizədin müşahidəçisi, vəkilləri seçkini daha ciddi müşahidə edirlərsə, bələdiyyə seçkisində belə olmur. Namizədlərin sayı çox, seçicilərin sayı isə az olur».

Milli İstiqlal Partiyasının təmsilçisi Elşən Mustafayev də bələdiyyə seçkilərində qanun pozuntularının daha çox və kobud olmasını seçkiyə marağın zəifliyi ilə əlaqələndirir:

«Adətən bələdiyyə seçkilərində əsas qanun pozuntusu adamların seçkiyə az gəlməsiylə bağlı olur. Bələdiyyə seçkisi başqa seçkilərdən sönük keçir. Adamların bu seçkiyə marağı azdır, məntəqələrə gəlmirlər, bundan istifadə edib seçkini saxtalaşdırmaq daha asan olur».

Seçicinin iradəsinə təzyiqlər, bu və ya digər namizədin xeyrinə səs verməyə təhrik olunma, bəzi hallarda məcbur edilmə, şirnikləndirici vasitələrdən istifadə, seçki prosesinə müdaxilələr, bülletenlər sayılarkən saxtalaşdırmalar…

İCTİMAİ NƏZARƏTİN ZƏİFLİYİ

Anar Məmmədli
Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli deyir ki, bələdiyyə seçkilərində baş verən bu qanun pozuntuları prezident və parlament seçkilərindəki kimi ənənəvi xarakter daşıyır. Bələdiyyə seçkisində isə seçkinin nəticəsinin saxtalaşdırılmasından daha çox istifadə olunur. Anar Məmmədli də səbəbi ictimai nəzarətin zəifliyi ilə bağlayır:

«Bələdiyyə seçkisində daha az adam – namizəd, seçici, müşahidəçilər iştirak edir. Mətbuatın marağı və nəzarəti də zəif olur. Ona görə də pozuntular bələdiyyə seçkisində daha kütləvi xarakter alır. Proses ictimai nəzarətdən kənarda qalanda qanun pozuntusu da çox olur. Acınacaqlısı odur ki, bələdiyyə seçkisində elə məntəqələr olur ki, müşahidəçi və namizədlərin vəkilləri iştirak eləmir».

Tez-tez belə fikirlər də eşitmək olur ki, seçiləcək bələdiyyə üzvlərinin siyahısı hazırdır, həmin siyahılar da icra hakimiyyətlərinə göndərilib. Ekspertlər deyirlər ki, bu cür fikirlər bələdiyyə sədrləri icra hakimiyyətlərindən asılı olduğu üçün yayılır.

«SEÇKİLƏR ŞƏFFAF KEÇİRİLMİR»


«Bələdiyyə sədriyəm, icra hakimiyyətindən asılı deyiləm, belə bələdiyyə sədri yoxdur. Ona görə ki, seçkilər şəffaf keçirilmir, arxalarında səs durmur».

Bunu isə vaxtilə bələdiyyə sədri işləmiş Vüqar Müzəffərli deyir. O bildirir ki, məhz icra hakimiyyətinin asılılığından qurtarmaq üçün bələdiyyə sədri vəzifəsindən istefa verib.

Əlaqə saxladığım Binəqədi və Nəsimi rayon icra hakimiyyətlərindən isə dedilər ki, deyilərlər şayiədən başqa bir şey deyil.

Yasamal bələdiyyəsinin sədr müavini Əli Əkbərli də bələdiyyələrin icra hakimiyyətindən asılı olması fikrini qəbul etmir.

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə deyir ki, seçkilərin kobud qanun pozuntuları şəraitində keçdiyi Azərbaycan kimi ölkələrdə belə fikirlərin yayılması normaldır. Seçicilər bələdiyyə seçkilərində fəal iştirak etməklə bu fikirlərin qarşısını ala bilərlər:

«Belədə həmin iddiada olanlar özlərini rahat hiss edirlər. Kampaniya uğurlu olsa, camaat seçkiyə səfərbər olunsa, dırnaqarası qələbəsinə arxayın olanlar da yanıldıqlarını görə bilərlər».

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. Bu dəfəki seçkidə 1700-ə yaxın bələdiyyəyə 15682 üzv seçiləcək.
XS
SM
MD
LG