Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:34

Hikmət Hacızadə oğlu haqqında...


«ADR bizi birləşdirir!» aksiyasının müəllifi də Adnan Hacızadə idi (Fotoda ortada)
«ADR bizi birləşdirir!» aksiyasının müəllifi də Adnan Hacızadə idi (Fotoda ortada)
Adnan Hacızadə. Dostları onun ictimai fəaliyyətini daha çox belə xarakterizə eləyirlər – «Ol!» Gənclər Hərəkatının həmtəsisçisi, axır vaxtlar fəal gənclərin keçirdiyi etiraz aksiyalarının və internetdə yayımlanan ictimai motivli, satirik videokliplərin ideya müəllifi...

Elə Adnanın həbsiylə bağlı həm Qərb, həm də yerli mətbuatın əsas versiyası budur - Adnan Hacızadə və dostu Emin Milli məşhur «Eşşəklə müsahibə» satirik videosüjetinə görə həbs olunub. Hüquq mühafizə orqanları bu iddianı rədd edir. (Süjetə mətnin sonunda baxa bilərsiz) Bu haqda bir azdan...

... «Adnan «Müsavat» Partiyasının işinə o qədər də qarışmır, partiya işləri ilə maraqlanmır».

Bunu «Azadlıq» Radiosuna həbsdəki gənc fəal Adnan Hacızadənin atası, Müsavat Partiyası Divan üzvü Hikmət Hacızadə danışır:

Dosye
  • Adnan Hikmət oğlu Hacızadə 1983-cü il, iyulun 13-də Bakıda doğulub. Bakı Avropa liseyini bitirib. 2000-ci ildə Qərb Universitetinə daxil olub, bir il sonra ABŞ-ın Riçmond Universitetinə transfer olub, burada siyasətşünaslıq üzrə bakalavr təhsili alıb, 2005-ci ildə Bakıya gəlib, Xəzər Universitetinin hüquqşünaslıq fakültəsində bakalavr dərəcəsi alıb.
- Adnan hesab edir ki, partiya daha çox yaşlı nəsildir, onun öz dairəsi, öz dostları var, onun fikrincə, gənclər öz siyasətlərini, öz davranışlarını özləri müəyyənləşdirməlidirlər.

- Müsavatın mitinqlərinə gedirdi?

- Özü istəyəndə, bəli. Bir vətəndaş kimi. Bizdə elə şey yoxdur ki, mən götürüm aparım. Amma Adnan uşaqlıqdan fəal olub. Məktəb vaxtı təbii ki, elə bir ictimai fəaliyyəti yox idi. Universiteti bitirəndən sonra öz yolunu seçdi.

- Siz 20 ildən çoxdur ki, Müsavat Partiyasındasız, bir dəfə də həbs olunmamısız. Sizcə, Adnanın həbsinin sizinlə bağlılığı varmı?


- Əlbəttə ki, var. Görünür, bəzi insanları mən, mənim ailəm qıcıqlandırır. Mən Adnana dəfələrlə demişdim ki, oğul, ictimai fəaliyyətlə məşğul olursan, ol, amma ehtiyatlı ol!

- Adnan siyasətçidirmi?

- Yox, Adnan ictimai fəaldır. «Eşşək müsahibəsi» siyasətdirmi? Yox! Onun istəyi Azərbaycanda demokratiyanın bərqərar olmasıdır.

ŞƏHƏRDƏ ÜÇ-ÜÇ GƏZƏNLƏR

...Bu ilin mayın 28-də günorta vaxtı şəhərdə üç –üç gəzən ağ köynəkli gənclər gözə dəyir. Onlardan birinin köynəyinə «A», birinə «D», birinə «R» yazılmışdı. «ADR bizi birləşdirir!» aksiyasının müəllifi də Adnan Hacızadə idi. Həmin gün 16 nəfər gənci bir neçə saatlığa həbs elədilər.

Dostlarının dediyinə görə, Adnan aktiv ictimai fəaliyyətə 2003-cü ilin prezident seçkiləri vaxtı başlayıb. Amma internetdəki şərhləri, forumlarda iştirakı ilə.

«Ol!» bloqunun İdarə Heyətinin üzvü Pərvanə Persiani danışır ki, 2005-ci ildə Adnan Hacızadənin Amerikadan qayıdışı Azərbaycanda Parlament seçkiləri ilə eyni dövrə düşür.

Adnan müxalifətin mitinqlərində yenə də sıravi kimi iştirak edir. Həmin dövrdə «Ol!» Gənclər Hərəkatını yaratmaq ideyası müzakirə olunur. 2006 –cı ildə «Ol!» yaranır.

BİR DAHA «EŞŞƏK» HAQDA...

«Ol!» Hərəkatı daha çox öz bloqu, xüsusilə də videosüjetlərinə görə axır vaxtlar daha çox məşhurlaşıb.

İndiyə kimi bloqda «Çünki mən Azərbaycanlıyam!» başlıqlı videoseriyada tənqid hədəfi görüntü xatirinə 400 manatlıq telefon gəzdirən, amma iki manatlıq kontur ala bilməyən, «qıza sataşmaq istəyirsən, get başqa yerdə sataş, bizim məhəllədə yox» düşüncəsiylə yaşayan gənclər idi.

«Eşşəklə müsahibə» demək olar ki, bloqda siyasi hakimiyyətin qərarlarını hədəfə alan, hətta həbsə qədər də xeyli məşhurlaşan birinci videosüjetdir. «Ol!»un süjetləri minlərlə auditoriyası olan email qruplarda, «Facebook» sosial şəbəkəsində, «Youtube»da yerləşdirilir.

