Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:27

Siyasətçi xanımların həbsxana xatirələri


Avropa Şurasının Azərbaycana dair 736 nəfərlik siyasi məhbus siyahısında indiyə kimi bircə qadın adı olub – keçmiş ADP-çi Fainə Kunqurovanın. O da həbsxanadan çıxmayıb, orada vəfat edib.

Yerli hüquq müdafiəçiləri deyirlər ki, qadın fəallar arasında indiyə kimi Kunqurovadan daha uzun müddətə həbsdə yatan olmayıb, amma bir neçə günlük də olsa saxlanılan, polis idarəsində gecələyən ictimai fəal xanımlar var. Onlardan bir neçəsinin əhvalatını sizə təqdim edirik.

«KİŞİLƏR QOYMURDU Kİ, ƏLİMİZİ AĞDAN-QARAYA VURAQ»

«Qaraşəhər»də qadınlar üçün ayrıca otaqlar nəzərdə tutulmayıb. Odur ki, bizi gətirəndə həbsxanada hamı özünü itirmişdi. Axırda qərara gəldilər ki, ikimizi də məhkəmə nəzarətçilərinin soyunma-geyinmə otağına salsınlar».

İradə Əliyeva
Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin üzvü İradə Əliyeva danışır. Dediyinə görə, 2006-cı ildə kütləvi aksiya vaxtı onu, bir də AXCP-nin Yevlax rayon şöbəsinin sədri Şəkər İsgəndərlini «Qaraşəhər»ə - Müvəqqəti Saxlama Təcridxanasına aparıblar, İradə Əliyeva üç gün həbsdə yatıb:

«Qara Şəhər Müvəqqəti Saxlama Təcridxanasında cəmi iki qadın var idi, o da biz idik. Bizimlə birlikdə tutulan partiyanın kişi üzvləri özləri özlərindən utanırdılar, yaman pərt idilər ki, biz niyə gəlib düşdük bura. Hər vəchlə çalışırdıq ki, bu əhval - - ruhiyyəni aradan qaldıraq, özümüzü şən və sərbəst aparmağa çalışırdıq.
Təcridxana saxlanılanlar üçün yemək hazırlamırdı, yeməyi ya bayırdan göndərirdilər, ya da özümüz hazırlamalıydıq. Partiyanın kişiləri qoymurdular ki, əlimizi ağdan-qaraya vuraq. Yeməyi özləri bişirirdilər, rahatca gəlib yeyirdik. Sonra da süfrəni özləri yığışdırırdılar».

İradə Əliyeva deyir ki, təcridxana işçiləri də onlarla kifayət qədər nəzakətli rəftar edirmişlər, təcridxanadakı hamama, mətbəxə rahat girib-çıxa bilirmişlər, təcridxana onlara olduqca çirkli görünsə də birtəhər özləri üçün səliqə-sahman yaratmağa çalışıblar.

«TƏCRİDXANA NƏZARƏTÇİLƏRİ AÇIQ DEYİRDİLƏR Kİ, BİZƏ HƏSƏD APARIRLAR»

AXCP Yevlax rayon şöbəsinin sədri Şəkər İsgəndərli danışır ki, həbsxanaya gətirildikləri birinci gün başqa məhbus kişilər onlara qəribə baxırmışlar, amma bir-iki günə o qədər insan haqları, siyasət barədə söhbət ediblər ki, əksər məhbusları çəkiblər öz tərəflərinə:

«Nəzarətçilər bizə böyük həvəslə qulaq asırdılar. Deyirdilər ki, sizə həsəd aparırıq, heç olmasa, ürəyinizdəkini açıb sərbəst deyə bilirsiz».

