Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:45

Mətbuat günündə «həbsxana» mükafatı alan jurnalistlər


Fərəməz Allahverdiyev, Sərdar Əlibəyli və Ramiz Tağıyev
Mətbuat günü, iyulun 22-də bir çox jurnalistlərin mükafatlandırıldığı gün Nizami rayon məhkəməsi «Nota» qəzetinin iki əməkdaşı - baş redaktor Sərdar Əlibəyli və əməkdaş Fərəməz Allahverdiyevə 3 ay həbs, Ramiz Tağıyevə isə 6 aylıq islah işləri cəzası kəsib.

Hələ ki, azadlıqdan məhrum olunanlar azadlıqdadırlar. Bu azadlıq Apelyasiya məhkəməsinin qərarına qədər sürə bilər. Əgər Nizami rayon məhkəməsinin qərarı qüvvədə saxlanılsa, onda iki yazar həbsxanaya gedəcək. Hər üç yazarı «Azadlıq Hərəkatçıları» Birliyinin sədri Təhmasib Novruzov məhkəməyə verib. Hərəkat sədri deyir ki, həmin qəzetdə bu ilin yanvarından başlayaraq, onun haqqında təhqir dolu yazılar dərc olunurmuş, hər dəfə buna etiraz etsə də, ona əhəmiyyət verilmirmiş. Sonda məhkəməyə müraciət edib:

«Onlar guya məhkəmədən nəticə çıxarıb təkzib verirlər, amma təkzib əvəzinə yenidən mənə qarşı təhqiramiz ifadələr işlədiblər».

««MƏLİKMƏMMƏD»İN NAĞILINI YAZMALIYAM Kİ, MƏNƏ DƏYMƏSİNLƏR»

Bəs yazarın özü nə deyir? «İndiyə qədər mənimlə bağlı 34 məhkəmə olub. Mən başa düşə bilmirəm, nə yazmalıyam ki, mən nə eləməliyəm «Məlikməmməd»in nağılını yazmalıyam ki, mənə dəyməsinlər».

Fərəməz Allahverdiyev deyir ki, onun Təhmasib Novruzovla konflikti «Əbu Bəkr» məscidində partlayışla bağlı yazıdan sonra başlayıb. Allahverdiyev deyir ki, bir neçə qəzetdə həmin partlayışın arxasında Daxili İşlər Nazirliyinin dayandığı barədə məlumatlara kəskin reaksiya verib. Bundan sonra yazarın sözlərinə görə, Təhmasib Novruzovla onun arasında yazışma başlayıb.

Cənab Allahverdiyev deyir ki, «Nota» qəzetində Təhmasib Novruzovun MTN-lə əməkdaşlıq etdiyinə dair iddia yer alıb. Fərəməz Allahverdiyevin sözlərinə görə, Novruzov hələ 1998-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin «Hürriyyət» qəzetinin təsisçisi Qurban Məmmədova qarşı istintaqında əsas şahidlərdən biri olub. Qəzet Novruzovu MTN-lə siyasətçilər arasında vasitəçilikdə də günahlandırıb.

«Mən yazmışam ki, Təhmasib Novruzov Yunus Oğuzu (Olaylar İA-nın təsisçisi) MTN-in birinci müavini Hilal Əsədovla görüşdürdü. Buna görə mənə 3 ay həbs cəzası veriblər»

Təhmasib Novruzovsa deyir ki, adı çəkilən dövlət rəsmisinin adını o, birinci dəfə həmin qəzetdən oxuyub.

Novruzov məhkəmənin qərarını obyektiv saysa da, qərarla tam razı deyil. Deyir o, əslində Ramiz Tağıyevin də həbs olunmasını istəyirmiş, amma məhkəmə onu islah işlərinə məhkum edib.

Bu məsələ ilə bağlı məhkəmə 7 aydan bəri davam edirmiş. İşə dörd rayon məhkəməsində baxılıb və sonda iş Nizami rayon məhkəməsinə göndərilib və qərarı da bu məhkəmə çıxarıb.

