Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:27

Rusiyanın Gürcüstan dərsi


V.Quluzadənin sözlərinə görə, MDB onsuz da yaranandan indiyə qədər heç vaxt işlək quruma çevrilə bilməyib
V.Quluzadənin sözlərinə görə, MDB onsuz da yaranandan indiyə qədər heç vaxt işlək quruma çevrilə bilməyib
«Gürcüstanın MDB-dən çıxması olduqca gözlənilən idi. Çünki Rusiya bu ölkənin ərazisinə qoşun yeridib, iki ərazisində separatçı rejimləri tanıyıb və indi də onlara dəstək verməkdədir».

Bu sözləri «Azadlıq» radiosuna müsahibəsində politoloq Vəfa Quluzadə deyir.

MDB SSRİ-ni NİYƏ ƏVƏZ EDƏ BİLMƏDİ?

V.Quluzadənin sözlərinə görə, MDB onsuz da yaranandan indiyə qədər heç vaxt işlək quruma çevrilə bilməyib:

- MDB Sovetlər Birliyi buraxılanda Rusiya, Ukrayna, bir də Belarusun təşəbbüsü ilə yaradıldı. Görünür, bu dövlətlər düşünürdülər ki, MDB hansısa formada SSRİ-ni əvəz edə, ya da onun yenidən bərpasına yardımçı ola bilər. Ancaq bu röyalar çin olmadı. MBD-yə üzv ölkələrin hamısı müstəqil dövlətlər kimi Qərblə əlaqələr yaratmağa başladılar. Bu dövlətlər sanki Rusiyadan gələ biləcək təhlükəni önləmək üçün quruma üzv oldular. Rusiya MDB-ni işlək, fəal quruma çevirə bilmədi.

«OYUN»SUZ SİYASƏT

Millət vəkili Pənah Hüseyn də deyir ki, Gürcüstanın MDB-dən çıxmasını Rusiyanın Gürcüstan siyasəti diqtə edib:

- Rusiya 2008-ci ilin avqustunda Gürcüstana hərbi müdaxilə etməklə bütün diplomatik münasibətlərə son qoydu. Təbii ki, baş verənlərdən sonra Gürcüstanın Rusiyanın maraqlarına xidmət edən qurumda qalması mümkün deyildi.

Pənah Hüseyn düşünür ki, MDB-dən çıxmaqla Gürcüstan heç nə itirməyəcək. Çünki bu dövlət açıq Qərbpərəst siyasət yürüdür və Rusiya ilə diplomatiya oyunu oynamağa meylli deyil.

CƏNUBİ QAFQAZIN ƏN MÜSTƏQİL ÖLKƏSİ HANSIDIR?

«Gürcüstan iqtidarı MDB-dən çıxmaq qərarı ilə sübut etdi ki, dövlət müstəqilliyi üçün təhlükə yaranan məqamda bu hakimiyyət ən qəti və ən düzgün qərarlar verə bilir».

Bu sözlərin müəllifi isə Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılıdır. O deyir ki, Rusiya MDB-dən qonşu dövlətləri öz təsiri altında saxlamaq üçün istifadə edir və müəyyən mənada buna nail də olur:

- Konkret olaraq Cənubi Qafqazı götürsək, həm Azərbaycanda, həm də Ermənistanda Rusiyanın siyasi dairələrinin mövqeləri ilə razılaşan siyasi hakimiyyətlər formalaşıb. Bu hakimiyyətlərin fəaliyyətləri nəticəsində indi xüsusilə Ermənistan, qismən də Azərbaycan Rusiyanın təsir dairəsindədir. Gürcüstan isə Saakaşvilinin hakimiyyəti dönəmində Rusiyanın maraqlarına zidd olaraq Qərblə çox ciddi tərəfdaşlığa başladı. Bu proses mütləq qaydada Gürcüstanın Rusiyanın maraq dairəsindən çıxmaq meylləri ilə müşayiət olunmalıydı.

RUSİYAYA ADEKVAT CAVAB

MDB Parlamentlərarası Assambleyada Azərbaycanı təmsil edənlərdən biri - deputat Fəzail Ağamalı isə düşünür ki, Gürcüstan MDB-dən çıxmaq qərarı ilə sübut etdi ki, bir alyansda birləşən dövlətlər qarşılıqlı öhdəlikləri pozub bir-birinin ərazisinə müdaxilə edəndə onlara adekvat cavab verməkdə yubanmaq gərək deyil:

- Bu addımı ilə Gürcüstan beynəlxalq hüququn qarşısında sərt məntiq qoydu. Gürcüstan həm də öz müstəqilliyinə sadiq olduğunu sübut etdi, Rusiya dövlətinin əsl mahiyyətini, orada hələ də imperiyapərəst qüvvələrin qaldığını üzə çıxarıb dünya birliyinə çatdırdı.
XS
SM
MD
LG