«POLİSLƏR BİR-BİR BİZİM TƏRƏFİMİZƏ KEÇİRDİ, AXIRDA MƏCBUR QALIB BİZİ BURAXDILAR»

Gül bayramına etiraz aksiyası
Hüquq müdafiəçisi Arzu Abdullayevanı isə 1993-cü ildə, AXC-Müsavat cütlüyü hakimiyyətdə olan vaxtı saxlayıblar: «Biz dilimizin «türk dili» adlandırılmasına etiraz olaraq aksiya keçirirdik. Polis 10-15 fəal qadını bölməyə apardı. İşgəncədən, təzyiqdən söhbət gedə bilməzdi. O qədər sərbəst idik ki, şəhər adı, çay adı oyunu oynayırdıq. Polislərin arasında necə təbliğat apardıqsa, bir-bir keçdilər bizim tərəfimizə. Axırda yuxarıya xəbər verdilər, məcbur qalıb təcili göstəriş verib bizi buraxdılar».

«BİZİ TƏHQİR EDİRDİLƏR Kİ, QIZIN NƏ İŞİ VAR POLİS BÖLMƏSİNDƏ...»

Aygün Quliyeva Müsavat Partiyasının gənclər təşkilatının fəalıdır. Polis onu bir neçə fəal qızla birlikdə 2009-cu ilin mayında mərhum prezident Heydər Əliyevin ad günündə keçirilən gül bayramına etiraz aksiyasında saxlayıb. Gənclər bayramdan bir neçə həftə əvvəl Neft Akademiyasındakı qətliamda ölənlərin ruhuna hörmət əlaməti olaraq gül bayramının təxirə salınmasını tələb edirdilər. Aygün Quliyevanın həmin aksiyada başı yarılıb:

Aygün Quliyeva
«Məni zorla maşına basanda başım maşının dəmirinə dəydi. Polis çox pis rəftar edirdi, qızları yerdə sürüyürdü, bizi təhqir edirdilər ki, qız xeylağının nə işi var aksiyada, yanımızda oğlanlara pis söyüş söyürdülər».

Aygün Quliyeva deyir ki, məntəqədən bayırda onları gözləyən yaxınlarına sağ-salamat olduqlarını bildirmək üçün belə bir plan qurublar - göz-qaşla bir-birinə işarə edib, hamısı birlikdə var gücləri ilə «azadlıq» şüarı qışqırıblar, polislər bunu gözləmirlərmiş, onlar yaxınlaşana kimi gənclər məqsədlərinə çatıblar.

YEGANƏ QADIN SİYASİ MƏHBUSUN ÖLÜMÜ...

... Avropa Şurasının siyahı məhbus siyahısına düşən 33 yaşlı, bir uşaq anası Faina Kunqurova 2007-ci ildə, tutulandan iki ay sonra, həbsxanadakı aclıq aksiyasından sonra vəfat edib. Rəsmi diaqnozu qida və ürək çatışmazlığı idi, onu narkotik saxlama ittihamı ilə həbs etmişdilər.

Amma hüquq müdafiəçiləri deyirlər ki, Kunqurova tutulanda çantasından keçmiş spiker Rəsul Quliyevin şəkli çıxmışdı. O, Rəsul Quliyevin fəal müdafiəçisi idi.

Faina Kunqurova
Bəs Kunqurova niyə vəfat etdi?

Bu sual onun ailəsi üçün hələ də açıqdır, bacısı Zeynəb Vəkilova AzadlıqRadiosuna deyir ki, Fainanın qanı batıb.

Bu, Kunqurovanın ikinci həbsi idi. Birinci dəfə onu 2002-ci ildə xuliqanlıq ittihamı ilə tutmuşdular, amma partiyadaşları həmin həbsin də Rəsul Quliyevin müdafiəsi ilə bağlı olduğunu deyirlər. 2004-cü ildə Kunqurova əfvə düşmüşdü.

Bacısı Zeynəb Vəkilova deyir ki, həbsxanada onunla necə rəftar və ölümün səbəbləri haqda danışmaq istəmir: «Mənim ailəm, uşaqlarım var».

Amma Zeynəb Vəkilova deyir ki, Fainə tamamilə sağlam qadın idi, ürəyindən heç vaxt şikayəti olmamışdı: «Qəbiristanlıqda gördüm ki, Fainanın əlində iynə izləri var idi. Bəlkə də onu müalicə edirmişlər. Həqiqət Faina ilə bir yerdə qəbrə getdi».

Fainə Kunqurovanın 14 yaşlı qızı indi Zeynəb Vəkilova ilə yaşayır.
XS
SM
MD
LG