Türkiyənin «Hürriyyət» qəzeti 16 iyul tarixli sayında Adnanın həbsi barədə yazır:

«Azərbaycanda büdcə pulu hesabına xaricdən eşşək idxalına etiraz məqsədilə videoklip hazırlayan gənclər həbs olundu».

Birləşmiş Ştatlarda çıxan «Nyu –York Taymz» qəzeti yazısına belə başlıq qoyur: «Eşşək geyimi həbslə nəticələnir».

«Ol!» Hərəkatının üzvü Pərvanə Persianı «Azadlıq» Radiosuna deyir ki, «Eşşəklə müsahibə» süjetində onlar sadəcə, büdcədən 100 min dollardan çox pul ayrılıb Türkiyədən və Almaniyadan bahalı eşşək gətirilməsinə, QHT-lərlə bağlı qanunu dəyişmək cəhdinə münasibət bildirmək istəyiblər.

«CƏNAB EŞŞƏK», yoxsa «CƏNAB PREZİDENT»?

Yerli media yazır ki, Adnanın həbsinə bir səbəb də odur ki, eşşəyə müraciətlə almanca deyilən «cənab esel» sözü «cənab prezident» kimi eşidilib, amma «Ol!»çular bu fikri tamamilə rədd edirlər.

VƏTƏNDAŞ JURNALİSTİKASI?

Media üzrə ekspert Zeynal Məmmədli deyir ki, «Ol!» bloqunun fəaliyyətini «yeni media» – vətəndaş jurnalistikası adlandırmaq olar: «Yeni medianın iki qolu var: 1) peşəkar media vətəndaşların köməyindən istifadə edib, media materiallar hazırlar. 2) vətəndaşlar özləri ictimai fəal olurlar, cəmiyyətdə baş verən hadisələrə münasibət bildirirlər. Adnan Hacızadənin və «Ol!» bloqunun işini ikinci hal kimi xarakterizə etmək olar.

«OL!»UN MALİYYƏ MƏNBƏLƏRİ

«Ol!» hərəkatının üzvü Turqut Qəmbər «Azadlıq» Radiosuna danışır:

- Maliyyə mənbəyiniz nədir?

- Üzvlük haqları vasitəsilə. Təşkilatın 20-30 aktiv üzvü var.

- Sizin «Diplomat» oteldə ayda iki dəfə debatlarınız, ayrı-ayrı görüşləriniz olur, bu tədbirlər necə maliyyələşir?

- Üzvlər bütün tədbirləri öz hesabları hesabına keçirirlər. Öz aramızda pul yığırıq.

- Mühazirələrinizə maraq varmı?

- Biz çalışırıq ki, müxtəlif məsələlərlə bağlı debat imkanı yaradaq, bütün tərəflərə söz verək. Yaxşı halda, bizim debatlara 100-ə qədər dinləyici gəlir. Bunların arasında tələbələr daha çoxdur. Biz müxtəlif sahələrin mütəxəssislərini ictimai əsasla mühazirəçi kimi dəvət edirik.

- İndiyə kimi qrant almısınızmı?

- Bir qrant layihəmiz olub, onu da NED (National Endowment for democracy) təşkilatı maliyyələşdirib, 2007-2008-ci ildə. Bu da insan haqları ilə bağlı layihə idi.

GƏNCLƏRİN MANİFESTİ

«Ol!» Gənclər Hərəkatı öz bloqundakı manifestində özü haqda yazır:

«Ol!» Azərbaycan Gənclər Hərəkatı qeyri-siyasi, ictimai hərəkatdır. «Ol!» Hərəkatının əsas məqsədləri müstəqil, sərbəst, məsuliyyətli gəncliyin formalaşması, gənclərin mədəni, elmi və digər qeyri-maddi tələblərinin təmin edilməsi, onların maariflənməsi və peşəkar cəhətdən özlərini doğrultmasına yardımçı olmaqdır.

Gənclərin ictimai proseslərdə fəal iştirakı həm də vətəndaş cəmiyyətinin formalaşması üçün əsas şərtlərdən biridir».

TARİXCƏ

Adnan Hacızadə, AN Gənclər Şəbəkəsinin həmtəsisçisi Emin Milli ilə birlikdə həbs olunub, barələrində xuliqanlıq ittihamı ilə iki aylıq həbs-qətimkan tədbiri seçilib. Onların dostları deyir ki, gənclər «Livan» restoranında özlərindən başqa beş yoldaş ilə gənclər təşkilatlarının işini müzakirə edirmişlər. Qonşu masadan iki nəfər hücum eləyib, Adnan və Emini döyüb. Sonuncular polisə şikayətə gedəndə polis onların özünü saxlayıb. Amma Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məlumatına görə, Emin Milli, Adnan Hacızadə və yoldaşları restoranda nalayiq ifadələr işlədiblər, qonşu masadan iki nəfər onları sakitləşdirmək istəyəndə Emin və Adnan həmin iki nəfəri döyüblər. Nazirlik və prokurorluq Emin və Adnanı müdafiə edən, onların ictimai fəaliyyətinə görə tutulduğunu deyən Qərb səfirliklərinə müraciət edib ki, məsələni siyasiləşdirməsinlər.

Adnan və Eminin həbsinin səbəb ehtimalı
Gözlə

No media source currently available

0:00 0:05:15 0:00
Direct-ə keçid

XS
SM
MD
LG