Amma bununla iş bitmir.

JURNALİSTİ HÜQUQ MÜDAFİƏÇİLƏRİ DƏ MƏHKƏMƏYƏ VERİB

Fərəməz Allahverdiyev həm də «Millətim» qəzetinin baş redaktorudur. Bu qəzetdə gedən yazılarla bağlı isə hüquq müdafiəçiləri Çingiz Qənizadə və Elçin Behbudov məhkəməyə müraciət ediblər.

Fərəməz Allahverdiyev hər iki hüquq müdafiəçisini məlumatları gizlətməkdə ittiham edib. Deyir ki, o həbsdə ikən Qənizadə və Behbudov həbsxanaların monitorinqi çərçivəsində onu ziyarət ediblər. Yazar iddia edir ki, həbsxanadakı işgəncə və digər hallarla bağlı ziyarətçilərə məktub verib, amma həmin məlumatlar heç bir yerdə əksini tapmayıb: «Elçin Behbudov təkzib və 100 min manat tələb edir, Çingiz Qənizadə isə təkziblə yanaşı həm də mənim həbs olunmağımı istəyir». Hər iki iddiaya Nərimanov rayon məhkəməsində baxılır.

«FƏRƏMƏZ ALLAHVERDİYEVİN HƏBSİNƏ NAİL OLACAĞAM»

Çingiz Qənizadə deyir ki, «Millətim» qəzetinin yeddi sayında onun haqqında şər, böhtan və təhqir dolu məlumatlar dərc edilib. O bir müddət bu yazılara əhəmiyyət verməyib, amma sonda bütün hədlər aşıldığından o, Fərəməz Allahverdiyevin həbs olunmasını istəyib. Çingiz Qənizadə həm də deyir ki, həbsxanadakı məlumatları ona o yox, Mirzə Sakit verib. Sadəcə onun əlində deyilənlərlə bağlı hər hansı sübut olmadığından o, bu məlumatları yaymayıb. Hüquq müdafiəçisi deyir ki, Fərəməz Allahverdiyev onu həbsxana rəisindən 30 min manat almaqda ittiham edir:

«Yeddi nömrədə mənim haqqımda ağzına gələni yazıb. Məni savadsız, heç qoyun otarmağa yaramayan bir adam olduğumu yazıb. Burda təbii ki, şərəf və ləyaqətdən də söhbət gedir, imicimdən və məni cinayətdə suçlamaqdan da söhbət gedir. Mən Fərəməz kimi insanların adının mətbuatla birgə hallanmasının tərəfdarı deyiləm» - Çingiz Qənizadə Fərəməz Allahverdiyevin həbsinə nail olacağını deyir.

Bu ilin aprelində Mətbuat Şurasının «reket» qəzetlərlə bağlı açıqladığı 71 qəzetin içərisində «Nota» qəzetinin də adı var. Amma Şuraya konkret bu qəzet əməkdaşlarının kimdənsə pul tələb etdikləri barədə heç bir müraciət olmayıb. Ekspertlər hər iki qəzetin peşə etikasını pozduğu qənaətindədir.

Fərəməz Allahverdiyev və Sərdar Əlibəyli əvvəllər də böhtana görə mühakimə olunub və təqsirli biliniblər. 2007-ci ilin yanvarında Fərəməz Allahverdiyev 2 il azadlıqdan məhrum edilib, Sərdar Əlibəyli isə 1 il 6 ay müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Həmin ilin dekabrında Fərəməz Allahverdiyev əfv edilib. Həbsdə olarkən o, aclıq aksiyası keçirmiş və ağzını iynə ilə tikmişdi.

Beynəlxalq təşkilatlar, Azərbaycandan şərəf və ləyaqətin alçaldılması ilə bağlı maddəni Cinayət Məcəlləsindən çıxarmağı və yazıya görə həbslə cəzalandırmamağı tələb edirlər.
XS
SM
MD
LG