Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:29

Novruzəli Məmmədovun ölümünə beynəlxalq reaksiyalar


Novruzəli Məmmədovun baş redaktoru olduğu «Talışi sgdo» qəzeti
Novruzəli Məmmədovun baş redaktoru olduğu «Talışi sgdo» qəzeti
«Mən Novruzəli Məmmədovun ölümünün səbəbini şərh edə bilmərəm. Amma şübhələrə əsas olarsa, əlbəttə məruzəçi kimi araşdıracağam».

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçisi Andres Herkel AzadlıqRadiosuna belə deyib. Məruzəçi uzaqdan-uzağa bu hadisəyə qiymət verməyin çətinliyini də vurğulayıb.

HERKEL: «BU ÖLÜMÜN SƏBƏBİNİ ŞƏRH EDƏ BİLMƏRƏM»
«İndilik mən onun ölümünü şərh edə bilmərəm. Hərçənd bunu deməliyəm ki, Novruzəli Məmmədov artıq yaşlanmış adam idi. Düzdür, bununla bağlı hər cür şübhələr ola bilər. Mənsə fakta söykənməliyəm, nə baş verib, necə olub, müalicə alıb ya yox... İndi bu haqda danışmaq çətindir, mən uzaqdayam. Amma fakt faktlığında qalır ki, bu cür görkəmli alim həbsdə yatırdı. O həbsdəydi, ümumiyyətlə, onu nədə ittiham edirdilər, bu günə kimi mənə aydın deyil».

«NOVRUZƏLİ MƏMMƏDOVUN ÖLÜMÜ ARŞADIRILMALIDIR»
Amma Azərbaycandan xeyli uzaqda olan başqa beynəlxalq qurumlar dünən və bu gün ard-arda bəyanatlar verir və tələb edirlər:

«Tolışi sədo» qəzetinin redaktoru Novruzəli Məmmədovun ölümü araşdırılmalıdır!» Bu məzmunda bəyanatlardan birini mərkəzi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi verib. Komitənin koordinatoru Nina Oqnianova deyir ki, onlar Novruzəli Məmmədovun həbsdə lazımi tibbi müalicə almaması barədə məlumatlardan bərk narahatdırlar. Və hakimiyyət meyitin yarılmasının nəticələri dərhal ictimaiyyətə açıqlamalıdır.

«Biz hakimiyyətə əlimizdən gələn təzyiqi edəcəyik ki, Novruzəli Məmmədovun ölümünün müstəqil və səmərəli istintaqı aparılsın».

Bunu isə Beynəlxalq İşgəncələr Əleyhinə Təşkilatdan Delfin Rekulo AzadlıqRadiosuna deyib. Onun qənaətincə, Məmmədovun həbsdə qənaətbəxş müalicə ala bilməməsi onun səhhətini pisləşdirib və ölümünə səbəb olub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin mətbuat üzrə sözçüsü Mehman Sadıqov isə bu ittihamları qəbul etmir. O radiomuza bildirib ki, Novrvuzəli Məmmədov uyğun müalicə alıb. Onun ölümünün səbəbləri ilə bağlı isə Nizami Rayon Prokurorluğunda hələlik araşdırma aparılır. Ölümün səbəbləri ilə bağlı Məhkəmə Tibbi Ekspertizanın yekun rəyi isə hazır deyil. İlkin rəydə ölümün baş beyin damarlarının kəskin trambozundan baş verdiyi bildirilirdi.

«BƏYƏM BAYIRDAKILAR XƏSTƏLƏNƏNDƏ ÖLMÜRLƏR?»
«Azərbaycan» qəzetinin redaktoru, deputat Bəxtiyar Sadıqov isə bu haqda deyilənlərə belə münasibət bildirir:

«Mən inanmıram ki, kimsə xəstə ola, müraciət edə, onu müalicə etməyələr, ona baxmayalar. Bizim millətin mentaliteti də var. Belə gətirib də, həyatdı. Bəyəm bayırda xəstələnənlər dünyasını dəyişmirlər? Bəyəm bayırdakı xəstələrin hamısı müalicə olunur? Ona görə bu cür iddiaları qəbul etmirəm. Təəssüf edirəm ki, kimsə dünyasını dəyişəndə ayrı-ayrı siyasi qüvvələr bundan siyasi məqsədlər üçün istifadə edirlər. Bax, bu yolverilməzdir».

«AZƏRBAYCAN YENƏ ÖZÜNÜ BİABIR EDİB»
Politoloq Leyla Əliyeva isə bu fikirdədir ki, Novruzəli Məmmədovun həbsdə ölməsi ölkə üçün ikiqat pis haldır və bağışlanmazdır.

«Əvvəla Novruzəli Məmmədov jurnalistiydi, ikincisi, yaşlı adamıydı. Hamı bilirdi ki, o özünü pis hiss edir, onun orda ölməsi humanitar qanunlara ziddir. Bu Azərbaycan üçün ikiqat pisdir. Azərbaycan yenə də özünü biabır edib. Redaktor, yaşlı adam həbsdə ölüb».

«İSLANMIŞIN YAĞIŞDAN NƏ QORXUSU?»
«Həbsdəki ölümlər, qanunsuz həbslər, işgəncələr, zorakılıq Azərbaycanın adını əlbəttə bədnam edir». Bunu da politoloq Zərdüşt Əlizadə deyir.

«Azərbaycan hakimiyyətini maraqlandıran yalnız neft-qaz üzərində nəzarətdir. Azərbaycanın imici onlar üçün nəyi dəyişir? Novruzəli Məmmədova qarşı ittihamnaməni oxuyanda adam xəcalət çəkirdi. O talış xalqını müdafiə etdiyinə görə, ittiham olunurdu. Bu bir qurama idi. Utanmırlar, Azərbaycanın adını bədnam edirlər. Bütün dəftərlərdə ölkənin adı qara siyahıdadır. Amma bunların nə vecinə? İslanmışın yağışdan nə qorxusu?»

68 yaşlı Novruzəli Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda şöbə müdiri olub. O, Talış Mədəniyyət Mərkəzinə də rəhbərlik edib. 2008-ci ildə dövlətə xəyanət, milli, irqi və dini ayrı-seçkiliyi qızışdırmaqda ittiham olunaraq 10 il həbs cəzası alıb. Bu il avqustun 17-də isə Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat edib.
XS
SM
MD
LG