Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:37

«Müşfiq çıxsa, öz evimiz olar »


Müşfiq Hüseynov iki il əvvəl məhz iyulun 23-də həbs olunmuşdu – mətbuat günündən bir gün sonra.
Müşfiq Hüseynov iki il əvvəl məhz iyulun 23-də həbs olunmuşdu – mətbuat günündən bir gün sonra.
Saatlıda bir baba yaşayır. Yaşının bu vaxtında iş-güclə çoxdan vidalaşıb, nəvə-nəticəsinə nağıl danışmalıydı. Amma yaşın bu vaxtında o nəvələrinə nağıl danışmaqdansa başqa şeyin hayındadır. İstəyir ki, əsəb xəstəsi nəvəsi Məsud tay-tuşları kimi «top istəyirəm, şirni istəyirəm» deyəndə qızı Arzu qızarmasın, həbsxanadakı atası Müşfiq böyük oğlunu xəbər alanda «narahat olma, müalicəsini alır» deyə bilsinlər.

«QIŞI BAKIDA QOHUM EVİNDƏ, YAYI ATAM EVİNDƏ…»

İki ildir ki, rüşvət almaqda ittiham olunub beş il azadlıqdan məhrum olunan, «Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynovun ailəsinə yayda Maarif baba baxır, qışda qohumları…

Mətbuat günü ərəfəsində Müşfiq Hüseynovun qapısını döyüb, ailəsinin əhvalını soruşmaq istədik. Amma məlum oldu ki, Müşfiqin nə Bakıda, nə də Saatlıda evi var. Həbs olunandan bəri həyat yoldaşı iki uşaqla qışı Bakıda qayınlarının evində qalır, yayı rayona, ata evinə pənah aparır. Bir az da verdiyi əziyyətə görə çəkinir:

«Xəstə uşaqdır, nəsə istəyir, sən də ala bilməyəndə çəkinirsən. İki ildir qohum evində qalıram, iki uşaq, özüm. Əlbəttə çəkinirəm, əlbəttə çətindir. Atam özü də xəstədir, gəliri yox. Günün istisində o işləyir. Mən də oturmuşam yanında ki, uşaq istədiyini alsın, uşağın ürəyində nəsə qalmasın. Xəstə uşaqla dolanmaq çətindir. Əsəbi uşaqdır, nəsə istəsə gərək alaq, onun istədiyi şeyə yox deyə bilmirik…»

Başı övladlarına qarışdığından Arzu Hüseynova həyat yoldaşına sonuncu dəfə martda baş çəkib. O, odla su arasındadır. Bilmir kimin dərdinə yansın. Dörd yaşlı əsəb xəstəsi, vaxtaşırı müalicə almalı oğlunun, yoxsa ağır vərəm xəstəsi ərinin.

«Evin kiçiyi çox balacadır. Böyük də çox xəstədir, başında təzyiq var. Hər həkimə aparanda filan qədər pul gedir. Tək bir dərman otuz manatdır. Bir dərman ola nə var... Balacanın da bağırsağında mikrob tapıblar, bu dəqiqə pul tapmıram ki, analizini verdirim. Dərmanın qiymətini də özünüz bilirsiz, antibiotikin birinin qiyməti 10 manatdır…»

Amma Arzu Hüseynova imkan tapıb beynəlxalq qurumlara və «Bizim yol»a vaxtaşırı edilən yardımlara görə təşəkkür edir.

«HƏR GÖRÜŞDƏ MÜŞFİQİ BAŞQA CÜR GÖRÜRƏM»


«Müşfiqi övladlarının yanında görmək istərdim. İki ildir ki, həbsdə yatır. Mən Müşfiqi görüb gələndən sonra özümü pis hiss edirəm. Bağışlayın, artıq danışa bilməyəcəm…»

Hıçqırığını boğa bilməyən Cavidan Hüseynovdur. Həbsdəki jurnalist Müşfiq Hüseynovun qardaşı oğlu. Jurnalistə həbsxanada ən çox baş çəkən də məhz odur:

«Müşfiqin həbsdə saxlanması həyatı üçün çox təhlükəlidir. Hər görüşdə Müşfiqi başqa cür görürəm. Bir dəfə yaxşı görürəmsə, iki həftə sonra gerilədiyini görürəm. Arıqlayıb, əsəbləri pozulub. Müşfiq ağır vərəm xəstəsidir. Bir də dünəndən kor bağırsağında ağrılar başlayıb. Ürəyində də aritmiya var. Türmə şəraitində müalicə alması çətindir».
Cavidan Hüseynov deyir ki, əmisi əvvəllər də vərəm xəstəsi olub, amma həbsxanaya düşəndən xəstəlik onu üstələyib.

«MÜŞFİQ GÜNAHSIZDIR, NƏ DEYİB PREZİDENTƏ MÜRACİƏT EDİM?..»

İyulun 22-i Azərbaycanda mətbuat günüdür. Bu bayram günündə həbsdəki jurnalistlərin ailələrinin qulağı səsdədir ki, birdən prezident əfv fərmanı verər. Müşfiq Hüseynovun atası prezidentə oğlunun əfvi üçün çoxdan müraciət edib. Arzu Hüseynovanın isə dövlət başçısına müraciət etmək fikri yoxdur. Deyir ki, Müşfiq günahsızdır, nə deyib prezidentə müraciət edim?..

Hüseynovlar ailəsi ədaləti məhkəmə qapılarında axtarmaq qərarına gəlib. Vəkili İsaxan Aşurov deyir ki, Müşfiq Hüseynov ağır xəstəliyinə görə azadlığa buraxıla bilər, yəni cəzasının qalan hissəsini çəkməyə də bilər. Buna həm Cinayət Məcəlləsinin 78-ci, həm də Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsi imkan verir. Amma bu ilin mayında Əzizbəyov rayon məhkəməsi bu istəyə «yox» deyib, iyulun 21-də isə Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

Jurnalistin vaxtilə işlədiyi «Bizim yol» qəzeti isə qərara bugünkü sayında münasibət bildirib. Qəzetə görə, məhkəmənin Müşfiq Hüseynovun özünün və uşaqlarının xəstəliyini nəzərə almaması absurddur.

«Az qala hər gün Azərbaycan məhkəmələri rüşvətxorları, oğruları, dövlət əmlakını talayanları yüngül cəzayla azadlığa buraxır. Müşfiq Hüseynova qarşı bu amansız münasibətsə heç şübhəsiz ki, onun jurnalist olması ilə bağlıdır».

Cavidan Hüseynov isə ailəsinin bu qərardan təəssüfləndiyini deyir:

«Müşfiqin ağır xəstə olduğunu bilə-bilə onu cəzaçəkmə müəssisəsində saxlamaq qanunsuzluqdur. İstərdik ki, məhkəmə ədalətli olsun… Amma neyləyək…»

Müşfiq Hüseynov iki il əvvəl məhz iyulun 23-də həbs olunmuşdu – mətbuat günündən bir gün sonra.

ARZUSUNUN ARZUSU

Onun uzun zamandır yolunu gözlədiyi Arzusunun isə bircə arzusu var: Müşfiq azadlığa buraxılsın.
«O çıxsa öz evimiz olar, uşaqlarının tərbiyəsi ilə məşğul olar. hər şey yaxşı olar. Nə atam evinə gələrəm, nə başqa evə gedərəm…»
XS
SM
MD
LG