Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:54

«Laçın dəhlizi Azərbaycanın başı üzərində «Domokl qılıncı»dır»


Araz Əzimov
Araz Əzimov
Dağlıq Qarabağ danışıqlarında razılaşdırılmayan əsas prinsiplərdən biri Laçın dəhlizi ilə bağlıdır. Azərbaycan Ermənistanla Dağlıq Qarabağın erməni icmasını birləşdirən bu yolun birtərəfli qaydada ermənilərin nəzarətində olmasının əleyhinədir. Xarici İşlər Nazirinin müavini Araz Əzimov deyir ki, Ermənistan Laçın rayonundan keçən bu yolun Qarabağın erməni icması ilə əlaqə baxımından çox vacib bir yol saydığı kimi Azərbaycan üçün də onun böyük əhəmiyyəti var.

«BİZİM BU TƏKLİFİMİZ TÜRKİYƏ TƏRƏFİNDƏN DƏ DƏSTƏKLƏNİR»

Nazir müavininə görə, Azərbaycan heç vaxt razı ola bilməz ki, hansısa yol bir tərəfin istifadəsində olsun. O bunu mümkünsüz hesab edir. Araz Əzimov deyir ki, Laçın rayonu üzərindən keçən yolun hər iki tərəfin istifadəsinə verilməsinə dair Azərbaycanın təklifləri daha mütərəqqidir:

«Bizim bu təklifimiz Türkiyə tərəfindən də dəstəklənir. Bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu bu barədə öz bəyanatlarında dəfələrlə demişdir ki, Laçın yolunun hər iki tərəfin istifadəsinə verilməsi gələcəkdə üç ölkənin Azərbaycan, Türkiyə və Ermənistanın əlaqələrinin normallaşmasında böyük bir rol oynaya bilər və bu yolun istifadəsi doğrudan da sülh və əməkdaşlıq üçün çox önəmli olacaq».

Nazir müavininə görə, prinsipial məqam odur ki, Azərbaycan öz torpaqlarının hansısa bir hissəsini kiməsə vermək fikrində deyil və bundan sonra da bu olmayacaq.

LAÇIN YOLUNDA ARAŞDIRMALARIN APARILMASI AZƏRBAYCANIN MARAĞINDADIR

Araz Əzimov Laçın yolunun izlənilməsi, yolun texniki parametrlərinin nəzərdən keçirilməsi üçün həmin əraziyə beynəlxalq araşdırmaçı missiyasının səfərin planlaşdırılmasıyla bağlı məlumatları təsdiqləyir. Deyir bu məlumatlar heç kimi təəccübləndirməməlidir. Araz Əzimov deyir ki, o ərazilərdə çoxdan olmadıqlarından Laçın yolunun hansı vəziyyətdə olması barədə Azərbaycanın da məlumatlara ehtiyacı var:

«Bundan başqa həmsədrlər və yüksək səviyyəli planlaşdırma qrupunun da həmin məlumatlara ehtiyacı var. Həmsədrlər və həm də yüksək səviyyəli planlaşdırma qrupunun da bu məlumatlara ehtiyacı var. Ona görə Laçın yoluna baş çəkmək çoxdan istədiyimiz bir məsələ olmuşdur və bu planda var idi, sadəcə indi o biri məsələlərə aydınlıq gətirildiyi bir zamanda Laçın yolu məsələsi bu mərhələdə artıq həll edilməsi gərək nəzərdən keçirilsin».

«Laçın dəhlizi»: «Müstəqil Artsax sizi salamlayır»
Araz Əzimov deyir ki, Ermənistanın təklif etdiyi konsepsiyanı Azərbaycan dəstəkləmir və hesab edir ki, yolun açılması elə onun təhlükəsizliyinin ən yaxşı təminatıdır.

«BU YOLA NƏZARƏT ELƏ QARABAĞA NƏZARƏT DEMƏKDİR»

Qafqaz Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlıya görə, Laçın yolu ilə bağlı müzakirələrin hələ də razılaşdırılmaması bu yolun strateji əhəmiyyətilə bağlıdır. Mərkəz rəhbərinə görə, əslində bu yola nəzarət elə Qarabağa nəzarət deməkdir:

«Ya indi, ya da gələcəkdə Laçın dəhlizi Azərbaycanın ərazi bütövlüyünün qarşısında ən böyük maneədir. Azərbaycanın nəzarəti altında olmadığı müddətdə həmin dəhliz sülh müqaviləsi imzalansa belə maneə olaraq qalacaq».

Bu baxımdan Araz Aslanlı Azərbaycanın nəzarət etmədiyi Laçın dəhlizini ölkənin ərazi bütövlüyü üzərində «Domokl qılıncı» hesab edir.

Mərkəz rəhbərinə görə, əgər əvvəllər Qarabağ münaqişəsinin həllinə mane olan amil sovet qoşunlarının həmin ərazidə olması idisə sonradan bu maneəni Ermənistanın nəzarətinə keçməklə Laçın dəhlizi yaradıb, özü də Rusiyanın hərbi varlığı ilə.

Hələ bir müddət əvvəl prezident İlham Əliyev Rusiyanın «Vesti» telekanalına müsahibəsində Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin olmasının vacibliyini anladığını və Laçın dəhlizi ilə bağlı məsələnin səmərəli şəkildə həll oluna biləcəyini qeyd etmişdi.

Amma politoloq Vəfa Quluzadə Laçın dəhlizi məsələsində nikbin deyil. Onun sözlərinə görə, danışıqlar başlayan ilk gündən bütün müzakirələrdə sözü gedən dəhlizlə bağlı müzakirələr olub və hər dəfə də ermənilər bu ərazilərin onların nəzarətində qalmasını istəyiblər. Politoloq bundan sonra qarşı tərəfin öz iddialarından əl çəkəcəyinə o qədər də inanmır.
XS
SM
MD
LG