Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:31

Ermənistan-Türkiyə protokollarında udan kimdir?


Lragir.am internet qəzeti
Erməni İnqilab Federasiyasının nümayəndəsi Vahan Hovhannisyan dünən Yerevanda keçirilən mitinqdə çıxışında deyib ki, Türkiyə ilə razılaşdırılan protokollarda əsl udan Ankaradır:

“Türkiyə əvvəldən Ermənistanla əlaqələrin qurulması üçün üç şərt irəl sürürdü. Həmin şərtlərə görə, "soyqırım"ın tanınması tələblərindən əl çəkilməli, 1920-ci ildə Bolşeviklərlə imzalanan sənədlər əsasında ərazi bütövlüyü və sərhədlər tanınmalı, Qarabağ məsələsinin həllində razılaşmaya gedilməlidir.

İndi bu razılaşmadan sonra nə baş verir, dünyada Türkiyənin imici bir sülhsevər ölkə kimi yüksəlir, o, BMT Təhlükəsizlik Şurasının üzvü olur, Rusiya ilə əlaqələrini genişləndirir, Suriya-İran danışıqlarına vasitəçilik edir, Avropa Birliyinə qoşulmaq şansı artır.

Bəs, Ermənistan? "Soyqırım"ı tanıtma cəhdləri dondurulur. Obama aprelin 24-də çıxışında "soyqırım" olduğunu demədi. Rusiya getdikcə, Ermənistanın maraqlarına uyğun olmayan siyasətə meyllənir. (Rusiya unudur ki, Türkiyə NATO-nun üzvüdür, onun strateji tərəfdaşı Türkiyə yox, Ermənistandır.) Mən başa düşə bilmirəm ki, bu vəziyyətdə niyə Yerevan öz əleyhinə oyun oynayır.”

“A1+” televiziyası

Sosioloq Aharon Adibekyan hesab edir ki, Ermənistanla Türkiyə arasında iki protokolun razılaşdırılması barədə xəbərlər yayılandan sonra Ermənistan hakimiyyətinin reytinqi yüksəlib. Onun fikrincə, çoxları sərhədlərin açılmasından sonra ucuz türk malının Ermənistana gələcəyinə ümid edir.

Sosioloq hakimiyyətin beynəlxalq nüfuzunun da yüksək olduğunu deyir: “Bizim hakimiyyətin nüfuzu yüksəkdir ki, ona 2 milyar dollar borc pul veriblər. Ermənistan vətəndaşları bilir ki, Türkiyə ilə addımlar çox ciddidir və bu istiqamətdə atılan addımlarda heç bir səhvin olmaması hakimiyyətin nüfuzunu artırıb.”

“Arminfo” agentliyi
Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan bu gün Yerevanda keçirdiyi mətbuat konfransında deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədləri olan ABŞ, Fransa, Rusiya, eləcə də dünyanın başqa dövlətləri Türkiyənin Ermənistanla sərhədinin açılmasını Qarabağ münaqişəsi ilə əlaqələndirmir. Əgər yalnız Türkiyənin bu istiqamətdə hansısa arzuları varsa, bu, onların öz işləridir.

Nalbanyan bir daha vurğulayıb ki, razılaşdırılan protokolların heç birində Qarabağa hər hansı işarə belə yoxdur.

***

Avropa Erməniləri Federasiyası Türkiyə ilə razılaşdırılan protokolları Ermənistanın təslim olmasının əlaməti hesab edir. Federasiyanın yaydığı bəyanatda deyilir ki, Türkiyə hakimiyyətinin Ermənistanla münasibətlərin normallaşdırılmasına dair ilkin şərtləri beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun deyil. Bu şərtlər Ermənistandan legitimliyini itirmiş köhnə razılaşmaları tanımağı tələb edir.

Bu ilkin şərtlər həm də Ermənistandan erməni s"oyqırımı"nı beynəlxalq səviyyədə tanıtmaq işindən əl çəkməyi, Azərbaycan qarşısında tam məğlubiyyəti qəbul etməyi tələb edir.

Federasiya hesab edir ki, Türkiyəyə iqtisadi cəhətdən zəif olan qonşusu Ermənistanla danışıqlarda öz tarixi milli məsələsini həll etməyə imkan vermək olmaz.


Tert.am internet qəzeti
“Miras” partiyası Ermənistan-Türkiyə protokolunun referenduma çıxarılmasını tələb edir. Partiyanın lideri Armen Martirosyan bildirib ki, onu parlamentdə təsdiq etməyə çıxarmazdan əvvəl referendum keçirib xalqın həmin sənədlərə münasibətini öyrənmək lazımdır.

PanARMENIAN.Net internet qəzeti
Ermənistandakı Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Ruben Mehrabyan hesab edir ki, Türkiyə ilə razılaşdırılan protokollar faktiki olaraq Ermənistan diplomatiyasının məğlubiyyətidir. Ekspertin fikrincə, bu sənədlərdə birbaşa Qarabağdan bəhs edilməsə də, onlar həmin problemə də təsir edəcək:

“Protokolların icrası alqoritmlə nizamlanır. Prosesin gedişində Ermənistan rəhbərliyini divara dirəyib qəbul etmədiyi Madrid prinsiplərinin Krakovda yenilənmiş variantını imzalamağa məcbur edəcəklər.

Ankara “futbol diplomatiyası” deyilən prosesdən geri çəkilsəydi, serj Sarkisyanın da Qarabağ nizamlamasını ləngitməyə formal bir əsası yaranardı. Amma artıq bu kart əldən çıxdı. Manevr imkanları sıfırdır”.

***

Kanadadakı erməni Milli Komitəsi Türkiyə ilə Ermənistan arasında bugünlər elan olunan protokollatrdan narahat olduğunu bildirən bəyanat yayıb. Təşkilat hesab edir ki, həmin sənədlərdə edilən çox ciddi güzəştlər Ermənistanın və hər bir ermənin maraqlarını, hüquqlarını, təhlükəsizliyini və gələcəyini təhlükəyə salır.

***

Amerika Erməni Assambleyası yaydığı xüsusi bəyanatda qeyd edir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasını müdafiə edir. Amma hesab edir ki, bu, yalnız ön şərtlər irəli sürülmədən həyata keçirilməlidir.
XS
SM
MD
LG