Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:46

«Rusiya-Gürcüstan müharibəsi Azərbaycan üçün dərs oldu»


Riçard Kirakosya
Ermənistan Milli və Strateji Araşdırmalar Mərkəzinin direktoru, politoloq Riçard Kirakosyan avqust müharibəsindən sonrakı üç əsas inkişafdan danışır:

«Birincisi və ən vacib olanı qüvvələrin birləşməsi və Rusiyanın regiona təsiridir. Hansı ki, daha çox Gürcüstanın strateji səhvinin nəticəsidir. İkincisi, daha konkret nəticə Gürcüstanın qısa müddətdə NATO-ya üzv olmaq niyyətinə son qoyulmasıdır. Bu isə NATO-nun Cənubi Qafqazdakı mövqeyinin zəifləməsi deməkdir. Və üçüncüsü, bunu nəticə yox dərs, xüsusilə də Azərbaycan üçün dərs adlandırmaq olar. Bu bir faktdır ki, ciddi məsələlərin, siyasi münaqişələrin hərbi yolla həlli yoxdur və ola da bilməz. Gürcüstan müharibəsi bunu sübut etdi».

Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin rəhbəri, politoloq Stepan Qriqoryan deyir ki, Rusiya-Gürcüstan müharibəsi birinci növbədə Rusiya-Amerika münaqişəsinin nəticəsidir. Onun fikrincə, Rusiya-Amerika münasibətlərindəki gərginlik yeni münaqişələrə səbəb ola bilər:

«Bu, çox ciddi müharibə idi. Birinci növbədə, Rusiya-Amerika münaqişəsinin nəticəsi idi. Müharibə bu baxımdan, lokal deyil, qlobaldır. Rusiya ilə ABŞ arasında münasibətlər tənzimlənmədiyinə görə gərginlik qalır. Təəssüflər olsun ki, bunun sonuncu olacağını düşünmürəm. Bu gərginliyin digər region və ölkələrə yayılma meyli var».

Bu, ekspertlərin fikirləri idi. Bəs adi vətəndaşlar necə düşünür - müharibə bir ildən sonra hansı izlər buraxıb?

- Onların da itkisi vardı, bizə də xeyri yox idi.

- Çox şey itirdik, çoxlu insan, etibar itirildi, yollar bağlandı.

- Xalq bundan heç nə qazanmır, bu, onlara sərf edir, xalqa yox. Su nə qədər bulanıqdırsa, balıq da tora bir o qədər tez düşür.

- Müharibənin xeyri yoxdur, xalqa yaxşı heç nə vermir.

- Müharibə kim üçün yaxşı olub ki, bizə də olsun. Heç nədən düşmən olduq.

- Müharibədən sonra yaxşı heç nə qalmayıb, ancaq itkilər.

- Bunu ancaq müharibənin nəticələrindən zərər çəkənlər anlaya bilər.

- Düşünürəm ki, vəziyyət və Rusiya-Gürcüstan münasibətləri daha da kəskinləşib. Hesab etmirəm ki, bu, dünyaya ciddi təsir edib, ancaq bizim regionda çətin vəziyyət yaranıb.

Stepan Qriqoryan

Politoloq Stepan Qriqoryan deyir ki, Rusiyanın yürütdüyü impulsiv siyasətin nəticəsində Moskva tezliklə Qafqaza təzyiqini artıracaq və mövqelərini gücləndirəcək. Bu səbəbdən politoloq hərbi əməliyyatların bərpa olunacağını mümkün sayır:

«Təəssüflər olsun ki, 100 faizlik olmasa da, 50-60 faizlik ehtimal var. Bu, eyni tipli və miqyaslı müharibə olmaya bilər. Məsələn, Gürcüstan tərəfdə qalan Cənubi Osetiya ərazilərində lokal xarakterli münaqişələrin ola biləcəyini istisna etmirəm».

Ötən ilki müharibənin bir illiyi ərəfəsində Rusiya, Osetiya və Gürcüstan qüvvələrinin bir-birini atəş açmaqda ittiham etməsi Riçard Kirakosyanı da çox narahat edir:

«Daha çox o narahat edir ki, müharibə rəsmi qərarların nəticəsində deyil, bilməyərəkdən, təsadüfən bərpa oluna bilər. Başqa sözlə, kiçik təxribatlar silsiləsi nəzarətdən çıxa və daha böyük toqquşmalarla, müharibəylə nəticələnə bilər. Real səbəb də o ola bilər ki, Cənubi Osetiya liderləri Rusiyanın vədlərindən qane deyillər və Rusiyanı məsələyə qatmaq üçün yeni insidentlərə təhrik etməyə çalışırlar. Bunu nə Rusiya, nə amerikalılar, nə avropalılar istəyir. Ancaq bu, reallığa çevrilə bilər. Ötən ilki qısamüddətli Gürcüstan müharibəsi müvəqqəti olaraq dayansa da, həll edilməyib».

Söhbət etdiyimiz Yerevan sakinlərinin əksəriyyəti də hərbi əməliyyatların bərpa olunacağını istisna etmir.

- Müharibə olmasa, sülh də olmaz. Əlbəttə, mümkündür. Gecə yatıb səhər oyananda görərsən ki, müharibə başlayıb.

- Yox, mümkün deyil.

- Əlbəttə, mümkündür.

- Əlbəttə, müharibə qorxusu hər zaman var.

- Mənə elə gəlir yox, hər şey öz yerini alır.

- Mümkündür, ancaq ehtimal 50-50-yədir

- İstisna etmirəm, ancaq istərdim onlar nəhayət, özlərinə gəlsin. Kifayətdir.
XS
SM
MD
LG